Oqtay Əsədov: "Heç bir xarici qüvvə Azərbaycan ərazisindən qonşu dövlətə qarşı istifadə edə bilməz"
Dünən Milli Məclisin növbəti plenar iclası keçirildi. Oqtay Əsədovun sədrliyi ilə keçirilən iclasının gündəliyində "Mərkəzi Bankın İdarə Heyəti üzvlərinin təyin edilməsi", "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi", "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" qanuna əlavə edilmiş "Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı"nda dəyişiklik edilməsi barədə qanun layihəsi, "İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi", "Cinayət Məcəlləsində dəyişiklik edilməsi", "Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında" qanun layihəsi (II oxunuş) müzakirəyə çıxarıldı.
İclasın açılışında İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqındakı nümayəndə heyətinin rəhbəri, professor, millət vəkili Gövhər Baxşəliyeva İndoneziyanın Palembanq şəhərində İslam Əməkdaşlıq Təşkilatının Parlament İttifaqının 14-cü sessiyası və 7-ci konfransında iştirakı barədə həmkarlarına məlumat verdi. G.Baxşəliyeva bildirdi ki, konfransda millət vəkilləri Sabir Rüstəmxanlı, Mirkazım Kazımov, Cavanşir Paşazadə iştirak ediblər: "Yanvarın 26-27-si qurumun Siyasi və İqtisadi Məsələlər üzrə Daimi İxtisaslaşmış Komitəsinin iclasında Sabir Rüstəmxanlı iştirak etdi. Həmin komitənin iclasında S.Rüstəmxanlı Fransa Senatının Türkiyəyə dair son qərarı məsələsini qaldırdı və həmin qərarı kəskin şəkildə tənqid etdi. Təklif etdi ki, bu məsələ 7-ci konfransın materiallarına salınsın".
G.Baxşəliyeva onu da vurğuladı ki, millət vəkili Hüquqi Məsələlər, İnsan Hüquqları və Ətraf Mühit üzrə Daimi İxtisaslaşmış Komitədə Mirkazım Kazımov iştirak etdi: "Mən özüm isə İƏTPİ-nin Qadınlar, Sosial və Mədəni Məsələlər üzrə Daimi İxtisaslaşmış Komitəsinin işində iştirak etdim. Bu tədbirlər ayın 26-da və 27-də günün birinci yarısına qədər oldu. 27-də günün ikinci yarısında Qadın Parlamenti İttifaqı çərçivəsində qadın parlamentarilərin birinci iclası keçirildi, buna konfrans da, iclas da demək olar. Ümumiyyətlə, çox sevindirici haldır ki, islam dünyasında, müsəlman aləmində, o cümlədən, də bu təşkilatda qadınların cəmiyyətdəki roluna böyük diqqət yetirilməyə başlanılıb".
Millət vəkili vurğuladı ki, konfransın yekun hesabatında İƏT Pİ-nin əməkdaşlığı çərçivəsində üzv ölkələrin parlamentləri Ermənistan silahlı qüvvələri tərəfindən Xocalı şəhərində dinc əhaliyə qarşı həyata keçirilmiş kütləvi qırğını soyqırımı aktı kimi tanımağa çağırıldı və onu törədənlərin məsuliyyətə cəlb edilməsi tələb olundu. Spiker Oqtay Əsədov isə bildirdi ki, İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqına Xocalı soyqırımı haqqında qətnamə layihəsinin təqdim olunmasını mühüm məsələ kimi dəyərləndirdi. Sonra millət vəkilləri İranın bu günlərdə Azərbaycana təqdim etdiyi notaya münasibət bildiriblər.
Millət vəkili Qənirə Paşayeva bildirib ki, Azərbaycan ən ağır dövrlərində belə İranın dəstəyini hiss etməyib: "İran daima Ermənistanı dəstəkləyib. Əgər vaxtilə İran Ermənistanla sərhədləri bağlasaydı, bəlkə də Dağlıq Qarabağ münaqişəsi çoxdan həll olunardı. İran hər zaman Ermənistanı dəstəkləyib və bu gün də İranın ən çox iqtisadi əlaqələri Ermənistanladır". Q.Paşayeva onu da söyləyib ki, İranda "Səhər" kanalı yaradıblar və bu kanal gün ərzində Azərbaycana qarşı təxribat xarakterli verilişlər yayır. Deputat Zahid Oruc isə bildirib ki, Azərbaycan indiyə qədər anti-İran bloklarında yer almayıb, lakin İranın davranışları buna vadar edir. Millət vəkili, həmçinin, Müsavat Partiyasının başqanı İsa Qəmbərovun "Eurovision"a qatılacaq əcnəbi ifaçılara müraciət etməsi faktını da xatırlatdı və onun belə bir iyrənc hərəkət etməsini pislədi.
