PDF Oxu

Sosial

  • 9

Azərbaycan gənclərinin beynəlxalq əlaqələri: uğur və perspektivləri

Azərbaycan gənclərinin beynəlxalq əlaqələri: uğur və perspektivləri

Dünən Yeni Azərbaycan Partiyasının qərargahında partiyanın Sədr müavini, YAP İcra katibi, Milli Məclisin deputatı Əli Əhmədov Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin dəvəti ilə ölkəmizdə səfərdə olan Makedoniya Türk Demokratlar Partiyası Gənclər Forumunun nümayəndə heyətinin üzvləri ilə görüşdü.

Ə.Əhmədov qonaqları salamlayaraq, onların ölkəmizə səfər etməsindən böyük məmnunluğunu bildirdi: "Düşünürəm ki, bu əlaqələr bir-birinizi tanımaq üçün çox əhəmiyyətlidir. Eyni zamanda, əməkdaşlıq hər iki dövlətin milli maraqlarına, siyasətinə uyğundur. Müsbət haldır ki, bu sahədə ilk addımı gənclər atır. Çünki gənclər bir-birini daha yaxından tanısalar, daha yaxşı ünsiyyət qursalar, müxtəlif mövzularda müzakirələr aparsalar, bu əlaqələrə daha böyük töhfə vermiş olarlar. Həmçinin, ölkələrin yaxınlaşması, həyata keçirilən siyasətdə oxşar, ortaq nöqtələrin tapılması üçün önəmli olar. Makedoniya və Azərbaycan gənc dövlətlərdir. Ona görə də, qarşıda çox mühüm işlər dayanır. Azərbaycan ötən il dövlət müstəqilliyinin yenidən bərpa olunmasının 20 illiyini qeyd etdi. Ötən bu dövr ərzində ölkəmiz çox mühüm uğurlara imza atıb. İqtisadiyyatımız şaxələndirilmiş, insanların sosial rifah halı daha da yaxşılaşmış, paytaxt və bölgələrimiz sürətlə inkişaf edir. Azərbaycan müstəqil dövlət kimi özünü dünyada tanıdıb. Ölkəmiz bölgədə daha böyük güc nümayiş etdirib. Bu gün Azərbaycanın iştirakı olmadan bölgədə hansısa iqtisadi və siyasi layihənin həyata keçirilməsi mümkünsüzdür. Bunların hamısı Azərbaycanın 20 ildə müstəqli dövlət kimi inkişafının göstəriciləridir".

Ə.Əhmədov görüşdə gənclərə ən mühüm problemimiz olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında məlumat verdi. Bildirdi ki, Ermənistan tərəfindən Azərbaycanın 20 faiz torpağı işğal olunub. Bir milyondan artıq soydaşımız qaçqın və məcburi köçkün vəziyyətində yaşayır. Münaqişənin həlli 20 ildir uzanır. Münaqişənin nizamlanmasında vasitəçilik missiyasını yerinə yetirən Minsk Qrupu yaradılıb. Amma çox təəssüflər olsun ki, işğalçı Ermənistanan qeyri-konstruktiv mövqeyi nəticəsində problemin həlli uzanır. Azərbaycanın yeganə problemi yalnız Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir. Digər sahələrdə ölkəmiz sürətlə inkişaf edir. İqtisadi qüdrətimizin günbəgün artması, diplomatik mübarizədə qələbəmiz bu problemin də tezliklə öz müsbət həllini tapacağına əminlik yaradır. Azərbaycan xalqı dövlətin siyasətini dəstəkləyir, gələcəyə böyük inamla irəliləyir. 20 ildə Azərbaycanın həyatı əhəmiyyətli dərəcədə dəyişib. Paytaxtımızda qonaq olan hər kəs bu inkişafın şahidi olur. Əhalinin sosial rifah halı günbəgün yaxşılaşır. Dövlətimizin həyata keçirdiyi uğurlu iqtisadi islahatların əsasında məhz xalqın güzəranının daha da yaxşılaşdırılması dayanır. Paytaxt və bölgələrimizdə quruculuq və abadlıq işləri geniş vüsət alıb. Bu da ölkəmizin iqtisadi imkanlarının təsdiqidir.

