PDF Oxu

Sosial

  • 11

“Azərbaycan-Türkiyə münasibətlərini dəyişməyə heç bir qüvvənin gücü çatmaz”

“Azərbaycan-Türkiyə münasibətlərini dəyişməyə heç bir qüvvənin gücü çatmaz”

Son zamanlar Fransa Senatında məlum antidemokratik qanunun qəbul edilməsi ən çox müzakirə edilən məsələlərdəndir. Təəssüf ki, qardaş Türkiyənin bir sıra mətbuat orqanları, yazarları Azərbaycana qarşı qeyri-obyektiv və qərəzli münasibət sərgiləyirlər, Azərbaycan dövlətinin, ictimaiyyətinin gördüyü işləri qulaq ardına vuraraq ambisioz tələblər irəli sürürlər. Üstəlik, Azərbaycanda da məsələni qızışdıran, bundan dividend əldə etməyə çalışanlar az deyil. SİA-nın verdiyi məlumata görə, ekspertlər hesab edirlər ki, AXCP-nin, bu partiyanın nəzarətində olan "Azadlıq" qəzetinin mövqeyi iki qardaş xalq arasında narazılıq və ziddiyyət yaratmağa xidmət edir.

Məsələyə münasibət bildirən Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayevin fikrincə, "açıq-aşkar görünür ki, "Azadlıq" qəzeti başda olmaqla, bəzi mətbuat orqanları millətçilik və vətənpərvərlik pərdəsi altında düşmənçiliklə məşğuldular. Bunun mənbəyində isə həmin təbəqənin illərdir Azərbaycan siyasətində nümayiş etdirdiyi uğursuzluq, qisas və nəyin bahasına olursa-olsun, fürsətdən öz xeyrinə istifadə etmək niyyəti dayanır.

E.Musayevin fikrincə, bu insanlar illərdir milli birlik anlayışını, siyasətin yazılmamış oyun qaydalarını lazım olanda da, olmayanda da görməzliyə vurdular: "Fikir verin, son manşetlərə diqqət yetirin. Həmin mətbuat orqanları iqtidar haqqında daha çox yazı verib, yoxsa Sarkozi və Senat haqqında? Antidemokratik qanun layihəsi daha çox hədəfə alınıb, yoxsa bu hakimiyyət? İnanın mənə, heç Türkiyənin özündə belə "Yeni Şəfəq" adlı qəzet geniş oxucu auditoriyasına tanış deyil. Bu qəzeti tanıyan yoxdur. Son bir neçə gündəki məhşurluqlarını da sadəcə "sapı özümüzdən olan baltalar"a borcludurlar.

Əslində, bunun əksini gözləmək məncə, sadəlövhlük olardı. Çünki hər kəs öz xislətinə uyğun hərəkət edir. Amma məsələnin mahiyyətində iki qardaş dövlətin münasibələrinin dayandığını da unutmamaq lazımdır. Əvvəla, Türkiyə-Azərbaycan münasibətlərinin korlanmasında maraqlı qüvvələr hər zaman olub və olacaq da. Bu arzunu reallaşdırmaq istəyənlər çox böyük bir şəbəkədir. Şübhəsiz ki, çox yüksək şəkildə təşkilatlanmış formada da fəaliyyət göstərirlər.

İkincisi, Fransa Senatının qəbul etdiyi antitürk qanunu ilə bağlı Azərbaycanın nümayiş etdirdiyi mövqe tənqid yox, tam əksinə təqdir olunmalıdır. Hələ qanun layihəsi Fransa Senatının aşağı palatasında təsdiq olunanda Prezident Admnistrasiyasının şöbə müdirləri Əli Həsənov, Novruz Məmmədov bütünlükdə türk dünyasına ünvanlanan bu addımla bağlı çox sərt şəkildə açıqlama verdilər. Milli Məclis rəsmi bəyanat imzaladı, millət vəkillərinin kəskin çıxışları oldu. Vətəndaş cəmiyyətinin bütün sektorları öz qəti mövqelərini ortaya qoydular. Hətta Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri belə, hadisə ilə bağlı qəti şəkildə etiraz nümayiş etdirdi. Eynilə yanvarın 23-də Senatın qərarı Azərbaycanın bütün aidiyyəti rəsmi instansiyaları tərəfindən tənqid olundu, ictimaiyyətimiz bu məsələyə kəskin münasibət bildirdi.

Bütün bunlar açıq dəstək deyilmi? Başqa edilməsi gərəkən nə var idi ki, Azərbaycan etmədi? Onda biz də 20 Yanvar faciəsi ilə paralel eyni vaxtda "Hepimiz ermeniyiz, hepimiz Hrantız" şüarları ilə Türkiyədə meydanlara axışan insanların milli məsuliyyət yükünü tamamilə Ərdoğan iqtidarının üstünə yıxaqmı? Bunu Azərbaycana qarşı təxribat kimi gündəmə çıxardaqmı? Azərbaycan faciələrinə dəstək əvəzinə dost ölkə vətəndaşlarının göstərdikləri nümunəni bütün Türkiyə Cümhuriyyətinin adına yazaqmı? Tam əminliklə deyirəm ki, bu gün o aksiyanı keçirənlər, Azərbaycan hakimiyyətini tənqid edən Türkiyə qəzetləri və yazarları, Azərbaycanda "Azadlıq" qəzeti kimi onların səsinə səs verənlər bir antitürk, antiazərbaycan mərkəzdən idarə olunurlar. Əsas məqsəd də Azərbaycanla Türkiyə arasında qardaşlıq münasibətlərini zəiflətmək, Ermənistanla Türkiyə arasında sərhədlərin açılması məsələsini yenidən gündəmə gətirmək və s.-dir

Bir həqiqəti də unutmamaq lazımdır ki, Azərbaycanın onsuz da Ermənistanla Qarabağ boyda problemi mövcuddur. Eyni problem Türkiyənin bu gün üzləşdiyi yalançı iftira və iddiaların olduğu dövrdə də, olmadığı dövrdə də var. Yəni Ermənistan və onun havadarları bütün hallarda Azərbaycanın düşmənləri olaraq qalmaqdadırlar. Əgər bu gün hədəf olan tərəf qardaş Türkiyə və ümumiyyətlə, türk dünyasıdırsa, deməli, Azərbaycan-Türkiyə münasibətləri əsla dəyişə bilməz və bunu dəyişdirməyə də heç kimin gücü çatmaz".

Digər xəbərlər