Dünən BMM-də Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası 2011-ci ilin yekunlarına dair hesabat konfransını keçirib. Tədbirdə şuranın sədri Azay Quliyev ötən hesabat dövrünün QHT-lər üçün uğurlu olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb və qeyd edib ki, 2011-ci ildə şuranın müxtəlif vaxtlarda keçirdiyi 4 maliyyə yardımı müsabiqəsində 350-dən artıq QHT layihəsi dəstəklənib. Eyni zamanda, layihələrin maliyyələşdirilməsinə ayrılan vəsaitin ümumi həcmi 2 milyon 102 min manat olub: "Burada QHT-lər onları narahat edən ictimai, sosial və mədəni problemlər üzrə öz layihələrini təqdim ediblər. Orta icra müddəti 3-4 ay olan bu layihələr cəmiyyətdə demokratik proseslərin daha da dərinləşməsi, qaçqın və məcburi köçkünlərin, əhalinin aztəminatlı təbəqəsinin sosial ehtiyatlarının ödənilməsi, təhsil, səhiyyə, mədəniyyət məsələləri ilə bağlı problemlərin həlli və ictimailəşdirilməsi üçün faydalı olub".
A.Quliyev onu da əlavə edib ki, 2011-ci il "Turizm ili" elan edildiyindən, bu sahəni əhatə edən təşəbbüslərə ictimai dəstək QHT fəaliyyətinin mühüm istiqamətlərindən birini təşkil edib: "Müasir turizm sənayesinin inkişafına yardım məsələlərini ehtiva edən 28 QHT layihəsinə şura tərəfindən 110 min manat vəsait ayrılıb. Korrupsiya ilə mübarizə ilə bağlı şuranın xüsusi olaraq elan etdiyi müsabiqə nəticəsində 11 QHT-nin layihəsi dəstəklənib və onlara 50 min manat vəsait ayrılıb".
A.Quliyev qeyd edib ki, QHT-lər ABŞ-da və Avropanın müxtəlif bölgələrində Azərbaycanla bağlı təbliğat işinə ciddi töhfələr veriblər: "Avropa dillərində yeni informasiya saytları yaradılıb, kitab və büroşurlar nəşr edilərək yayılıb, konfranslar və sərgilər keçirilib".
R.RƏSULOV