PDF Oxu

Sosial

  • 15

Enerji təhlükəsizliyində Azərbaycan modeli

Enerji təhlükəsizliyində Azərbaycan modeli

Zəngin enerji resurslarına malik dövlət kimi Azərbaycan müstəqil xarici siyasət kursu yürüdür. Son bir neçə ildə Azərbaycan enerji siyasəti baxımından Qərbin Cənubi Qafqazdakı əsas tərəfdaş ölkəsinə çevrilib. Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum neft və qaz kəmərlərinin inşası, istismarı ilə bu əməkdaşlıq xüsusi önəm kəsb etməyə başlayıb. Azərbaycanda qlobal enerji və nəqliyyat-kommunikasiya layihələrinin uğurla gerçəkləşdirilməsi, Avropanın enerji təhlükəsizliyinin təminatında ölkəmizin rolunun yüksəldilməsi, neft strategiyasının milli mənafelərə uyğun davam etdirilməsi, qeyri-neft sektorunun ümumi daxili məhsuldakı çəkisinin artırılması, regionların tarazlı və davamlı inkişafı, yeni istehsal müəssisələrinin açılması, işsizlik probleminin, yoxsulluğun aradan qaldırılması, əhalinin sosial müdafiəsi tədbirlərinin gücləndirilməsi məsələləri Prezident İlham Əliyevin iqtisadi siyasətinin əsasını təşkil edir.


20 il ərzində Azərbaycan əsasən enerji ehtiyatlarının səmərəli istifadəsi sayəsində iqtisadiyyatı

şaxələndirilmiş ölkəyə çevrildi


Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Federativ Respublikasına işgüzar səfəri çərçivəsində 48-ci Münhen Təhlükəsizlik Konfransının əsas tədbirlərindən olan "Enerji, ehtiyatlar və ətraf mühit: yeni təhlükəsizlik parametrləri" mövzusunda müzakirələrdə də bu barədə ətraflı danışılmışdır. Tədbirdə dövlət başçısı demişdir ki, Azərbaycan neft istehsal edən ən qədim ölkələrdəndir. Burada sənaye üsulu ilə ilk neft XIX əsrin ortalarında istehsal edilib. Amma o vaxtdan bəri çox şeylər dəyişib. Müstəqilliyin bərpasından sonra xalqımız öz sərvətlərinin sahibi oldu. Bu 20 il ərzində Azərbaycan əsasən enerji ehtiyatlarının səmərəli istifadəsi sayəsində iqtisadiyyatı şaxələndirilmiş ölkəyə çevrildi. 1990-cı illərin ortalarında ölkəmizin təşəbbüsü ilə həyata keçirilən layihələr, faktiki olaraq, Qafqaz və Xəzər regionlarının enerji xəritəsini əhəmiyyətli dərəcədə dəyişdi və Avropanın da enerji xəritəsini dəyişməkdədir.

Ölkə Prezidenti İlham Əliyev daha sonra demişdir: "Xəzər dənizindən Aralıq dənizinə neft nəql edən böyük boru kəməri kimi tərəfimizdən inşa edilən enerji dəhlizi indi təkcə Azərbaycan xalqı və tərəfdaşlarımız üçün faydalı olmaqla yanaşı, gələcək layihələrimiz üçün də çox səmərəlidir. Azərbaycan indi həm də nəhəng qaz ehtiyatlarına malik ölkə kimi də tanınır. Bizim 1 trilyon kubmetrdən çox qaz ehtiyatı olan "Şahdəniz" yatağı dünyada ən böyük yataqlardan biridir. 2010-cu ildə və ötən il kəşf edilən yeni qaz yataqları Azərbaycanın qaz ehtiyatlarının 2,5 trilyon kubmetrdən çox olduğunu sübut edib. Aydındır ki, bu ehtiyatlar həm bizim, həm də tərəfdaşlarımız və istehlakçılarımız üçün yetərincə olacaqdır".


Azərbaycan ilə istehlakçılar arasında enerji təhlükəsizliyi məsələsində düzgün balans tapır


Dövlət başçımız, həmçinin, bildirmişdir ki, biz hazırda daha geniş enerji dəhlizinin yaradılması üzərində işləyirik. Bu, təkcə neft sahəsini deyil, qaz sahəsini də əhatə edəcəkdir. Hazırda regionumuzun enerji təhlükəsizliyinə əhəmiyyətli dərəcədə təsir edəcək mühüm qərarların qəbul edildiyi enerji layihələrimizin çox vacib və çətin mərhələsindəyik. Azərbaycan, əlbəttə ki, öz enerji təhlükəsizliyini təmin edib. Ancaq bazarlar olmadan biz, əlbəttə ki, layihələrimizi tam şəkildə həyata keçirə bilməyəcəyik. Bu gün biz şaxələndirilmiş boru kəmərləri şəbəkəsinə malikik. Azərbaycanın açıq dənizə birbaşa çıxışı yoxdur. Şaxələndirilmiş boru kəməri şəbəkəsi bizə neft və qazımızı müxtəlif istiqamətlərə nəql etməyə imkan verir. Buna görə də, şaxələndirmə istehsalçı ölkə kimi bizim üçün çox böyük əhəmiyyətə malikdir. Biz başa düşürük ki, bu, istehlakçılar üçün də əhəmiyyət kəsb edir. Biz istehsalçı ölkə olan Azərbaycan ilə istehlakçılar arasında enerji təhlükəsizliyi məsələsində düzgün balans tapmalıyıq və düşünürəm ki, tapırıq. Tranzit ölkələrin də maraqlarını unutmaq olmaz. Buna görə də, bu maraqların balansı və tərəfdaşlarımızın maraqlarına adekvat yanaşma layihələrimizin uğurla reallaşması üçün əsas səbəbdir.

