Dünən Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətində (DMX) 2011-ci ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat iclası keçirilib.
SİA-nın verdiyi məlumata görə, Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Arzu Rəhimov hesabat məruzəsi ilə çıxış edib. DMX rəisi bildirib ki, ötən dövr ərzində Dövlət Miqrasiya Xidməti Azərbaycan Respublikasının milli təhlükəsizliyini və milli maraqlarını qorumaqla miqrasiya proseslərinin tənzimlənməsi, qanunsuz miqrasiyanın qarşısının alınması, miqrantların öz hüquqlarını həyata keçirmələri üçün şəraitin yaradılması məqsədilə bu sahədə Azərbaycan Respublikasının mövcud qanunvericiliyinin tələblərindən irəli gələn vəzifələri icra etmiş və illik fəaliyyətində "2011-ci il üzrə Perspektiv iş Planın"da nəzərdə tutulmuş tədbirlərə uyğun olaraq səmərəli və məqsədyönlü fəaliyyət istiqamətini əsas götürüb. Miqrasiya sahəsində milli qanunvericiliyin təkmilləşdirilməsi və müasir dövrün tələblərinə uyğunlaşdırılması istiqamətində müvafiq işlər görülüb, bu sahədə vahid qanunvericilik bazasının formalaşdırılması və Azərbaycan Respublikasının hüdudlarından kənarda yaşayan vətəndaşların hüquqlarının müdafiəsi məqsədilə beynəlxalq təcrübə, o cümlədən Avropa İttifaqı qanunvericiliyi nəzərə alınmaqla Dövlət Miqrasiya Xidməti tərəfindən hazırlanmış "Miqrasiya Məcəlləsi"nin və "Azərbaycan Respublikasının Readmissiya Strategiyası"nın yekun layihələri Nazirlər Kabinetinə təqdim edilib.
Ötən dövr ərzində miqrasiya sahəsində beynəlxalq əməkdaşlıq daha da genişləndirilib, iki və çoxtərəfli əsaslarla münasibətlər inkişaf etdirilib, ölkələrarası dialoqun gücləndirilməsi, miqrasiya sahəsində təcrübə mübadiləsinin aparılması və tətbiqi, miqrasiya proseslərinin tənzimlənməsi, qanunsuz miqrasiyanın qarşısının alınması sahəsində əməkdaşlıq perspektivlərinin müzakirə olunması istiqamətində bir sıra əhəmiyyətli addımlar atılıb. BMT, BMTQAK, BMqT, Aİ, ATƏT, MDB kimi təşkilatlarla əməkdaşlıq inkişaf etdirilmiş, Almaniya Federativ Respublikasının, Niderland və Belçika Krallıqlarının, Türkiyə Respublikası, Latviya Respublikası, Rusiya Federasiyası və Qətər Dövlətinin aidiyyəti qurumları ilə bir sıra görüşlər keçirilmiş, qarşılıqlı səfərlər təşkil olunub.
Hesabat dövründə Bakı, Yevlax, Lənkəran, Şirvan, Xaçmaz regional miqrasiya idarələrinin və Bakı şəhər Regional Miqrasiya İdarəsinin Sərhəd Buraxılış Məntəqələrində miqrasiya şöbəsinin iş fəaliyyəti tam təmin edilib, Yevlax və Bakı şəhərlərində Qanunsuz Miqrantların Saxlanılması Mərkəzlərinin inşası başa çatdırılıb və yaxın günlərdə istifadəyə verilməsi nəzərdə tutulub.
2011-ci il ərzində Xidmətin işinin təşkilində informasiya texnologiyalarının tətbiqi istiqamətində bir sıra mühüm işlər görülüb. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 4 iyun 2010-cu il tarixli 276 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Vahid Miqrasiya Məlumat Sistemi haqqında Əsasnamə"nin müvafiq bəndlərinin icra edilməsi məqsədilə hazırlanmış iş planına uyğun olaraq Vahid Miqrasiya Məlumat Sistemi (VMMS) ilə "Giriş-Çıxış və Qeydiyyat" İdarələrarası Avtomatlaşdırılmış Məlumat Axtarış Sistemi arasında məlumat mübadiləsinin təkmilləşdirilməsi sahəsində işlər davam etdirilib, həmçinin Vergilər Nazirliyinin Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemi və Ədliyyə Nazirliyinin Əhalinin Dövlət Reyestri ilə Vahid Miqrasiya Məlumat Sistemi arasında inteqrasiyanın təmin olunması sahəsində aparılan işlər yekunlaşdırılıb. Həmçinin Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin sərhəd buraxılış məntəqələrində yerləşən bölmələrində Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Vahid Miqrasiya Məlumat Sisteminin işçi yerləri yaradılmış və onun fəaliyyəti mərkəzi baza ilə əlaqələndirilib.