PDF Oxu

Sosial

  • 5

Xalqın istək və arzularını reallaşdıran partiya

Xalqın istək və arzularını reallaşdıran partiya

Dünən YAP Mingəçevir şəhər təşkilatının yaranmasının 19 illiyi ilə əlaqədar tədbir keçirildi. Tədbir iştirakçıları öncə Ümummilli Liderimiz Heydər Əliyevin Mingəçevir şəhərində ucaldılmış abidəsi önünə gül-çiçək dəstələri düzərək, Ulu Öndərin xatirəsini ehtiramla yad ediblər.

Mingəçevir şəhər icra hakimiyyətinin başçısı Mübariz Ağayev, Milli Məclisin deputatı, YAP Siyasi Şurasının üzvü Aydın Mirzəzadə, Prezident Adminstrasiyasının məsul işçisi Nazim Əzəmmədovun da iştirak etdiyi yığıncağı giriş sözü ilə açan YAP Mingəçevir şəhər təşkilatının sədri Cavanşir Yusubov öncə partiya üzvlərini bu əlamətdar gün münasibətilə təbrik edib. Daha sonra 1992-ci il, noyabrın 21-də Naxçıvan şəhərində Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə keçirilən yığıncaqda təsis edilən Yeni Azərbaycan Partiyasının yaranmasından və şərəfli inkişaf yolundan danışan natiq, YAP-ın regionda ən güclü siyasi partiya olduğunu bildirib.

Şəhər təşkilatının hazırda özündə 51 ərazi ilk təşkilatını və 5970 üzvü birləşdirdiyini deyən Cavanşir Yusubovun sözlərinə görə, partiya üzvləri cəmiyyətdə baş verən proseslərin önündə gedir, şəhərin ictimai-siyasi, mədəni, iqtisadi həyatında öz fəallıqları ilə daima seçilirlər: "Şəhər təşkilatı ölkəmizdə keçirilən prezident, parlament və bələdiyyə seçkiləri, həmçinin, Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklərin edilməsinə dair ümumxalq səsverməsi (referendum) zamanı öz fəallığı ilə seçilib. Əminik ki, bundan əvvəl olduğu kimi, bundan sonra ölkəmizdə keçiriləcək bütün seçkilərdə YAP-ın namizədləri qalib gələcəklər. Çünki ölkənin hər yerində olduğu kimi, Mingəçevir ictimaiyyəti də əsası Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulan, Prezident İlham Əliyevin Sədri olduğu Yeni Azərbaycan Partiyasına inanır və etimad göstərirlər".

Tədbirdə çıxış edən YAP Mingəçevir şəhər təşkilatının ilk sədri, partiyanın Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Aydın Mirzəzadə bildirib ki, yaradıcısı Ümummilli Lider Heydər Əliyev olan Yeni Azərbaycan Partiyası zamanın çətin sınaqlarından şərəflə çıxaraq böyük siyasi qüvvəyə çevrilib.

Onun sözlərinə görə, Azərbaycan dövlətçiliyinin formalaşmasında, ictimai-siyasi sabitliyin bərqərar olmasında, ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artmasında YAP-ın mühüm rolu və xidmətləri var: "Sevindirici haldır ki, bu gün YAP-ın üzvlərinin böyük əksəriyyətini Ulu Öndərimiz Heydər Əliyevin və ölkə Prezidenti İlham Əliyevin böyük önəm verdiyi gənclər ordusu təşkil edir".

1993-cü il fevralın 13-də təsis edilən YAP Mingəçevir təşkilatının yaranma tarixinə qısa nəzər salan millət vəkili hazırda Mingəçevirdə fəaliyyət göstərən 23 siyasi partiya və 60 qeyri-hökumət təşkilatı arasında YAP Mingəçevir şəhər təşkilatının fəaliyyətinin xüsusilə seçilməsinin təqdirəlayiq hal olduğunu deyib. "Yeni Azərbaycan Partiyası Mingəçevir şəhər təşkilatı bütün siyasi proseslərdə üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlib" deyən Aydın Mirzəzadə, eyni zamanda, şəhər təşkilatının bundan sonra da daima Ulu Öndər Heydər Əliyevin siyasi xəttini uğurla həyata keçirən YAP Sədri, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yanında olmaqla, öz dəstəyini əsirgəməyəcəyini bildirib.

Yığıncaqda çıxış edən Prezident Adminstrasiyasının məsul işçisi Nazim Əzəmmədov, Mingəçevir şəhər icra hakimiyyətinin başçısı Mübariz Ağayev, YAP Mingəçevir şəhər təşkilatının idarə heyətinin üzvü Ramiz Kərimov, YAP Mingəçevir şəhər təşkilatının gənclər birliyinin sədri Samirə Hacıyeva da hakim partiyanın ölkənin inkişaf tarixində böyük rolundan danışaraq, bugünkü gün münasibətilə partiya üzvlərini təbrik ediblər.

Yığıncağın sonunda partiya sıralarına yeni qəbul edilən gənclərə üzvlük vəsiqələri, altı nəfər partiya fəalına isə şəhər təşkilatının fəxri fərmanı verilib.


RƏFİQƏ HÜSEYNOVA

Digər xəbərlər