Kvemo Kartli-Borçalı bölgəsinin Marneuli şəhərindəki Azərbaycanlıların Mədəniyyət Mərkəzində Xocalı soyqırımı ilə əlaqədar tədbir keçirilib. Mərasimi Gürcüstan Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin rəhbəri Fazil Həsənov açaraq, XX əsrin sonunda, dünyanın sivilizasiyaya üz tutduğu bir vaxtda dəhşətli soyqırımı baş verdiyini konkret faktlarla əsaslandırıb.
Mərasimdə Azərbaycan-Gürcüstan parlamentlərarası dostluq qrupunun rəhbəri Qənirə Paşayeva çıxış edərək, Xocalı soyqırımı, onun təşkilatçıları barədə iştirakçılara ətraflı məlumat verib. O, qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin cəsarəti sayəsində dünya ictimaiyyəti Azərbaycan həqiqətlərini eşitmək məcburiyyətində qalmışdır. Bu gün isə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə dünya ictimaiyyəti Xocalı soyqırımı barədə məlumatlandırılır və bu faciəni törədənlərə nifrət günbəgün artır. Bir çox ölkələr mənfur erməni xisləti nəticəsində bir gecədə bir şəhərin yer üzündən silinməsini faciə deyil, soyqırımı sayır. Qənirə Paşayeva Azərbaycan xalqının yaddaş tarixindən belə səhifələrin heç vaxt silinməyəcəyini vurğulayıb, şəhid qanının müqəddəslik, zirvə olduğunu diqqətə çatdırıb. Tədbirdə Gürcüstan parlamentinin deputatı Azər Süleymanov bir gecədə bir şəhərin yer üzündən silinməsinin soyqırımından başqa özgə adı olmadığını vurğulayıb, tarixin buna obyektiv qiymət verəcəyinə əmin olduğunu bildirib. Gürcüstanlı deputat üzvü olduğu ali qanunvericilik orqanının bu məsələyə münasibət bildirməsi yönümündə işin davam etdiriləcəyini söyləyib.
Mərasimdə çıxış edən yazıçı-publisist Əli Abbas, gənc tarixçi Aygül İsayeva və başqaları Xocalı soyqırımını XX əsrin faciəsi olduğunu bildirib, bəşəriyyətin ermənilərin bu hərəkətinə laqeyd qalmayacağına əmin olduqlarını söyləyiblər.
Mədəniyyət Mərkəzinin foyesindəki Xocalı soyqırımı ilə əlaqədar təşkil olunan fotostend iştirakçıları göz yaşına qərq edib. Qərara alınıb ki, fevral ayı Xocalı soyqırımının xatirəsi ayı kimi yadda qalsın. Tədbirin sonunda Xocalı faciəsindən bəhs edən film nümayiş etdirilib.
ZÜMRÜD