YAP Sədrinin müavini Azərbaycanın uğurlarında bəhs edərkən bildirdi ki, ötən il "Evrovision-2011" Mahnı Müsabiqəsində qalib olmasını, bu il belə əhəmiyyətli yarışmaya ev sahibliyi edəcəyini diqqətə çatdırdı: "Müsabiqəyə hazırlıq işləri yüksək səviyyədə həyata keçirilir. Bu da Azərbaycanın iqtisadi və mədəni inkişafının təsdiqidir. Bu, eyni zamanda, ondan xəbər verir ki, Azərbaycanda çox istedadlı gənclər var. Gənclərimizin intellektual səviyyəsi yüksəkdir. Əgər həyatda inkişaf varsa, demək, gənclər əvvəlki nəsildən daha fəal, biliyə yiyələnmiş olurlar. 20 ildə Azərbaycan gəncliyinin üzərinə düşən missiyanın çəkisini bir də o göstərir ki, Azərbaycan gənclər ölkəsidir. 20 il ərzində Azərbaycan əhalisinin sayı 1 milyon nəfər artıb. Bu gün ölkəmizin əhalisi 9 milyondan çoxdur. Bu, onu göstərir ki, ölkəmizdə əhali sürətlə artır və əhalinin demoqrafik tərkibində gənclər böyük üstünlük təşkil edir. Gənclər bizim, eyni zamanda, qüdrətli resursumuz, sərvətimizdir. Öna görə də dövlətin siyasətində gənclərə diqqət və qayğı xüsusi yer tutur. Gənclər və İdman Nazirliyi fəaliyyət göstərir. Qurum gənclər siyasətinin yüksək səviyyədə yerinə yetirilməsinə çalışır. Gənclərin ayrı-ayrı sahələrdə fəallığının artırılması istiqamətində mühüm addım atılır. Ölkəmizi inkişaf etdirmək üçün vacib amillərdən biri də gənclərə diqqət və qayğının artırılmasıdır".

YAP Sədrinin müavini Ə.Əhmədov gənclərin təhsilinə göstərilən diqqətdən də danışdı: "Bu gün gənclərimiz dünyanın nüfuzlu ali məktəblərində təhsil alır, qabaqcıl ölkələrin təcrübəsini öyrənir. Onların ölkəmizdə tətbiqi üçün səylərini artırırlar. Gənclərin xarici ölkələrdə təhsili ilə bağlı təsdiqlənən Dövlət Proqramından irəli gələn vəzifələr yüksək səviyyədə yerinə yetirilir. Bu addımın ölkə həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında da əhəmiyyəti böyükdür. Bu fikir hər zaman önə çəkilir ki, xaricdə təhsil alan gənclərimiz, eyni zamanda, Azərbaycanın təbliğatçılarıdır. Gələcək gənclərindir. Bu gəncləri gələcəyə hazırlamaq dövlətin siyasətinin əsas istiqamətlərindəndir".

Ə.Əhmədov ölkəmizin ictimai-siyasi həyatında aparıcı rol oynayan Yeni Azərbaycana Partiyasının cmiyyətdə rolundan danışaraq, bildirdi ki, Yeni Azərbaycan Partiyası nüfuzuna, siyasi çəkisinə, cəmiyyətdə mövqeyinə görə aparıcı siyasi təşkilatdır: "Ölkəmizdə demokratik cəmiyyətin mövcudluğunu təsdiqləyən əsas amillərdən biri çoxpartiyalı sistemin mövcudluğudur. Bu gün Azərbaycanda 40-50 partiya fəaliyyət göstərir ki, bu partiyalar içərisində Yeni Azərbaycan Partiyası böyük potensiala malikdir. YAP-ın sıralarında 560 min üzvü var ki, onların 200 mindən çoxu gənclərdir. Bu gün gənclərimiz çox fəaldır, beynəlxalq əməkdaşlığa xüsusi önəm verirlər. YAP Gənclər Birliyinin müxtəlif ölkələrin siyasi partiyalarının gənclər qolu ilə əlaqələri yüksək səviyyədədir. Əməkdaşlığın genişləndirilməsi üçün tərəflər daha səylə çalışırlar".