Prezident İlham Əliyevin vurğuladığına görə, bütün sahələrdə əldə edilən uğurlar nikbinlikdən xəbər verir. Bu nikbinliyi artıran bir neçə səbəb vardır: "Hər şeydən öncə, əvvəl dediyim kimi, yeni qaz yataqlarının kəşfi, artıq mövcud olan nəqletmə infrastrukturu, baxmayaraq ki, bunun sayı elə də çox deyildir. İkincisi, Avropada bizim enerji ehtiyatlarımıza artan tələbat, o cümlədən, Avropa institutları və Azərbaycan arasındakı olduqca məhsuldar əməkdaşlıq son bir neçə ildə əsl tərəfdaşlıq münasibətlərinə çevrilib. Avropa Komissiyası prezidentinin 2011-ci ildə Azərbaycana səfəri və "Cənub qaz dəhlizi" ilə bağlı Bəyannamənin imzalanması və hörmətli Ottingerin həmsədrlik etdiyi işçi qrupunun yaradılması. Bütün bu amillər gələcək planlarımızla bağlı çox müsbət mənzərə yaradır".


Azərbaycan avropalı istehlakçılar üçün yeni, böyük mənbədir


Şaxələndirmə və enerji təhlükəsizliyi məsələləri bir-biri ilə birbaşa bağlıdır. Amma burada, ilk növbədə, eyni mənbəli marşrutların şaxələndirilməsindən daha çox mənbələrin şaxələndirilməsinə mühüm diqqət yetirilməlidir. Baxmayaraq ki, marşrutların şaxələndirilməsi də əhəmiyyətlidir. Belə ki, Azərbaycan avropalı istehlakçılar üçün yeni, böyük mənbədir. Əgər güclü "Cənub" dəhlizinin inşasında planların həyata keçirilməsi reallaşsa, gələcək onilliklərdə enerji sahəsində çox məhsuldar və qarşılıqlı faydalı əməkdaşlıq mərhələsinə də daxil olmaq öz həllini tapacaq. Buna görə də, enerji təhlükəsizliyi artıq milli təhlükəsizliyin önəmli bir məsələsinə çevrilib. Azərbaycan istehsalçı kimi bunu başa düşür və bütün tərəfdaşların da məsələyə bu cür yanaşılması arzulanır. Dövlət başçısı konfransda, həmçinin, qeyd etmişdir ki, bir əsrdən artıqdır ki, Azərbaycanın neft ehtiyatları ətraf mühitin mühafizəsinə heç bir hörmət qoyulmadan işlənilib. Bizim keçmişimizdə "ətraf mühit" anlayışı, faktiki olaraq, bir o qədər də lazımınca qiymətləndirilməyib. Bu gün bizim öhdəliyimiz onilliklər boyunca suda və quruda neft istehsalından qalan bütün o "miras"ı təmizləmək və həmçinin, qlobal ətraf mühitin mühafizəsi işinə öz töhfəmizi verməkdir. Buna görə də, baxmayaraq ki, neftimiz, qazımız və bazarlarımız var, biz indi bərpa olunan enerji sahələrinə sərmayə yatırırıq. Biz düşünürük ki, bu, bizim öhdəliyimizin bir hissəsidir. Biz su enerjisinə sərmayə yatırırıq. Biz keçən ildən başlayaraq günəş və külək enerjisinə sərmayə qoymağa başlamışıq. Ona görə yox ki, bizim bu alternativ mənbələrə kəskin şəkildə ehtiyacımız vardır. Xeyr. Ona görə yox ki, bu, bizim enerji balansımızın əhəmiyyətli hissəsidir. Ona görə ki, biz buna keçmiş və gələcək nəsillərimiz qarşısında öhdəlik kimi yanaşdıq. Buna görə də mən çox şadam ki, bu gün biz ekoloji mühafizə ilə bağlı məsələlərlə yanaşı, enerji təhlükəsizliyi, enerji ehtiyatlarını birlikdə müzakirə edirik. Azərbaycan öz rolunu oynamağa, enerji təhlükəsizliyini təmin etməyə, şaxələndirməyə və təbiətimizi mühafizə etməyə hazırdır.

Göründüyü kimi, böyük neft-qaz ehtiyatlarına malik ölkələr qarşısında duran əsas məsələ bu resurslardan səmərəli faydalanmaq, onun əsasında inkişafın möhkəm təməlini yaratmaqdır. Mövcud dünya xəritəsinə nəzər yetirdikdə, belə aydın olur ki, zəngin enerji resurslarına malik ölkələrin heç də hamısı bundan böyük perspektivlərə yol açan, dinamik tərəqqini təmin edən inkişaf naminə istifadə edə bilmir. Lakin bu müstəvidə uğurlu nümunənin əsasını yaradan, neft kapitalını insan kapitalına müvəffəqiyyətlə çevirməyi bacaran ölkələr də mövcuddur ki, onların sırasında Azərbaycan xüsusilə seçilir.

R.KAMALQIZI

Digər xəbərlər