Dünən Milli Məclisin 2012-ci il yaz sessiyasının ilk iclası keçirildi. Milli Məclisin Sədri Oqtay Əsədov sessiyanın ilk iclasını açdıqdan sonra Azərbaycanın dövlət himni səsləndirildi. Sonra Milli Məclisin Sədri yaz sessiyasının başlanması münasibətilə deputatları təbrik etdi, onlara qanunvericilik fəaliyyətində uğurlar arzuladı.
O.Əsədov bildirdi ki, iclasın gündəliyinə 4 məsələ daxil edilib: "Bunlar Milli Məclisin intizam və hesablayıcı komissiyalarının yenidən təşkili, Milli Məclisin 2012-ci il yaz sessiyasının qanunvericilik işlər planı və "Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında" qanun layihəsinin ikinci oxunuşda müzakirəsidir".
O.Əsədov onu da bildirdi ki, 2012-ci ilin yaz sessiyasında MM-i çox gərgin və maraqlı iş gözləyir: "Yaz sessiyasında qanun layihələrinin qəbulu ilə yanaşı, Konstitusiya ilə nəzərdə tutulmuş çərçivədə Nazirlər Kabinetinin hesabatı dinləniləcək, eləcə də, 2011-ci il dövlət büdcəsinin icrası ilə bağlı məsələ gündəliyə çıxarılacaqdır. Yaz sessiyasının iclaslarında, həmçinin, Hesablama Palatasının, insan hüquqları üzrə müvəkkilin, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən qurumun hesabatları dinləniləcəkdir".
Qeyd edək ki, MM-in 2012-ci il yaz sessiyasının iş planına, ümumilikdə, 17 məsələ, o cümlədən, Azərbaycan Respublikası qanunlarına dəyişikliklər və əlavələr edilməsi haqqında qanun layihələri salınıb.
O.Əsədov, eyni zamanda, Milli Məclisin ilk plenar iclasında Avropa Şurası Parlament Assambleyasının Monitorinq Komitəsinin həmməruzəçiləri Jozef Debono Qrex və Pedro Aqramuntun iştirak etdiyini də vurğuladı: "10 ildən artıqdır deputatam. İlk dəfədir ki, AŞPA-nın Monitorinq Komitəsi həmməruzəçilərin parlamentin iclasına qatılmasının şahidi oluram".
Sonra millət vəkilləri həmməruzəçiləri alqışlarla qarşıladılar.
Daha sonra Milli Məclisin intizam və hesablayıcı komissiyaları yenidən təşkil olundu. İntizam komissiyasına deputatlar Gülər Əhmədova, Fəttah Heydərov, Mirkazım Kazımov, Səttar Möhbalıyev, Fazil Mustafa, Siyavuş Novruzov, Sədaqət Vəliyeva, Hesablayıcı komissiyaya isə deputatlar İsa Həbibbəyli, Qüdrət Həsənquliyev, Rəfael Hüseynov, Xanhüseyn Kazımlı, Mübariz Qurbanlı, Zahid Oruc, Mixail Zabelin üzv seçildilər.
Sonra cari məsələlər ətrafında millət vəkillərinin fikirləri dinlənildi. İclasda Fransa Senatının qondarma "erməni soyqırımı"nın inkarına görə cinayət məsuliyyəti nəzərdə tutan qanunun qəbulu ilə bağlı məsələ müzakirə olundu.
Siyavuş Novruzov: "Bu nöqtədə iqtidar-müxalifət söhbəti olmamalıdır"
YAP İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov Fransa Senatı tərəfindən qəbul olunan qanunla bağlı Azərbaycan Parlamenti, eyni zamanda, ayrı-ayrı komitələr, Milli Məclis üzvləri, Yeni Azərbaycan Partiyasının və partiyanın Gənclər Birliyi tərəfindən, demək olar ki, hər bir senatora müraciətlər göndərildiyini söylədi. S.Novruzov müxalifət deputatı İqbal Ağazadənin söz azadlığına basqılar və siyasi məhbuslarla bağlı dediklərinə münasibət bildirdi: "Dünyanın heç bir yerində mətbuata Azərbaycanda olduğu qədər böyük diqqət yoxdur. Bir mətbuat orqanına 50 min manata qədər maliyyə ayrılır. KİV-in İnkişafına Dövlət Dəstəyi Fondundan jurnalistlərə mükafatlar verilir. Dünyanın heç bir yerində jurnalistlər üçün ev tikilmir. Bəs mətbuat strukturları buna adekvat cavab verə bilirmi? Qəti şəkildə yox. Kimsə təhqir olunduğunu görürsə, təbii ki, məhkəməyə müraciət edib təzminat irəli sürməlidir. Dünyada bundan başqa yol tanıyan varsa, desin. Amnistiya və əfv barədə danışırlar. Əfv olunmaq istəyən özü Prezidentə müraciət etməlidir. Əfv olunmaq istəyən aydan, çaydan əfv olunsun? Bəlkə şəraiti yaxşıdır orda, geri qayıtmaq istəmir, istirahət edir orda?