YAP Sədrinin müavini Azərbaycan və Türkiyə gənclərinin birliyinin artıq böyük bir ənənəyə söykəndiyini qeyd edərək, Ulu Öndər Heydər Əliyevin "bir millət, iki dövlət" kəlamını xatırlatdı. Bildirdi ki, hər iki qardaş ölkə bütün məsələlərdə eyni mövqedən çıxış edir, bu birliyin möhkəm təmələ əsaslandığını, sarsılmazlığını dünyaya nümayiş etdirirlər.

Ə.Əhmədov səfər çərçivəsində əhəmiyyətli tədbirlərdə iştirak edəcəklərini, çoxsaylı görüşlər keçirəcəklərini qeyd edərək, bildirdi ki, bütün bunlar Azərbaycan haqqında daha dolğun məlumatlar əldə etməyinizə öz müsbət təsirini göstərəcək: "Ən əsası səfər ölkəmizin inkişafı ilə yaxından tanış olmaq imkanı əldə etmək baxımından daha əhəmiyyətlidir. Ölkənizə qayıtdıqdan sonra Azərbaycan haqqında məlumatlarınızı ətrafınızdakı dostlarınıza çatdırmaqla bir növ təbliğatçı kimi çıxış edəcəksiniz. Ümumiyyətlə, gənclər siyasi partiyalar, ölkələr arasında əlaqələrin inkişafında körpü rolunu oynaya bilər. Gənclər yeniliyə daha çox meyilli olurlar. Əməkdaşlığın inkişafına öz töhfənizi verəcəyinizə əminəm".

YAP Sədrinin müavini görüşdə iştirak edən partiya nümayəndə heyətinin üzvlərini qonaqlara təqdim etdi. Görüşdə YAP-ın İcra katibinin müavinləri, Milli Məclisin deputatları Siyavuş Novruzov və Mübariz Qurbanlı iştirak edirdi.

Qonaqlar səmimi qəbula görə YAP Sədrinin müavini Ə.Əhmədova öz minnətdarlıqlarını ifadə etdilər. Səfərin Azərbaycan və Makedoniya gəncləri arasında dostluğun möhkəmləndirilməsinə töhfə olacağını bildirərək, bundan sonra da əlaqələrin genişləndirilməsi istiqamətində qarşılıqlı layihələrin gerçəkləşdirilməsi üçün səylərini artıracaqlarını bildirdilər.

Makedoniya Türk Demokratlar Partiyasının Gənclər Forumunun sədr müavini Fuad Hacı Eyyub Azərbaycana ilk səfərin onlarda böyük təəssürat yaratdığını bildirdi. Vurğuladı ki, Bakı gözəl şəhərdir. Azərbaycanın iqtisadi inkişafı görülən işlərdən aydın görünür. Təmsil etdikləri partiyanın fəaliyyəti haqqında məlumat verən qonaqlar bildirdilər ki, Makedoniya Türk Demokratlar Partiyası bu ölkənin parlamentində 1 deputat, hökumətdə isə 1 nazirlə təmsil olunur.

O da bildirildi ki, hər iki partiya, YAP və Makedoniya Türk Demokratlar Partiyası gənclərə böyük önəm verir. Bu diqqət və qayğı isə gənclərin fəallığını artırmaları, ölkənin ictimai-siyasi həyatında fəal iştirakları, beynəlxalq əməkdaşlığa töhfələrini artırmaları üçün stimuldur.


RƏFİQƏ HÜSEYNOVA

Digər xəbərlər