Dünən Daşkəsən rayonunun inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin hesabat yığıncağı keçirilib. Rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə rəhbərlərinin iştirak etdiyi yığıncaqda çıxış edən Daşkəsən rayon inzibati ərazi dairəsi üzrə nümayəndəsi Nüsrət Vəliyev hesabat məruzəsi ilə çıxış edib. N.Vəliyev ötən bir ildə Daşkəsən rayonunda geniş abadlıq-quruculuq işlərinin həyata keçirildiyini bildirib: "Rayonda son bir il ərzində sürətli abadlıq-quruculuq işləri aparılıb. Mürəkkəb iqlim şəraitinə malik olan rayonda sel sularının ötürücüləri əsaslı təmir edilmiş, İ.Qayıbov küçəsindəki 45 saylı binanın baş hissəsində olan sel sularının ötürücüsü yenidənqurma işləri nəticəsində öz həllini tapmışdır. Daşkəsən şəhəri ilə 5 kəndi birləşdirən yolun kənarında 450 m uzunluğunda aparılan sel suları üçün küvyettin tikintisi başa çatdırılmış, İ.Qayıbov küçəsindəki "Yeni həyat" xeyir-şər evi, rayonun şəhidlər bulağı, Bayraq Meydanı kompleksi istifadəyə verilmiş, rayon ərazisində 19 570 kv.m sahəyə asfalt örtüyünün salınmış, Ulu Öndər Heydər Əliyevin adını daşıyan parkda, Şəhidlər Xiyabanında, Böyük Vətən müharibəsində həlak olmuş insanların xatirəsinə ucaldılmış abidə kompleksində nümunəvi səliqə-səhman yaradılmış, 17 ədəd çoxmərtəbəli binanın dam örtüyü təzələnmişdir".
Hesabat məruzəsi ətrafında çıxış edən "Daşkəsən Filizsaflaşdırma" ASC-nin departament meneceri Nadir Quliyev, 5 saylı körpələr evi və uşaq bağçasının müdiri Mehriban Rüstəmova, İ.Nəsimi adına 1 saylı tam orta məktəbinin direktoru Üfət Abdıyeva, Daşkəsən su-kanal idarəsinin rəisi Pənah Əhmədov, A.Mürsəlov adına 2 saylı tam orta məktəbin müəllimi Sevil Ələsgərova və başqaları son illərdə respublikamızda, rayonda, eləcə də, kənd ərazi vahidliyində görülmüş işlər və həyata keçirilmiş tədbirlər barədə danışaraq, görülən işlərə görə ölkə rəhbərliyinə öz minnətdarlıqlarını bildirmişlər.
Yekunda çıxış edən Daşkəsən rayon icra hakimiyyətinin başçısı Əhəd Abıyev 2011-ci ildə rayon ərazi vahidliyində görülmüş işləri qənaətbəxş hesab edərək, bununla yanaşı, gələcəkdə də bir sıra vacib məsələlərin öz həllini tapacağını önə çəkmişdir. Rayon rəhbəri ölkə Prezidenti İlham Əliyevin, respublikanın bütün bölgələrində olduğu kimi, Daşkəsən rayonuna da göstərdiyi diqqət və qayğıdan, gələcəkdə rayon mərkəzinin və onun kəndlərinin daha da abadlaşdırılması, sakinlərin həyat şəraitinin müasir standartlara cavab verə biləcək səviyyəyə çatdırılması üçün görüləcək işləri qeyd etmişdir.
R.HÜSEYNOVA