Dünən Yeni Azərbaycan Partiyası Zəngilan rayon təşkilatının VII konfransı keçirilib. Konfransın gündəliyi təsdiq olunduqdan sonra YAP Zəngilan rayon təşkilatının sədri Əsəd Hüseynov hesabat məruzəsi ilə çıxış edib. Ə.Hüseynovun hesabat məruzəsində təşkilatın əvvəlki konfransdan keçən dövr ərzindəki fəaliyyəti ətraflı təhlil edilib, təşkilat üzvlərinin rayonun ictimai-siyasi həyatındakı fəal mövqeyindən bəhs olunub, qarşıda duran vəzifələrə toxunulub.
Ə.Hüseynov onu da vurğulayıb ki, dövlət müstəqilliyinin bərpasının 20 illiyini böyük təntənələrlə qeyd etdiyimiz müstəqil Azərbaycanın memarı və qurucusu, Ümummilli Liderimiz Heydər Əliyevin rəhbərliyi ilə 19 il bundan əvvəl yaradılmış YAP şərəfli yol keçib, milli ideyalara sadiqliyini daim sübuta yetirib. Ulu Öndər Heydər Əliyevin ideyaları, Onun zəngin siyasi irsi, inkişaf konsepsiyası dönməz və əbədi olan müstəqilliyimizin yollarını daim işıqlandırır. Rayon təşkilatının sədri bildirib ki, zəngin həyat yolu keçmiş, regionda ən monolit və ən mütərəqqi partiya olan Yeni Azərbaycan Partiyası özünü ölkənin siyasi taleyində həlledici qüdrətə malik olan siyasi qüvvə kimi təsdiqləyib: "Tariximizin arxada qalan illərinin hər ayında, hər günündə bu partiyanın nəfəsi duyulur, əhəmiyyətli təsiri hiss olunur. Yeni Azərbaycan Partiyası - cəmiyyətimizdə sülh, əmin-amanlıq və demokratiya, Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi, ərazi bütövlüyünün bərpası, hüquqi-demokratik dövlətin yaranması, ictimai həmrəylik, sabit və sosial istiqamətli iqtisadiyyat yaratmaq, geniş demokratik islahatların həyata keçirilməsi uğrunda çıxış etmək kimi qarşısına məqsədlər qoyub. Dövlətçiliyimizin təşəkkülü, milli müstəqilliyimizin möhkəmləndirilməsi, sosial-iqtisadi və demokratik islahatların aparılması yolunda mövcud uğurlar, birmənalı demək olar ki, Yeni Azərbaycan Partiyasının bəhrəsidir."
Tədbirdə rayon təşkilatının nəzarət-təftiş qrupunun sədri Hidayət Həsənov da hesabatla çıxış edib.
Konfransda YAP Zəngilan rayon təşkilatının qadınlar şurasının sədri Almaz Osmanova, rayon təşkilatının gənclər birliyinin sədri Şənlik Əliyev, partiya fəallarından Həsən Ələkbərov, Ənvər Məmmədov, rayon ağsaqqallar şurasının sədri Xuduş İskəndərov çıxış edərək, YAP-ın ölkəmizdəki ictimai-siyasi rolunu yüksək dəyərləndiriblər. Çıxışlarda Azərbaycan dövlətinin məcburi köçkünlərə xüsusi diqqət və qayğı göstərdiyi vurğulanıb, təşkilatın hesabat dövrü ərzindəki fəaliyyətini qənaətbəxş qiymətləndiriblər.
Konfransın işində Zəngilan rayon icra hakimiyyətinin başçısı Ramiz Həsənov çıxış edərək, partiyanın rayon təşkilatının fəaliyyətini yüksək qiymətləndirib. R.Həsənov Azərbaycanın sürətlə inkişaf etdiyini vurğulayaraq, ölkə Prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində böyük uğurların qazanıldığını bildirib. Eyni zamanda, rayon rəhbəri qaçqın və məcburi köçkünlərə göstərilən dövlət qayğısından danışıb və bu qayğının davamlı olduğunu vurğulayıb.
Konfransda çıxış edən YAP İcra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı rayon təşkilatının fəaliyyətinə uğurlar arzulayıb. M.Qurbanlı YAP-ın yaranma tarixindən və ötən dövrdə partiyanın əldə etdiyi böyük nailiyyətlərdən bəhs edərək bildirib ki, partiyanın yaranması, həqiqətən də, çətin və ağır dövrlərə təsadüf edirdi: "Məhz həmin illərdə Ulu Öndər Heydər Əliyev Azərbaycanı və xalqımızı çətin problemlərdən xilas etdi. Bütün bu uğurların təməli Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş və hazırda bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir".
M.Qurbanlı 560 min üzvü olan partiyanın ölkənin ən güclü siyasi qüvvəsi olduğunu vurğulayıb. O, həmçinin, təşkilat üzvlərinə qarşıda duran vəzifələrlə bağlı tövsiyələrini də verib. Gələn il Azərbaycanda prezident seçkilərinin keçiriləcəyini deyən YAP İcra katibinin müavini bu seçkilərdə YAP-ın namizədinin cənab İlham Əliyev olacağını deyib.
M.Qurbanlı dövlətimizin məcburi köçkünlərin sosial problemlərinin həllini daim diqqət mərkəzində saxladığını da vurğulayıb: "Prezident İlham Əliyev hələ 2003-cü ildə seçki kampaniyası zamanı Azərbaycanda çadır şəhərciklərinin ləğv olunacağını bəyan etmişdi. O, vədinə əməl etdi və bu gün müasir qəsəbələr istifadəyə verilib. Hazırda münaqişənin həlli istiqamətində danışıqlar gedir. Azərbaycan tərəfi işğalçı Ermənistanı taqətdən salmaq siyasətini davam etdirir. Bu gün Ermənistan dərin böhran içərisindədir və ona dəstək verənlər təcavüzkarı sona qədər yedəyində apara bilməyəcək".
Konfransda, həmçinin, təşkilati məsələlərə də baxılıb. Əsəd Hüseynov yekdilliklə yenidən YAP Zəngilan rayon təşkilatının sədri seçilib. Həmçinin, təşkilatın 30 nəfər şura, 15 nəfər idarə heyəti və 5 nəfər nəzarət-təftiş qrupunun üzvləri də müəyyənləşib. Konfransda, eyni zamanda, qətnamə səsləndirilib.
Tədbirdə YAP sıralarına yeni qəbul olunmuş gənclərə partiya vəsiqələri təqdim olunub.
Sonda konfrans iştirakçıları adından Yeni Azərbaycan Partiyasının Sədri, ölkə Prezidenti İlham Əliyevə müraciət qəbul olunub.
RƏFİQƏ HÜSEYNOVA