Bu gün hüquq müdafiəçiləri əllərində siyahı düşürlər ortaya ki, filan siyasi məhbus əfv olunsun. Leyla Yunusova Ələkrəm Hümbətovu siyasi məhbus kimi təqdim edirdi. Sonra Hümbətovun gedib Ermənistanda konfrans keçirdiyinin şahidi olduq. İndi partiyalar bəzi şəxslərə siyasi məhbus adı verir. Cinayət törədəni elə partiyanın özü sıralarından çıxarmalıdır. Bu, qanunda da əksini tapıb. Əgər kimsə cinayət törədib siyasi partiyanın adı altında gizlənib yenidən cinayət törətmək istəyirsə, buna yol vermək olmaz".
S.Novruzov onu da vurğuladı ki, bəzi mətbuat orqanları Azərbaycan parlamentinin, hökumətinin, dövlətinin, ayrı-ayrı siyasi xadimlərin, o cümlədən, parlament üzvlərinin bu cür ardıcıl şəkildə atdığı konkret addımların üzərinə kölgə salmağa cəhd edirlər: "Bu gün yüksələn xətlə inkişaf edən Azərbaycan-Türkiyə münasibətlərinə ləkə salmaq üçün ayrı-ayrı məqalələr yazırlar, müxtəlif yerlərə məlumatlar ötürürlər. Mən hesab edirəm ki, bu məsələlər qətiyyətlə pislənilməlidir. Bu nöqtədə iqtidar-müxalifət söhbəti olmamalıdır. Heç kim öz şəxsi maraqlarına uyğun hərəkət etməməlidir. Hamı eyni nöqtədən, eyni mərkəzdən qaynaqlanan eyni xətt üzrə fikirlər irəli sürməlidir. Bu gün də Azərbaycan dövləti, hökuməti, parlamenti bu addımları atır. Nəinki bu mövzu ilə, həmçinin, istənilən mövzu ilə bağlı həmişə Azərbaycan parlamenti Türkiyənin yanında olub, ölkələrimizin mövqeləri həmişə üst-üstə düşüb, bir nöqtəyə vurub. Biz hesab etmirik ki, bu, təkcə Türkiyənin məsələsidir, bu, həm də Azərbaycanın məsələsidir. Bu məsələni biz ciddi şəkildə nəzarətdə saxlayırıq, ardıcıl, hüquqi cəhətdən tənzimlənmiş addımlarla öz fikirlərimizi bildiririk, dəstəyimizi nümayiş etdiririk".
Oqtay Əsədov: "Azərbaycan Fransa Senatında qəbul olunan qanunla bağlı həmişə Türkiyənin yanında olub və olacaq"
Çıxış edən digər deputatlar Fransanın ATƏT-in Minsk Qrupundan uzaqlaşdırılması ilə bağlı məsələnin Milli Məclisdə müzakirə olunmasının vacibliyini vurğuladılar.
O.Əsədov bildirdi ki, bəzi qüvvələr Fransa Senatının bu qərarından sui-istifadə edib özlərini göstərirlər. Biz isə özümüzü göstərmək niyyətində deyilik, ən sərt formada mövqeyimizi ortaya qoymuşuq. Bu, ürəkdən gələn addımdır, etmişik və edəcəyik: "Fransa Minsk Qrupunda həmsədrliyə mənəvi haqqını itirib, lakin hüquqi haqqını saxlayır. Biz müəyyənləşdirməliyik ki, Fransanın uzaqlaşdırılmasının hüquqi forması necədir?! Bu, bizim istəyimizdən asılı məsələ deyildir. Məsələ gündəmdədir, Azərbaycan ilə Türkiyə birlikdə bunun üçün bütün vasitələrdən istifadə edir və edəcəkdir".
Milli Məclisin spikeri Oqtay Əsədov millət vəkili Siyavuş Novruzovla razılaşaraq Azərbaycan tərəfinin bu məsələdə Türkiyəyə dəstək verdiyini, lakin bu dəstəyi kimlərəsə nümayiş etdirmək üçün vermədiyini vurğuladı: "Biz isə özümüzü göstərmək niyyətində deyilik, ən sərt formada mövqeyimizi ortaya qoymuşuq. Bu, ürəkdən gələn addımdır, etmişik və edəcəyik. Hazırda səbir eləməliyik, görək, Fransa Konstitusiya Məhkəməsinin son sözü nə olacaq? Ondan sonra da gərəkli addımlar atacağıq".
