Dünyada təcavüzkar ölkə kimi tanınan Ermənistanda təlatümlər yaşanmaqdadır. Ardıcıl olaraq baş verən hadisələr fonunda Sarkisyan diktaturasının özünə təskinlik verməsi, yalançı vədləri bəyanat halında səsləndirməsi ölkə iqtidarının getdikcə zəifləməsi tendensiyasını bütün çılpaqlığı ilə ortaya qoymaqdadır. Bir sözlə, bu dövlətdə hər şey və hər kəs saxta arzularla yaşayır. Əsil həqiqət isə, bəlli olduğu kimi, heç də "Çiçəklənən Ermənistan" müstəvisində qurulmayıb...
Eyni zamanda, xüsusilə də, son zamanlar Ermənistanda ölkənin bir neçə yüksək vəzifəli şəxslərinin istefaya göndərilməsi prosesi hərtərəfli ağır durumda olan ölkədə daha böyük problemlərin yaranmasına gətirib çıxarır. Politoloq, millət vəkili Rasim Musabəyov "Səs"ə verdiyi açıqlamasında Ermənistanın hakimiyyət strukturlarında belə istefaların nə ilə əlaqəli olduğuna aydınlıq gətirdi: "Görünür, prezident S.Sarkisyan Ermənistanda seçkilər ərəfəsində öz hakimiyyətini möhkəmləndirməyə çalışır. Çünki prezident seçkiləri ərəfəsi sabiq prezident Robert Köçəryan da yenidən ölkəyə rəhbərlik etmək iddiasına düşüb. Digər bir tərəfdən isə, Ermənistan hakimiyyətində R.Köçəryanın xeyli sayda adamları var və bu sahədə də danışıqlar gedir. Məhz bütün bunların qarşısını almaq və ölkəyə nəzarətini saxlamaq üçün, S.Sarkisyan hakimiyyət dəhlizlərini təmizləməyə çalışır".
R.Musabəyov onu da vurğuladı ki, istər S.Sarkisyan olsun, istərsə də R.Köçəryan olsun Ermənistanın xarici siyasətində hansısa dəyişikliklərin baş verə biləcəyi mümkünsüzdür: "Hər iki adıçəkilən adamlar - Robert Köçəryan və S.Sarkisyan məzmunla deyil, siyasətdəki üslubları ilə bir birindən fərqlənirlər. Mən bu şəxslər arasında fərqli xüsusiyyətlər görmürəm. Qaldı ki, S.Sarkisyanın təkrarən prezident vəzifəsinə seçilərsə, Ermənistanın Qarabağ nizamlanması məsələsi üzrə mövqeyində hansısa dəyişikliklərin baş verə biləcəyinə inanmıram. Bildiyiniz kimi, Ermənistan hər bir şəkildə Azərbaycan torpaqlarının işğalını qanuniləşdirmək istəyir. Bununla da Ermənistan Qarabağ münaqişəsi ətrafında yaranmış status-kvonu saxlamağa çalışır. Lakin bu status-kvo, faktiki olaraq, Ermənistanın tədricən ölməsinə aparır. Bu fakt son vaxtlar daha aydın görünməyə başlayır. Düşünürəm ki, Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyanın "Ermənistan başa çatır" sözləri təsadüfi xarakter daşımır. Bu reallıq Ermənistan prezidenti seçiləcək istənilən şəxs üçün qaçılmazdır. Bu reallıqlar obyektiv və qaçılmazdır.
R.Musabəyovun sözlərinə görə, bu gün S.Sarkisyan sabiq prezident Robert Köçəryanın iqtidara dönməsindən daha çox narahatçılıq keçirir və buna görə də ölkəyə nəzarəti saxlamaq üçün hakimiyyət dəhlizlərini təmizləməyə üstünlük verib: "Əslində, S.Sarkisyanın bu hərəkətini Robert Köçəryan özü də istəyir. R.Köçəryan Ermənistanın "Ayk" qəzetində verdiyi müsahibəsində bildirir ki, hakimiyyətdən olan tərəfdarları ilə görüşdə Köçəryan bildirib ki, Sarkisyan daxili və xarici təzyiqlərə davam gətirə bilmədiyi üçün tezliklə istefaya getməli olacaq. Çünki Sarkisyanın bacarıqsızlığı ölkədə müxalifətin xeyli güclənməsinə gətirib çıxarıb. Bu səbəbdən Köçəryan yenidən hakimiyyətə qayıdışını vacib sayaraq, iqtidara gəlişindən sonra müxalifəti əzəcəyini bildirib. Robert Köçəryanın hakimiyyət iddiaları və iqtidarda yer alan bəzi qüvvələrlə qurduğu işbirliyi isə, öz növbəsində, Serj Sarkisyan tərəfindən ciddi narahatlıqla qarşılanıb. Beləliklə, Köçəryan və Sarkisyan arasında yaşanan ziddiyyət tədricən daha radikal xarakter almaqda və Ermənistan hakimiyyətinin durumuna ciddi təsir göstərməkdədir".
Beləliklə, bütün bunlar Ermənistanın yeni qanlı olaylara "hamilə" olduğunu göstərir. Hakimiyyətdaxili qruplaşmaların öz mübarizəsini qanlı mərhələyə keçirməsi isə ekspertlərə görə, sonda xalqın iqtidara üsyanı ilə nəticələnəcək. Belə durumda Ermənistanın tam xaosa yuvarlanacağı şübhəsiz görünür. O da istisna deyil ki, hadisələrin bu səpkidə inkişafı, ümumiyyətlə, Ermənistanın bir dövlət kimi məhvinin əsasını qoyacaq.
Aytən Səmədova