Bu gün Milli Fəaliyyət Proqramı dedikdə, ilk növbədə, "Azərbaycan-2020: gələcəyə baxış" inkişaf strategiyasının hazırlanması çərçivəsində irəli sürülən vəzifələrin kontekstində baxmaq lazımdır. Bu faktor bir daha sübut edir ki, insan hüquqlarının müdafiəsi Azərbaycan Prezidenti İlham Əliyevin siyasətinin prioritetidir. Milli Proqram Azərbaycan Prezidenti İlham Əliyevin mövqeyini, onun ölkəni inkişaf etmiş iqtisadiyyata və regionda möhkəm mövqe tutan təsirli sosial siyasətə malik müasir demokratik- hüquqi dövlət kimi görmək istəyini əks etdirir.
Təbii ki, proqramın hazırlanması prosesində insan hüquqları sahəsində əldə edilən təcrübədən, habelə, digər ölkələrin təcrübəsindən istifadə olunub. Həmin təcrübə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının "İnsan hüquqları sahəsində milli planların hazırlanması üzrə vəsait" adlanan sənəddə ümumiləşdirilib. Qeyd edək ki, həmin sənəddə təhlil aparılıb və Norveç, İsveç, Avstraliya, Latviya, Yeni Zelandiya və başqa bu kimi ölkələrin nisbətən daha səmərəli təcrübəsi təqdim edilib.Onu da xatırlatmaq lazımdır ki, proqram Azərbaycan Respublikası Prezidentinin 2006-cı ilin dekabrında təsdiqlədiyi Milli Fəaliyyət Planını nəzərə alınmaqla hazırlanıb. Onun həyata keçirilməsi üçün tərkibində dövlət orqanlarının və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin olduğu işçi qrup yaradılıb. Fəaliyyət planının aralıq nəticələrinin müzakirəsi üçün işçi qrupun müntəzəm görüşləri ilə yanaşı, dövlət orqanları və qeyri-hökumət təşkilatları rəhbərlərinin və Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələrinin iştirakı ilə illik konfranslar keçirilir. Milli Planın həyata keçirilməsində ölkənin, demək olar ki, bütün şəhər və rayonlarında təşkil olunan ictimai dinləmələr də öz əksini tapır.
PROQRAM DÖVLƏTİN GƏLƏCƏK İLLƏRDƏ FƏALİYYƏTİNİN ƏSAS İSTİQAMƏTLƏRİNİ MÜƏYYƏN EDİR
Xüsusilə, qeyd etmək lazımdır ki, Milli Fəaliyyət Proqramı, həmçinin, 2006-cı ildə qəbul edilən Fəaliyyət Planında nəzərdə tutulan insan hüquqlarının müdafiəsi sahəsində işlərin davam etdirilməsi məqsədilə qəbul edilib. Proqram dövlətin gələcək illərdə fəaliyyətinin əsas istiqamətlərini müəyyən edir və faktiki olaraq, ictimaiyyətə və beynəlxalq birliyə insan hüquq və azadlıqları sahəsində Azərbaycanın prioritetlərinin tam şəklini təqdim edir.
Proqramda bunlardan başqa, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yalnız Azərbaycan barədə qəbul edilən qərarlarda deyil, başqa ölkələrlə bağlı müəyyən edilmiş mövqeyi də nəzərə alınıb. Məsələn, Avropa Məhkəməsinin son qərarlarının təhlili qanunvericilik sahəsində dövlətin prioritetlərini müəyyən edib. Hazırlanması və qəbul edilməsi planlaşdırılan qanunvericilik aktlarının siyahısı Azərbaycanın Avropa Məhkəməsinin beynəlxalq müqavilə və qərarlarından irəli gələn öhdəliklərini əks etdirir. Lakin iş təkcə qanunların qəbul edilməsi ilə məhdudlaşmır. Məhz belə konkret tədbirlər Milli Proqramın ikinci fəslində müəyyən edilib. Azərbaycan xalqının rifahının yüksəldilməsini başlıca məqsəd kimi qarşıya qoyan Azərbaycan dövləti bu istiqamətdə planauyğun işlərin görülməsini davam etdirir. Bunlar məsələn, məcburi köçkünlər, əlillər, aztəminatlı ailələr üçün yeni yaşayış qəsəbələrinin tikilməsi, əməkhaqqının artırılması, yeni iş yerlərinin yaradılması da ola bilər. Bütün bu tədbirlər bilavasitə insan hüquqlarının təmin olunmasına aiddir.
MAARİFÇİLİK VƏ ELMİ-TƏDQİQAT İŞLƏRİ PROQRAMDA XÜSUSİ YERİ TUTUR
Bununla yanaşı, Milli Proqramda maarifçilik və elmi-tədqiqat işlərinin geniş dairəsi də nəzərdə tutulur. Bu istiqamətdə işlər görülmədən qanun yaratma, əhalinin müəyyən qruplarının hüquqlarının müdafiəsi, dövlət orqanlarının işinin səmərəliliyinin artırılması sahələrində səylər yetərincə effektiv ola bilməz. Əhalinin hüquqi mədəniyyət səviyyəsini, insanların öz hüquqlarını və cəmiyyətin həyatında rolunu anlamasının səviyyəsini artırmaq, uşaqlara lap erkən yaşlarından və açıq şəkildə bütün insanlar tərəfindən hüquq və azadlıqlara qarşılıqlı hörmətin cəmiyyətin inkişafının rəhni olduğunu izah etmək lazımdır.
Məlumdur ki, Azərbaycan dövləti qaçqınlar və məcburi köçkünlər problemini bütün beynəlxalq təşkilatlarda qaldırır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə erməni təcavüzü nəticəsində öz doğma evlərini tərk etməyə məcbur olmuş Azərbaycan vətəndaşlarının mindən artıq ərizəsi baxılmaq üçün təqdim olunub. Avropa Məhkəməsində vətəndaşlarımızın maraqlarının müdafiəsi üzrə aparılan iş bu məsələnin müsbət həll olunacağına ümid etmək üçün bütün əsasları verir.
Eyni zamanda, ölkə ictimaiyyəti bu proseslə bağlı müntəzəm məlumatlandırılır.
Milli Proqramın icrasının əlaqələndirilməsi vəzifəsi tərkibinə ayrı-ayrı tədbirlərin icraçısı kimi müəyyənləşdirilmiş orqanların nümayəndələrinin daxil olduqları xüsusi işçi qrupa həvalə olunub. Milli Proqramın təsdiqlənməsi haqqında Azərbaycan Prezidentinin Sərəncamında həmin işçi qrupun işinə nəzarət ombudsmana tapşırılıb. İşçi qrup öz fəaliyyətinin nəticələri haqqında Azərbaycan Prezidenti İlham Əliyevi müntəzəm məlumatlandıracaq. Prezident Administrasiyası bu məlumatları təhlil edəcək və onların qiymətləndirilməsi əsasında ölkə Prezidentinə Milli Proqramda nəzərdə tutulmuş tədbirlərin təkmilləşdirilməsinə dair təkliflər təqdim edəcək. Beləliklə, Milli Proqramın icrasının kompleks və effektiv mexanizmi təmin olunacaq.
RƏFİQƏ KAMALQIZI