Milli Məclisin spikeri Oqtay Əsədov çıxışında deputatların qaldırdığı məsələyə münasibət bildirərək, deyib ki, bir çox qüvvələr var ki, İranda Azərbaycana qarşı təhdidlərlə məşğuldurlar: "Bunun kökünü axtarsaq, gedib yenə də bəzi qurumlara çıxacaq. İran Azərbaycana qonşu dövlətdir. Biz hər zaman İranla münasibətlərin yaxşı olmasına çalışmalıyq. Razıyam ki, İran diplomatiyasında bəzi səhvlərə yol verildi, İran parlamentində Azərbayana qarşı çıxışlar oldu. Hətta Türkmənçay müqaviləsinin ləğvi məsələsini qaldırırlar. Biz hər vəchlə çalışmalıyıq ki, bu məsələlər çox dərinləşməsin".
Spikerin sözlərinə görə, ölkə Prezidenti də dəfələrlə bəyan edib ki, heç bir xarici dövlət Azərbaycan ərazisindən istifadə edərək, heç bir qonşu ölkəyə qarşı tədbir keçirə bilməz: "Azərbaycana qarşı yönələn qüvvələrin - "Səhər" televiziyasının və digər qurumların cavabı verilir və veriləcək".
Bahar Muradova: "Bu gün dünyada və bölgədə gedən proseslərə adekvat münasibət bildirilməlidir"
Milli Məclisin vitse-spikeri Bahar Muradova iclasda çıxışında bildirdi ki, İranla bağlı münasibətlərdə qonşuluq siyasəti həyata keçiririk: "Lakin sonda sərt notalar gördük. Bu gün dünyada və bölgədə gedən proseslərə adekvat münasibət bildirilməlidir". Sonra Milli Məclisin gündəliyində olan birinci - Azərbaycan Mərkəzi Bankı İdarə Heyətinin üzvlüyünə namizədlərin növbəti müddətə təyin olunması məsələsi müzakirə olundu. Namizədlər barədə MM-in İqtisadi Siyasət Komitəsinin sədri Ziyad Səmədzadə məlumat verdi.
AMB-nin İdarə Heyətinə daxil olan Alim Quliyev, Vadim Xubanov və Aftandil Babayev səsvermə nəticəsində yenidən AMB İdarə Heyəti üzvlüyünə təyin olundular.
Vilayət Zahirov: "Bələdiyyələrlə bağlı başlıca problemlərdən biri bələdiyyə mülkiyyətində olan torpaqlardan səmərəli istifadə olunmamasıdır"
Plenar iclasın gündəliyində olan ikinci məsələ ilə bağlı - bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın - Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin illik məruzəsi dinlənildi. Məruzəni ədliyyə nazirinin müavini Vilayət Zahirov yerli özünüidarəetmənin səmərəliliyinin artırılması istiqamətində Azərbaycan dövlətinin götürdüyü kursun 2011-ci ildə də uğurla davam etdirildiyini bildirdi: "Lazımi qanunlar qəbul olunub, bələdiyyələrə dövlətin maliyyə yardımı xeyli artırılıb".
V.Zahirov onu da vurğuladı ki, ötən il Ədliyyə Nazirliyinə bələdiyyələrin fəaliyyəti ilə bağlı vətəndaşlardan və müxtəlif qurumlardan 2387 müraciət daxil olub: "Bunlardan 1693-nə əsaslandırılmış cavablar verilib, 28-i təmin edilib, 49 müraciət əsasında inzibati nəzarət qaydasında araşdırma aparılıb. Müraciətlərə baxılarkən, aşkar edilən hüquq pozuntularının aradan qaldırılması üçün ayrı-ayrı bələdiyyələrə 279 tövsiyə verilib. 2011-ci ildə bələdiyyələrin qəbul etdikləri 31 min 974 akt ekspertizadan keçirilmək üçün Ədliyyə Nazirliyinə göndərilib ki, bu da 2010-cu illə müqayisədə 20 faiz çox olub. Ekspertiza zamanı aşkara çıxan qanun pozuntularının aradan qaldırılması üçün zəruri tədbirlər görülüb. Fəaliyyətində daha ciddi qanun pozuntuları aşkarlanan 28 bələdiyyəyə dair müvafiq materiallar toplanaraq prokurorluq orqanlarına göndərilib. Onlardan 15-i üzrə cinayət işi başlanıb. Bütövlükdə il ərzində inzibati xəta haqqında 690 protokol tərtib edilib, həmin sənədlər əsasında 581 bələdiyyə sədri məhkəmələr tərəfindən inzibati məsuliyyətə cəlb olunub. 71 bələdiyyə sədri isə təkrar məsuliyyətə cəlb edilib. Faktlar göstərir ki, başlıca problemlərdən biri bələdiyyə mülkiyyətində olan torpaqlardan səmərəli istifadə olunmamasıdır".
