PDF Oxu

Sosial

  • 11

“İnsanlıq ayıbı Xocalı”

“İnsanlıq ayıbı Xocalı”

Xocalı faciəsinin 20-ci ildönümü ilə əlaqədar İstanbulun ən böyük meydanlarından biri olan Taksim meydanında kütləvi yürüş keçiriləcək. Bu barədə Beynəlxalq Diaspor Mərkəzində məlumat verilib. Məlumatda bildirilir ki, Xocalı faciəsinin 20-ci ildönümü ilə əlaqədar BDM, Beynəlxalq Əsilsiz Erməni İddiaları ilə Mücadilə Dərnəyinin (ASİM-DER) birgə təşkilatçılığı və Türkiyə-Azərbaycan Dərnəklər Federasiyası, İstanbul-Türk-Azərbaycan Dərnəyi və müstəqil Azərbaycan diaspor dərnəklərinin iştirakı ilə fevralın 26-da yürüş-mitinq təşkil olunacaq.

"İnsanlıq ayıbı Xocalı" adı altında keçiriləcək kütləvi aksiya fevralın 26-da saat 13:00-da Qalatasaray Liseyinin qarşısından başlayaraq, 2 saat davam edəcək. Keçiriləcək aksiyada BDM və ASİM-DER-in birgə təşkilatçılığı ilə Azərbaycandan və Türkiyədən millət vəkilləri, ziyalılar, qeyri-hökumət təşkilatlarının nümayəndələri və tanınmış sənətçilərdən ibarət nümayəndə heyəti iştirak edəcək.


Türkiyə şəhərləri ilə yanaşı, digər ölkələrdə də kütləvi tədbirlər keçiriləcək


Eyni zamanda, ASİM-DER və BDM-in birgə təşkilatçılığı ilə fevralın 23-də Uşak şəhərində, fevralın 24-də Muğla Universitetində və fevralın 25-də İstanbul Halkalı Bələdiyyəsinin konfrans salonunda Xocalı faciəsinin 20-ci ildönümü ilə əlaqədar davamlı tədbirlər keçiriləcək.

Həmçinin, fevralın 25-26-da Azərbaycanın Sankt-Peterburqdakı Baş konsulluğunun dəstəyi ilə BDM-in Sankt-Peterburq regional nümayəndəliyi və Azərbaycan diaspor təşkilatının birgə təşkilatçılığı ilə ildönüm tədbirləri keçiriləcək. BDM-in Avropa təmsilçiliyinin və Azər-Çex Cəmiyyətinin təşkilatçılığı ilə Çexiyada da tədbirlər planı hazırlanıb.

Xatırladaq ki, 1992-ci il fevralın 26-da Ermənistan silahlı birləşmələri Xocalı şəhərinin yeddi minlik əhalisinə qarşı soyqırım aktı həyata keçirib. Bu hərbi təcavüz zamanı Xocalı ağır hərbi texnikadan şiddətli atəşlər nəticəsində darmadağın edilib, dinc sakinlərə amansızcasına divan tutulub. Bir neçə saat ərzində 613 soydaşımız, o cümlədən, 106 qadın, 63 uşaq və 70 qoca xüsusi qəddarlıqla qətlə yetirilib, meyitlər üzərində təhqiredici hərəkətlərə yol verilib. Həmin kütləvi qırğın həyata keçirilərkən 8 ailənin həyatına son qoyulub, 25 uşaq hər iki valideynindən, 130 uşaq isə valideynlərinin birindən məhrum edilib, 487 dinc Xocalı sakini ağır yaralanıb və 1275 nəfər girov götürülüb. Girov götürülənlərdən 150 nəfərin taleyi indiyədək məlum deyil.

R.RƏSULOV

Digər xəbərlər