PDF Oxu

Sosial

  • 11

“Turizm haqqında” yeni Qanun layihəsi müzakirəyə çıxarılıb

“Turizm haqqında” yeni Qanun layihəsi müzakirəyə çıxarılıb

Bildiyimiz kimi, bu gün qüvvədə olan "Turizm haqqında" qanun layihəsi 1999-cu ildə qəbul edilib. Həmin Qanun 90-cı illərdə Azərbaycanın dünya dövlətləri ilə münasibəti və onun geostrateji mövqeyi nəzərə alınaraq işlənib hazırlanıb. Bu Qanun daha konservativ görüşlərə dayanaraq, hətta o dövrdəki Azərbaycan Respublikasında və dünyada turizm sahəsində gedən dinamik prosesləri əks etdirmirdi. Həmin Qanunda mahiyyətcə heç bir ciddi turizm probleminin həll edilməsi, Azərbaycanın bir turizm dövləti kimi dünyada tanıdılması və bu sahədə inkişafına dair perspektiv normaların müəyyən edilməsi imkanları təmin edilməyib.

XXI əsrin əvvəlindən Azərbaycan Respublikasında qanunvericilik köklü surətdə dəyişdi. Bütün mülki münasibətlərin tənzimlənməsi Avropa standartlarına, onlar bəs etmədikdə isə, universal dünya standartlarına uyğunlaşdırıldı. Bu zaman Azərbaycan Respublikasının xarici siyasətində də ciddi dəyişikliklər baş verdi. Azərbaycan Respublikası 2001-ci ildə BMÜTT-yə üzv oldu və bu təşkilatın nizamnaməsinə uyğun onun Baş Assambleyanın və digər beynəlxalq təşkilatların qərarlarını tanıdı. QUAM, İƏT, QDİƏT və İslam Əməkdaşlıq Təşkilatı kimi beynəlxalq təşkilatlarla əməkdaşlıq genişləndirildi. Bütün bunlar, həm Azərbaycanın turizm sahəsində daha uğurlu addımlar atmağa, həm də, eyni zamanda, turizm xidmətlərinin səviyyəsini qaldırmağa vadar etdi. İndiyə qədər mövcud turizm qanununa bir neçə əlavələrin olmasına baxmayaraq, bu məqamlar Azərbaycan Respublikasında turizmə dair yeni qanunun qəbul edilməsini çıxılmaz edirdi.

Beləliklə, yeni Qanun layihəsinin hazırlanması yuxarıda qeyd olunan qüsurların aradan qaldırılması, Azərbaycan Respublikasında turizm sahəsində yaranan ictimai münasibətlərin kompleks şəklində tənzimlənməsi, turizm xidmətlərinin müasir standartlara uyğunlaşdırılması və Azərbaycan turizm bazarının dünya turizm bazarına inteqrasiyasının təmin edilməsi məqsədini daşıyır.

Yeni Qanun layihəsinin tənzimləmə mövzusunu turizm sahəsində yaranan ictimai münasibətlər təşkil edir. Bu ictimai münasibətlər Qanun layihəsində fəsillərlə bölünərək təsnifatlaşdırılmışdır.

"Turizm haqqında" yeni Qanunun qəbul edilməsi ilə bir sıra nailiyyətlərin əldə olunacağı müəyyənləşdirilir. Belə ki, Azərbaycan Respublikası qanunvericiliyi ilə turizm Avropa standartları arasında olan fərqləri aradan qaldırılmasına yardım edəcək. Ümumdünya Turizm Təşkilatının (BMÜTT) qərar və tövsiyələrinin Azərbaycan Respublikasında tətbiqinə və Azərbaycan Respublikası qanunvericiliyinə implementasiya edilməsini sürətləndirəcək. Bütün bunlarla yanaşı, turistlərin təhlükəsizliyi daha yüksək səviyyədə, yeni üsul və metodlarla təmin ediləcək.

"Turizm haqqında" yeni qanun layihəsində Azərbaycanın informasiya təhlükəsizliyi üçün onun turizm ehtiyatları, mədəniyyəti və tarixi barədə yanlış məlumatların verilməsindən yaranan təhdidin aradan qaldırılması da proqnozlaşdırılıb. Turizm sahəsində xidmətlərin keyfiyyətinin artırılması da diqqətdən yayınmayıb. Turizm infrastrukturu təkmilləşəcək, yeniləşəcək, genişlənəcək, turizm infrastrukturuna investisiya qoymaq imkanları artacaq və turizm sənayesi inkişaf edəcəkdir.

Mədəniyyət və Turizm Nazirliyinin əldə etdiyi təcrübəyə, turizm sahəsindəki beynəlxalq təşkilatların tövsiyələrinə və müvafiq dövlət qurumlarının təkliflərinə əsasən hazırlanmış yeni Qanun layihəsi ictimaiyyətin müzakirəsinə təqdim olunub.

NƏZAKƏT

Digər xəbərlər