PDF Oxu

Sosial

  • 11

“Qaçqın və məcburi köçkünlərlə bağlı dövlət siyasətinin icra vəziyyəti”

“Qaçqın və məcburi köçkünlərlə bağlı dövlət siyasətinin icra vəziyyəti”

Dünən Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində Fransa-Azərbaycan işçi qrupunun üzvlərindən ibarət nümayəndə heyəti ilə görüşü keçirildi.

Azərbaycanda səfərdə olan Fransa senatorları ilə görüşdə çıxış edən baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Fransa Senatında qəbul edilən qondarma "erməni soyqırımı"nın inkarına görə cinayət cəzası nəzərdə tutan qanuna Azərbaycanın mövqeyi, bundan əlavə, 20 il ərzində qaçqın və məcburi köçkünlərin vəziyyəti, ölkənin əldə etdiyi uğurlar və inkişafı barədə qonaqlara məlumat verdi. Ə.Həsənov onu da bildirdi ki, Fransa prezidenti Nikolya Sarkozinin bu addımı Türkiyəyə qarşı atılıb: "Bu, Türkiyəyə qarşı atılıbsa, deməli, həm də Azərbaycana və bütün türk dünyasına, bir neçə müsəlman ölkəsini çıxmaq şərtilə, bütün müsəlman aləminə qarşı atılıb. Sarkozi bu addımı fransız xalqına qarşı da atıb. Çünki Fransa Avropa dəyərlərinin beşiyidir və ən demokratik ölkədir. Azərbaycanla Fransa arasında hər zaman sıx əlaqələr olub və ildən-ilə inkişaf etdirilib. Amma Fransa Senatının belə bir qanun qəbul etməsi xalqın mövqeyi demək deyil. Reallıq və nəzəriyyə tamam fərqli məsələlərdir".

Ə.Həsənov, həmçinin, son 20 ildə Azərbaycan hökuməti qaçqın və məcburi köçkünlər üçün 4,6 milyard dollar vəsait xərclədiyini də bildirdi: "Bu vəsaitin 2,7 milyard dolları dövlət büdcəsi, 1 milyard dolları Neft Fondu, 900 milyon dolları isə beynəlxalq təşkilatlar tərəfindən ayrılıb. Dövlət Neft Fondundan ayrılan 1 milyard dollar vəsait hesabına 70 yaşayış məntəqəsi salınıb. Son 8 ildə 120 mindən artıq ailə yeni evlərə köçürülüb". Komitə sədri onu da vurğuladı ki, 2003-cü ildə məcburi köçkünlər arasında yoxsulluq səviyyəsi 75 faiz idisə, hazırda bu rəqəm 18 faizə düşüb: "2011-ci ildə Azərbaycan dövləti bir məcburi köçkün üçün 900 dollar vəsait xərcləyib. Bu göstərici dünyadakı bütün münaqişə zonalarındakı məcburi köçkünlər üçün sərf edilən ən yüksək rəqəmdir", - Həsənov əlavə edib".

Qaçqın və məcburi köçkünlərin məskunlaşdığı şəxsi ev və yataqxanalardan köçürülməsi işinin sürətləndirildiyini vurğulayan Ə.Həsənov bu günə qədər 400-ə yaxın mənzildə məskunlaşan qaçqın və məcburi köçkünlərin çıxarıldığını bildirdi: "Tikinti prosesi getdikcə həm şəxsi evlərdən, həm də yataqxanalardan qaçqın və məcburi köçkünlərin köçürülməsi davam edəcək. Gələn il isə bu işin daha geniş vüsət alacağı gözlənilir. Şəxsi evlərdən və yataqxanalardan çıxarılan qaçqın və məcburi köçkünlər Abşeron rayonun Qobu qəsəbəsində 200 hektarlıq ərazidə tikiləcək şəhərcikdə yerləşdiriləcəklər". Komitə sədri, həmçinin, onu da söylədi ki, bu il Azərbaycanın doqquz rayonunda qaçqın və məcburi köçkünlər üçün yeni qəsəbələrin tikilməsi nəzərdə tutulur: "Belə ki, Şəkidə 423 mənzildən ibarət qəsəbənin tikintisinə artıq başlanılıb, Mingəçevirdə 502 mənzildən ibarət 10 dənə doqquz mərtəbəli binanın tikintisi davam etdirilir. İsmayıllıda Belarusdan olan inşaatçılar tərəfindən 45 mənzildən ibarət kiçik qəsəbənin tikintisi nəzərdə tutulur. Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində 1410 mənzildən ibarət 20 dənə beşmərtəbəli binadan ibarət şəhərciyin salınması, Masazır qəsəbəsində beşmərtəbəli binaların tikintisi, Beyləqanda xocavəndli məcburi köçkünlər üçün 320 fərdi evdən ibarət qəsəbənin, İmişlidə 350 fərdi evdən ibarət qəsəbənin, eləcə də, Qəbələdə 155 mənzilli iki dənə beşmərtəbəli binanın tikilməsi nəzərdə tutulur. Bununla, doqquz rayonda 3 min 610 mənzildən ibarət binalarda 17 minə qədər məcburi köçkün yerləşdiriləcək". Azərbaycanlı qaçqın və məcburi köçkünlərlə görüşdüklərini deyən Natali Qule isə vurğuladı ki, Fransa həmişə qaçqınların və məcburi köçkünlərin öz doğma yurdlarına qayıtmasının tərəfdarıdır: "Bu, Fransanın daimi mövqeyidir. Azərbaycan tərəfi ölkədə olan qaçqınlar və məcburi köçkünlərlə bağlı məsələni Fransa prezidentinə qarşı əsas kimi istifadə edə bilər. Biz bu qərarın qəbuluna səs verməmişik. Biz Azərbaycanı daha yaxından tanımaq üçün Bakıya səfər etmişik. İnanıram ki, Azərbaycan bu məsələdə emosiyalara qapanmayacaq və biz dostluq qrupunun fəaliyyətini davam etdirəcəyik. Qaçqın və məcburi köçkünlərin məruz qaldıqları faciə Azərbaycana imkan verir ki, belə mövqe tutasınız. Amma inanıram ki, Azərbaycan bu məsələdə emosiyalara qapılmayacaq. Azərbaycana gəlişimizin məqsədi ölkənizlə yaxından tanış olmaq və buradakı həqiqətləri ölkəmizə çatdırmaqdır".

Görüşün davamında fransalı senatorlar qəbul edilən qanunla bağlı öz fikilərini bildirdilər və qarşılıqlı fikir mübadiləsi apardılar. Qeyd edək ki, Fransa Senatının nümayəndələri bu gün səhər Sabunçu rayonu Ramana qəsəbəsində və Binəqədi rayonu ərazisində müvəqqəti məskunlaşan məcburi köçkünlərlə görüşüblər. Fevralın 5-dən başlayan Fransa-Qafqaz dostluq qrupunun sədr müavini, Fransa-Azərbaycan işçi qrupunun rəhbəri, senator Natali Qulenin başçılıq etdiyi parlament nümayəndə heyətinin səfəri fevralın 10-da başa çatacaq.

Görüşdə, həmçinin, Fransanın Azərbaycandakı səfiri Qabriel Keller ilə birlikdə Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov da iştirak edib.


RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər