PDF Oxu

Sosial

  • 4

Dünya azərbaycanlıları 20 Yanvar şəhidlərinin xatirəsini yad edib

Dünya azərbaycanlıları 20 Yanvar şəhidlərinin xatirəsini yad edib

Dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız 20 Yanvar Ümumxalq Hüzn Gününü faciə qurbanlarının xatirəsini yad etməklə qeyd edib. Diasporla İş üzrə Dövlət Komitəsindən "Səs" qəzetinə verilən məlumata görə, Rusiya Federasiyasının Moskva, Sankt-Peterburq, Yekaterinburq və digər şəhərlərində Ümumrusiya Azərbaycan Konqresi, Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatı və digər Azərbaycan təşkilatlarının iştirakı ilə keçirilən konfrans, dəyirmi masa və seminarlarda Azərbaycan tarixinə faciə ilə yanaşı, həmçinin, qəhrəmanlıq salnaməsi kimi həkk olunmuş 22 il əvvəl baş vermiş hadisələr təhlil olunub. Murmanskda Azərbaycan tələbələri, Ümumrusiya Azərbaycan Konqresinin regional şöbəsinin və Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının (RAGT) fəalları tərəfindən 20 Yanvar faciəsinə həsr olunmuş elmi-praktik konfrans keçirilib. Tədbir çərçivəsində film nümayiş etdirilərək və fotosərgi təşkil edilib.

20 Yanvar faciəsinin 22-ci ildönümünə həsr olunmuş tədbirlər Ukrayna, Belarus və Moldovada da keçirilib.

Avropanın ayrı-ayrı ölkələrində yaşayan soydaşlarımız da 20 Yanvar faciəsi qurbanlarının xatirəsini yad ediblər. Almaniyanın Berlin, Maqdeburq, Drezden şəhərlərində fəaliyyət göstərən Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzi (AAKM), Azərbaycan Evi, "Xəzər" Hannover cəmiyyəti, "Alm.Az" cəmiyyəti tərəfindən keçirilmiş tədbirlərdə şəhidlərin ruhu anılıb, 20 Yanvar hadisələrinin Azərbaycan tarixindəki yeri və rolu ətrafında yerli ictimaiyyətə, eləcə də, digər millətlərin diasporlarının nümayəndələrinə ətraflı məlumat verilibdir. Maqdeburq şəhərində "Demokratiya yolları" adlı tədbirdə Saksen-Anhalt vilayəti üzrə Alman-Azərbaycan Mədəniyyət Cəmiyyətinin sədri Yaşar Niftəliyev, Hannover şəhərində fəaliyyət göstərən Xəzər Cəmiyyətinin sədri Etibar Qəniyev 20 Yanvar faciəsinə dair toplaşanlara ətraflı məlumat veriblər. Tədbirin sonunda Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzinin təqdim etdiyi 20 Yanvar faciəsinə dair sənədli film nümayiş etdirilibdir.

Almaniyanın Drezden şəhərində "Alm.az" cəmiyyətinin təşkilatçılığı ilə baş tutmuş tədbirdə cəmiyyətin sədri Ağahüseyn Babayev toplaşanlara keçmiş SSRİ rəhbərliyi tərəfindən Azərbaycan xalqına qarşı törədilən görünməmiş terror aktı barədə məlumat verib, daha sonra "Azadlığa aparan yollar" sənədli filmi nümayiş etdirilibdir. Tədbirdə soydaşlarımızla yanaşı, alman ictimaiyyətinin, o cümlədən, Saksoniya parlamentinin nümayəndələri, Drezdendə fəaliyyət göstərən konsulluqların, eləcə də, rus, yəhudi, ukrayna, qazax icmalarının təmsilçiləri də iştirak ediblər. 20 Yanvar hadisələrinin 22-ci ildönümü ilə bağlı tədbirlər Almaniyanın Kassel, Marburq, Höttingen şəhərlərində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları tərəfindən də təşkil olunub.