Qənirə Paşayeva: "Xüsusilə, Azərbaycan-Fransa parlamentlərarası dostluq qrupunun rəhbəri Mehriban xanım Əliyeva bu işdə çox səy göstərir"
Deputat Qənirə Paşayeva da deputatların dəfələrlə bununla bağlı öz sözlərini dediklərini bildirdi: "Xüsusilə, Azərbaycan-Fransa parlamentlərarası dostluq qrupunun rəhbəri, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyeva bu işdə çox səy göstərir. Təəssüf ki, bəzi qüvvələr bunu görmür və bu işlərə kölgə salmaq istəyir. Təklif edirəm ki, Xocalı soyqırımının 20-ci ildönümündə Türkiyəyə müraciət ünvanlansın və bu soyqırımının Türkiyədə rəsmi şəkildə tanınmasına səy göstərilsin. Bu, bizim Türkiyə ilə qardaşlığımızın sübutu olar, həm də bütün dünya görər ki, əsil soyqırımına kim məruz qalıb?! İnanıram ki, qardaş Türkiyə parlamenti də bunu müsbət qarşılayıb, dəyərləndirər".
Məlahət İbrahimqızı: "Erməni soyqırımı"na səs verənlər Azərbaycana buraxılmamalıdır"
Millət vəkili Məlahət İbrahimqızı Fransa parlamentinin aşağı və yuxarı palatalarında qondarma "erməni soyqırımı"nı inkar edənlərin cinayət məsuliyyətinə cəlb olunmasına səs verən deputat və senatorların Azərbaycana daxil olmasına qadağa qoyulması təklifi ilə çıxış edib: "Bu qanuna səs verən Fransa deputatlarının və senatorlarının siyahısı məlumdur. Biz Xarici İşlər Nazirliyinə müraciət edək və siyahını onlara göndərək. Xarici İşlər Nazirliyində bir siyahı var. Ermənilərin işğal etdiyi ərazilərə Azərbaycan dövlətinin razılığı olmadan səfər edən, qanunlarımızı pozan şəxslər həmin siyahıya salınır və onların ölkəyə daxil olmasına qadağa qoyulur. Qondarma "erməni soyqırımı"nı inkar edənlərin cinayət məsuliyyətinə cəlb olunmasını nəzərdə tutan qanuna səs vermiş Fransa deputatları və senatorları da həmin siyahıya salınmalıdır".
Əli Əhmədov: "Milli Məclisin qərarı ilə Ermənistandan deportasiya edilmiş azərbaycanlıların hüquqları tanına bilər"
YAP İcra katibi, millət vəkili Əli Əhmədov Milli Məclisin ilk plenar iclasında çıxış edərək, bildirib ki, bu il azərbaycanlıların Ermənistandan kütləvi şəkildə deportasiyasının 65-ci ili tamam olur: "Analoji deportasiyalara məruz qalan digər xalqların nümayəndələri bununla bağlı kompensasiya alıblar. Lakin azərbaycanlılar kompensasiya ala və yurd-yuvalarına qayıda bilməyiblər. Milli Məclisin qərarı ilə Ermənistandan deportasiya edilmiş azərbaycanlıların hüquqları tanına bilər".
Ə.Əhmədov İran-Azərbaycan münasibətləri barədə də danışdı. O, bildirdi ki, mətbuatın hansısa atmacaları dövlətin mövqeyi sayıla bilməz: "İranın Azərbaycana münasibəti bu ölkənin hakimiyyət nümayəndələrinin münasibətində, açıqlamalarında görünür".
YAP İcra katibi, millət vəkili Ə.Əhmədov İran və Azərbaycanın təkcə qonşu olmadığını, bu iki ölkəni birləşdirən xeyli cəhətlərin olduğunu söylədi: "Ən azından bu ölkə əhalisinin yarısını azərbaycanlılar təşkil edir".
Ə.Əhmədov ölkələr arasında münasibətlərin pisləşməsi istiqamətində addım atılmasının asan, lakin istiləşməsinə yönəlik hərəkətlərin çətin və uzun vaxt aparan iş olduğunu vurğuladı.
İclasda gündəlikdə olan Milli Məclisin 2012-ci il yaz sessiyasının qanunvericilik işləri planı müzakirə olundu. Deputatlar qanunvericilik bazasının təkmilləşdirilməsi ilə bağlı rəy və təkliflərini bildirdikdən sonra iş planı təsdiqləndi. Həmçinin, iclasda "Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında" qanun layihəsi ikinci oxunuşda qəbul olundu.
RƏFİQƏ KAMALQIZI