Azərbaycan böyük möhtəşəmliklə may ayında keçiriləcək "Eurovision" musiqi yarışmasına hazırlaşır. Artıq seçim turları yekunlaşır, iştirakçı dövlətlər həmin yarışa hazır olduqlarını bəyan edirlər. Ancaq təəssüf ki, Bakıda keçiriləcək beynəlxalq musiqi yarışmasına qısqanc nəzərlərlə baxmaq istəyənlər də az deyil. Və bu çərçivədə radikal müxalifətin, siyasiləşmiş QHT-lərin, eləcə də, düşmən dövlət olan Ermənistanın törətmək istədikləri cəhdləri də azlıq təşkil etmir.
Yəni konkret desək, "Eurovision" kimi mötəbər yarışmanın Azərbaycanda keçirilməsini gözü götürməyən qüvvələr bilavasitə Azərbaycanın radikal müxalifətindən qərəzli dezinformasiyalar toplayırlar. Sonra da başlayırlar ağıllarına gələnləri yazıb-pozmağa. Ermənistan mətbuatında gedən yazılar sanki surəti çıxarılmış şəkildə "Azadlıq" və "Yeni Müsavat" qəzetlərindən götürülmüşdü. Əbəs yerə deyil ki, bu və bu kimi digər faktlar dəfələrlə öz sübutunu tapmış, hətta erməni jurnalistləri də gizlətməmişdilər ki, onlar həmin informasiyaları adları çəkilən qəzetlərə istinad edərək götürüblər.
Fransızlaşdırılmış
qərəzlər
Görünür, bu dəfə Fransa mətbuatı da həmin üsuldan istifadə edərək, Azərbaycan haqqında, "Eurovision" yarışmasına hazırlıq barədə gedən dezinformasiya yazılarını özünküləşdiriblər. Yəni fransızlaşdırıblar.
"Bakıda Eurovision söküntüsü", "Azərbaycanda bu il baş tutacaq festivalın hazırlıq mərhələsində işlər ürəkaçan deyil" kimi qərəzli məlumatlar yaymağa cəhd göstərən "France 24" telekanalı, "Frans Press" informasiya agentliyi və "AFR" telekanalı radikal müxalifət və erməni mətbuatından heç də geri qalmayıb və əsil həqiqətləri Fransa ictimaiyyətinə çatdırmayıb. Bu gün Azərbaycanda gedən hərtərəfli inkişafdan, tərəqqidən, modernləşmədən informasiya vermək yerinə heç kimə lazım olmayan, sifarişli proqramlar çərçivəsində qərəz yayan adıçəkilən informasiya və media qurumları həta bir az da həyasızlaşaraq, guya bu prosesin vətəndaşlara ziyan vurduğunu iddia edib. Guya Bakıda evləri sökülən insanlara kompensasiyalar ödənilmir kimi xəbərlərdə iddia olunur ki, baş verənlər "Eurovision" yarışmasına görədir və s.
Amma bir dəfə də olsun vurğulanmır ki, evləri sökülən vətəndaşlara yetərincə kompensasiyalar ödənilmiş, eləcə də, həmin əhali yeni mənzillərlə təmin olunmuşdur.
Fransızsayağı ssenarilər
Digər bir fakt da ondan ibarətdir ki, tikintisi aparılan konsert salonunun ətrafında yaşayan insanlar guya hər an "zorakılığa" məruz qalırlar və "qorxurlar" ki, onları da yaşadıqları ünvanlardan çıxarsınlar. Lakin bu hal baş vermədiyi vəziyyətdə gedib xüsusi öyrədilmiş, pulla ələ alınmış adamlardan bu barədə açıqlamalar götürən Fransa mediasının qərəz dağarcıqları özlərini çox pis vəziyyətdə qoyurlar.
Xatırladaq ki, bu ərəfələrdə dünyanın bir çox nüfuzlu media qurumları, meqamedia holdinqləri Azərbaycan haqqında səlis, təfsilatlı və gerçək həqiqətləri beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıblar. "Eurovision" yarışması öncəsi bütün dünya Azərbaycanı daha yaxından tanıyır və yarış başlayarkən daha çox insan Azərbaycan həqiqətlərini öz gözləri ilə görəcəklər. Onda "AFR", "Frans Press", "France24", eləcə də, daha öncədən anti-təbliğat maşını kimi fəaliyyət göstərən BBC kimi media qurumları hansı vəziyyətdə qalacaqlarını indidən proqnozlaşdırsınlar. Çünki onların sırımağa cəhd göstərdikləri yalanları, qurduqları fransızsayağı ssenarilər ayaq tutsa da, yeriməyəcək!
R.RƏSULOV