Daha sonra məruzə ətrafında müzakirələr oldu.
Siyavuş Novruzov: "Bələdiyyələrlə bağlı kifayət qədər qanun var, ancaq bələdiyyə üzvlərinin sayının azaldılması lazımdır"
YAP İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov bildirdi ki, bələdiyyələrlə bağlı kifayət qədər qanun var, ancaq yaxşı olardı ki, bələdiyyə üzvlərinin sayı azaldılsın: "Azərbaycanda bununla bağlı 20-dən çox qanun var ki, ən qabaqcıl ölkələrdə belə bu qədər qanun yoxdur. Qarşıdan 2014-cü ildə bələdiyyə seçkiləri gəlir. Hesab edirəm ki, bu istiqamətdə islahatlar keçirilməli, qanunlar təkmilləşdirilməlidirlər".
S.Novruzov onu da bildirdi ki, bələdiyyə üzvlərinin sayına görə Azərbaycan dünyada ön yerlərdə gedən ölkədir: "Misal üçün Yasamal bələdiyyəsinin 18 üzvü var. Amma onlar nəinki camaatın, heç öz problemlərini də həll edib qurtara bilmirlər. Hesab edirəm ki, ümumiyyətlə, bələdiyyə üzvlərinin sayı azaldılmalıdır".
Millət vəkili Vahid Əhmədov isə bildirdi ki, yerli icra hakimiyyətlərinin göstərişi və icazəsi olmadan bələdiyyələr nə torpaq sata, nə də icarəyə verə bilər.
O, vurğuladı ki, bələdiyyələrin statusu haqqında müddəalar konstitusiya və bələdiyyələrin statusu haqqında qanunda əksini tapıb. Amma bələdiyyələrin funksiyalarını yerli icra hakimiyyəti orqanları qanunsuz olaraq həyata keçirirlər. Müzakirələrdən sonra sənəd səsə qoyularaq qəbul olundu.
Axşam iclasında deputatlar "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Qanuna əlavə edilmiş "Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı"nda, eləcə də, İnzibati Xətalar və Cinayət məcəllələrinə əlavələr və dəyişikliklər etdilər. Qeyd olundu ki, bu dəyişikliklər ölkə qanunvericiliyinin daha da təkmilləşməsinə və inkişafına xidmət edir. Sonra "Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında" qanun layihəsi ikinci oxunuşda müzakirə olundu.
Parlamentin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin sədri Əli Hüseynli gündəlikdəki qanun layihəsi barədə iclas iştirakçılarına məlumat verdi. Bildirdi ki, müzakirə olunan sənəd Azərbaycan Prezidenti İlham Əliyevin ötən ilin dekabrında imzaladığı insan hüquqlarının daha səmərəli qorunmasına dair milli fəaliyyət planının həyata keçirilməsində ilk addım kimi qiymətləndirilməlidir: "Dörd fəsil, əlli maddədən ibarət olan qanun layihəsi tutulmuş və ya həbs edilmiş şəxslərin hüquqlarının təmin edilməsinə yönəlmişdir. Burada şəxsin tutulmasının əsasları, onun təhlükəsizliyi, hüquqları, maddi, tibbi təminatı və digər məsələlər öz əksini tapmışdır. Sənəddə həbs yerlərində daxili intizam qaydaları, müdiriyyətin vəzifələri müəyyən edilmişdir. Sənəddə yetkinlik yaşına çatmayanların və qadınların saxlanılması barədə ayrıca maddələr vardır. Qanun layihəsi ilə bağlı ATƏT-in müvafiq institutlarından da müsbət rəy alınmışdır". İclasda çıxış edən deputatlar qanun layihəsinin Avropa standartlarına cavab verdiyini vurğulamış, insan hüquq və azadlıqlarının təmin edilməsində mühüm addımlardan biri kimi qiymətləndirdilər. Sonda qanun layihəsi ikinci oxunuşda qəbul olundu.
RƏFİQƏ KAMALQIZI