PDF Oxu

Sosial

  • 14

Bakı möhtəşəm layihə ərəfəsindədir

Bakı möhtəşəm layihə ərəfəsindədir

"Eurovision - 2012" Mahnı Müsabiqəsinin keçirilməsinə artıq bir neçə ay qalıb. Dünyanın diqqətini çəkən Azərbaycan haqqında olan təsəvvürlərin gerçəkləşməsində bu müsabiqənin müstəsna rolu var. Bu hadisə ilə bağlı ölkənin, demək olar ki, bütün sahələrində lazımi səviyyədə işlər sürətlə görülməkdədir. Ən əsası isə artıq "Eurovision - 2012" Mahnı Müsabiqəsinin keçirəcəyi Bakı Kristal Arenanın tiktintisi də sürətlənib.

Azərbaycanda görülən işlər, həyata keçirilən tədbirlər dünya ölkələri tərəfindən birmənalı qarşılanır."Eurovision.tv" saytında "Bir həftə Bakıda" başlıqlı fotoreportajın yerləşdirilməsi də bu qəbildəndir. Fotoreportajda Azərbaycanın paytaxtı Bakıda son bir həftə ərzində keçirilmiş mədəniyyət və incəsənət tədbirlərindən söhbət açılır.

Fotoreportajda, eləcə də, "Eurovision-2012" Mahnı Müsabiqəsinə ev sahibliyi edəcək Bakıda belə tədbirlərin mütəmadi olaraq keçirildiyi diqqətə çatdırılmışdır. Materialda ölkəmizin Yeni ili necə qarşılaması, muğam konserti, İçərişəhər, həmçinin, Bakının müxtəlif görüntüləri, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələrinin təşkil etdiyi "Eurovision-2012"yə həsr olunmuş rəsm sərgisinin və digər mədəni tədbirlərin fotoşəkilləri də yerləşdirilmişdir.

Bu gün Bakı bu möhtəşəm layihə - müsabiqənin təşkili ərəfəsindədir. Dünya ölkələrinin nümayəndələrinin ölkəmizə səfəri diqqətdədir. Artıq "Eurovision-2012" Mahnı Müsabiqəsində 43 ölkə iştirak edəcəyi elan olunub. Belə ki, Bakıda keçiriləcək 57-ci Eurovision Mahnı Müsabiqəsində iştirak etmək üçün 43 ölkə müraciət edib. Bunların sırasında müsabiqəyə ötən il qayıtmış İtaliya, Macarıstan, Avstriya da var. Həmçinin, "Eurovision-2012" Mahnı Müsabiqəsində son 3 ildə iştirak etməyən Çernoqoriya da builki yarışmaya qatılıb. Bununla da "Eurovision-2012" Mahnı Müsabiqəsində iştirak edən ölkələrin sayı 2008 və 2011-ci illlərdəki rekordu təkrarlayıb.

"Eurovision-2012" Mahnı Müsabiqəsinin Baş prodüseri Yan Ola Sand bu göstəricidən məmnun qalaraq bildirib ki, 2012-ci ildə müsabiqədə yenidən 40-dan artıq ölkənin iştirak etməsi nailiyyətdir. Bu ölkələr may ayında Azərbaycanı və onun xalqını daha yaxından tanımaq və əlbəttə ki, dünyanın ən möhtəşəm şousunun bir hissəsi olmaq üçün Bakıda toplaşacaq. Bu ölkələr sırasında Albaniya, Ermənistan, Avstriya, Azərbaycan, Belarus, Belçika, Bolqarıstan, Danimarka, Fransa, Makedoniya, Almaniya, Yunanıstan, İtaliya, Norveç, İspaniya, İsveçrə, Türkiyə. Böyük Britaniya və digər dövlətlərin adı açıqlanıb. Xatırladım ki, Polşanın ictimai yayımçısı TVP Avropanın bu məşhur televiziya şousuna bu il qatılmayacağına qərar verib. Polşanın builki müsabiqəyə qatılmaması 2012-ci il futbol üzrə Avropa çempionatına ev sahibliyi etməsi ilə bağlı təşkilatçı yayımçı TVP-nin işinin gərginliyi ilə əlaqədardır.

Belə bir müsabiqəyə ev sahibliyi edən Bakıda ilə bağlı bu gün təntənəli mərasim keçiriləcək. Bu gün "Buta Palace"da müsabiqənin açar təqdimetmə Mərasimi, müsabiqədə təmsil olunan ölkələrin yarımfinal mərhələləri üzrə püşkatması və"Eurovision-2012"nin loqo və şüarının prezentasiyası olacaq. Müsabiqənin əsas mərasimlərindən olan bu mərasimdə "Eurovision-2011"ə ev sahibliyi etmiş Düsseldorf şəhərinin meri Dirk Elsbers "Eurovision" müsabiqəsinin rəmzi açarını Bakı şəhərinin meri Hacıbala Abutalıbova təqdim edəcək. Bununla da Bakı "Eurovision 2012"yə ev sahibliyini rəsmən qəbul edəcək."Buta Palace"da keçiriləcək Açar Təqdimetmə mərasimindən sonra "Eurovision-2012"də yarımfinallarda iştirak edəcək 37 ölkə arasında püşkatma olacaq. Həmçinin"Böyük beşliyin" (Fransa, Almaniya, İtaliya, İspaniya, Böyük Britaniya) və keçənilki müsabiqənin qalibi olan Azərbaycanın hansı yarımfinalda yarışacağı da müəyyən olunacaq. Yarımfinal mərhələlərində iştirak edən ölkələrin "Eurovision-2012"də çıxış ardıcıllığı isə mart ayında nümayəndə heyətləri rəhbərlərinin görüşü zamanı keçiriləcək püşkatma nəticəsində bəlli olacaq. Tədbirin vacib məqamlarından biri isə "Eurovision-2012"nin konsepsiyasının təqdimatı olacaq. Möhtəşəm "Eurovision" axşamında Azərbaycanın ev sahibliyi edəcəyi müsabiqənin loqo və şüarı açıqlanacaq.

2004-cü ildən etibarən"Eurovision"a ev sahibliyi edən ölkənin bayrağı əks olunmuş ürək şəkilli loqosu var. Buna baxmayaraq, hər il ev sahibi olan ölkə həmin loqoya dəstək olaraq öz loqosunu, başqa sözlə, müsabiqənin konsepsiyasının bədii təsvirini təqdim edir.

"Eurovision-2012"nin ilk təntənəli tədbirində Avropa Yayımları Birliyinin nümayəndələri iştirak edəcəklər.

ZÜMRÜD

Digər xəbərlər