Radikal müxalifət düşərgəsində baş verən daxili ziddiyyətlər, həmçinin, orada "liderlik" fəaliyyəti ilə məşğul olan şəxslərin, daha dəqiq desək, partiya sədrlərinin ambisioz fikirlərindən də irəli gəlir. Belə ki, istər AXCP (i)-də, istərsə də, Müsavatda partiya rəhbərlikləri tərəfindən oynanılan süni oyunlar, bilavasitə, radikalizmin iflasını daha da labüdləşdirir. Bu və bu kimi digər məsələlər barədə mətbuata fikirlərini açıqlayan Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini Siyavuş Novruzov qeyd edib ki, Müsavat başqanı İsa Qəmbərovun apardığı oyunlar da məhz bu qəbildəndir. Yəni onun başqanlıqdan getmək istəməməsi bütün bu gerçəkləri özündə yetərincə ehtiva edir: "İsa Qəmbərov cürbəcür oyunlarla Müsavat başqanlığından ikiəlli yapışıb və əl çəkmir". Bu əsnada Siyavuş Novruzov İ.Qəmbərovun AMİP sədri Etibar Məmmədovdan ibrət götürməsini də xatırladıb: "E.Məmmədov AMİP sədrliyindən getdi, bununla da məsələ bitdi. Ancaq üç ildir ki, İ. Qəmbərovun Müsavat başqanlığından getməsi məsələsi qəzet mövzusudur. Ya bu partiyada başqan seçilməyə dəyərli adam yoxdur, ya da indiki partiya sədri bu vəzifədən əl çəkmək istəmir".
"Əslində, o, başqanlıq müzakirələri açmaqla partiya rəhbərliyində qalmaq müddətini
uzatmaq istəyir"
Siyavuş Novruzovun sözlərinə görə, partiya rəhbərliyindən getməyin bir yolu var: qurultay keçirilir, istefa qəbul olunur, yerinə yeni şəxs seçilir:
"Əslində, o, başqanlıq müzakirələri açmaqla partiya rəhbərliyində qalmaq müddətini uzatmaq istəyir. Gah deyirlər, Arif Hacıyev həbsxanadan çıxsın, qurultayı sonra keçirək, gah deyirlər, A.Hacıyev həbsxanada qala-qala da başqan seçilə bilər".
"Ziyalı forumu"na yığışanların əksəriyyəti Azərbaycanın qlobal problemləri dövründə
ölkəni qoyub qaçıblar"
Onu da qeyd edək ki, radikal müxalifət düşərgəsində fəaliyyət göstərən bir sıra qondarma siyasiləşmiş qurumlar da mövcuddur ki, onların həqiqi fəaliyyətləri, əslində, ictimaiyyətdə çaşqınlıq yaratmağa xidmət göstərir. Belə qurumlardan biri də "Ziyalılar forumu"dur ki, həmin "forum"a daxil olanlar nə etdiklərini heç özləri də anlamaq iqtidarında deyillər. Bu barədə də mətbuata açıqlama verən YAP İcra katibinin müavini Siyavuş Novruzov vurğulayıb ki, həmin "forum" qeyri-qanunidir: "Ziyalılar Forumu qeyri-qanuni bir qurumdur. Orada yığışanlar ziyalı adından istifadə edirlər. Onların əksəriyyəti Azərbaycanın qlobal problemləri dövründə ölkəni qoyub qaçıblar".
Siyavuş Novruzov onu da xatırladıb ki, əslində, özünü ziyalı adlandıran şəxs xalqına xidmət etməli, xalqı üçün çalışmalıdır. Və bu cəhətdən yanaşılsa, Azərbaycanda kifayət qədər ziyalı mövcuddur ki, onlar bütün gücləri ilə öz ölkələri üçün xidmət göstərirlər: Azərbaycan ziyalısı xalqının problemlərinin həlli ilə, ölkədə islahatların keçirilməsi ilə məşğul olmalıdır. Ölkədə həqiqi ziyalılar var. Onlar Azərbaycan ədəbiyyatı, elmi, incəsənəti, təhsili və digər sahələrin inkişafında iştirak edirlər. Bir qrup adam var ki, bunlar vaxtilə Azərbaycanın qlobal problemləri olan dövrdə ölkəni qoyub qaçan, Azərbaycan haqqında bir dənə də olsun dəyərli məqalə verməyən insanlardır".
"Bunlar fərari ziyalılardırlar və vətəni dar gündə qoyub qaçan əsgərlə belə ziyalı
arasında heç bir fərq yoxdur"
YAP İcra katibinin müavininin sözlərinə görə, erməni ziyalılar Dağlıq Qarabağla bağlı mübarizə aparanda, həmin ziyalılar Moskva restoranlarında yeyib-içirdilər, indi də özlərini ziyalı kimi təqdim edirlər: "Onlar bir dənə yazı göstərsinlər ki, orada ermənilərə qarşı mübarizə aparıblar. Forumda olan digər ziyalılar isə öz uşaqlarını ABŞ-a və Türkiyəyə qaçırdılar. Bunlar fərari ziyalılardırlar. Hər hansı bir ziyalılıqdan danışa bilməzlər. Vətəni dar gündə qoyub qaçan əsgərlə belə ziyalı arasında heç bir fərq yoxdur".
RÖVŞƏN RƏSULOV