İsveç Krallığında fəaliyyət göstərən "Durna" dərnəyi, Azərbaycan Federasiyası İsveç, "Xəzər" Azərbaycan-İsveç Dostluq Cəmiyyəti tərəfindən müvafiq olaraq Stokholm, Göteborq, Malmö şəhərlərində 20 Yanvar şəhidlərinin ruhu yad edilib, sovet hərb maşınının Azərbaycan xalqına qarşı törətdiyi misli görünməmiş cinayəti barədə məlumat verilib, foto və video materiallar nümayiş etdirilibdir.

20 Yanvar faciəsinin 22-ci ildönümünə həsr olunmuş tədbirlər Fransa, Danimarka, Niderland, İtaliya, Böyük Britaniyada da keçirilib. Norveç Krallığında Norveç Azərbaycanlıları Gənclər Təşkilatı tərəfindən "20 Yanvar - Qan Yaddaşımız" adlı konfrans, Finlandiyada "Azəri-Fin" Dostluq Cəmiyyəti tərəfindən "Qara Yanvar" adlı ədəbi-bədii kompozisiya nümayiş etdirilibdir.

20 Yanvar Ümumxalq Hüzn Günü Gürcüstan, Qazaxıstan, Özbəkistan və Qırğızıstanda yaşayan azərbaycanlılar tərəfindən də qeyd olunubdur. Türkiyənin Ankara, İstanbul, İzmir, Kocaeli, Balıkesir, Adana, Antalya, Edirne və digər şəhərlərində 20 Yanvar hadisələrinə həsr olunmuş konfrans və dəyirmi masalar keçirilib, fotosərgilər təşkil edilibdir. Birləşmiş Ərəb Əmirliklərində fəaliyyət göstərən "Azərbaycan" Cəmiyyətinin sədri Samir İmanov Dubay Əmirliyinin hökumət nümayəndələri ilə görüşərək onlara 20 Yanvar faciəsi barədə ətraflı məlumat, həmçinin, kitab və jurnallar təqdim edib. Misir Ərəb Respublikasında ölkə ictimaiyyətinə, həmin ölkələrdə məskunlaşmış digər millətlərin diaspor nümayəndələrinə 20 Yanvar faciəsi barədə məlumat verilib. Küveytdə "20 Yanvar Şəhidləri" adlı foto-sərgi təşkil olunub. ABŞ-da fəaliyyət göstərən Hyuston-Bakı Qardaşlaşmış Şəhərlər Assosiasiyası 20 Yanvar faciəsi barədə yerli ictimaiyyəti məlumatlandırmaq məqsədi ilə tədbir keçiribdir. ABŞ azərbaycanlıları şəbəkəsi 20 Yanvar hadisələrinin 22-ci ildönümü ilə bağlı yeni kampaniyaya - məktub göndərmə kampaniyasına start veribdir. ABŞ-ın rəsmi şəxslərinə ünvanlanan məktublarda deyilir ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet qoşunlarının Bakıya hücumu nəticəsində 170 dinc sakin qətlə yetirilib, 321 nəfər itkin düşüb, 700-dən çox adam yaralanıb, yüzlərlə insan həbs edilib.

Kanadada fəaliyyət göstərən Alberta-Azərbaycan Mədəniyyət Mərkəzi və Kanada-Azərbaycan Təşkilatlar Assambleyasına daxil olan təşkilatlar tərəfindən müvafiq olaraq ölkənin Kalqari və Ottava şəhərlərində 20 Yanvar faciəsi qurbanlarının xatirəsi yad edilibdir. Latın Amerikasındakı Azərbaycan Assosiasiyası Azərbaycanın Meksikadakı səfirliyi ilə birlikdə 20 Yanvar şəhidlərinin xatirəsini yad etmək məqsədilə anım mərasimi keçiriblər.

Avstraliyada fəaliyyət göstərən Avstraliya Dostluq Cəmiyyəti 20 Yanvar hadisələrinin 22-ci ildönümünə həsr olunmuş konfrans keçirərək, ictimaiyyətə sovet hərb maşınının Azərbaycan xalqına qarşı xüsusi amansızlıqla törətdiyi terror aktı barədə məlumat veribdir. Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların 20 Yanvar hadisələrinin 22-ci ildönümünə və şəhidlərimizin xatirəsinə həsr olunmuş tədbirləri yanvar ayının sonunadək davam edəcəkdir.


ZÜMRÜD

Digər xəbərlər