Fevralın 2-də Şabran rayonunda Heydər Əliyev Mərkəzində "Gənclər Günü" münasibətilə Şabran rayon icra hakimiyyəti və rayon gənclər və idman idarəsi ilə birgə tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan rayon Gİİ-nin rəisi Süleyman Əliməmmədov bildirdi ki, ötən il ərzində gənclərlə iş və idman sahəsində həyata keçirilən işlər uğurla başa çatdırılmışdır: "Gənclər Günü"nün təsis edilməsi Ulu Öndər Heydər Əliyevin Azərbaycan gəncliyinə verdiyi önəmin, yüksək dəyərin bariz nümunəsidir. Məhz bu nümunə bu gün Prezident İlham Əliyev tərəfindən reallaşdırılır və Azərbaycanda gənclər siyasəti uğurla həyata keçirilir". Təhsil şöbəsinin müdiri Emin Mövsümov isə öz çıxışında gənclərin cəmiyyətdə oynadığı roldan, onlara dövlət səviyyəsində göstərilən qayğıdan danışdı. O bildirdi ki, gənc nəsil Azərbaycanın gələcəyidir və həmin gənclər ölkəmizi daha da tərəqqiyə, inkişafa aparacaq: "Prezident İlham Əliyevin yürütdüyü gənclər siyasəti də məhz bu uğurlara hesablanıb".
Şəhər R.Yusifov adına 2 nömrəli texniki fənlər təmayüllü tam orta məktəb-liseyin şagirdi C.Əfəndiyeva, 4 nömrəli tam orta məktəbin şagirdi G.Tanrıverdiyeva gələcəyimiz olan gənc nəslin təlim-tərbiyəsindən söz açdılar. Şagirdlər gənc nəslin Prezident İlham Əliyevin ətrafında daha da sıx birləşəcəyini qeyd etdilər.
İkiqat Avropa çempionu, 1 qat dünya çempionu N.Ağamalıyeva idman sahəsində qazanılan uğurlardan, ölkə Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti cənab İlham Əliyevin bu sahəyə göstərdiyi diqqətdən danışdı. Azərbaycanın üçrəngli, aylı-ulduzlu bayrağının beynəlxalq arenalarda ən yüksəyə qaldıran N.Ağamalıyeva göstərilən qayğıya, mənəvi və maddi dəstəyə görə rayon icra hakimiyyətinin başçısı cənab Novruz Novruzova minnətdarlığını bildirdi.
Gəncliyi qaynar həyat, xoşbəxt gələcəyə baxış, bir ümid adlandıran rayon icra hakimiyyətinin başçısı cənab Novruz Novruzov Azərbaycan gənclərinin daim Ümummilli Liderimiz Heydər Əliyevin diqqət mərkəzində olduğunu, dahi şəxsiyyətin qayğısı ilə əhatələndiyini vurğuladı: "Təsis olunan "Gənclər Günü" də Ulu Öndər Heydər Əliyevin uzaqgörənliyinin nəticəsi idi. Belə ki, yalnız bir neçə il sonra beynəlxalq səviyyədə gənclər gününün qeyd olunması rəsmiləşdirildi. Dahi şəxsiyyət Heydər Əliyev siyasi kursunun ən layiqli davamçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyev də gənclərimizdən öz qayğısını bir an belə əsirgəmir".
RƏFİQƏ