Asəf Hacıyev: "Fransa parlamentinin tarixdə baş verməsi bəlli olmayan hadisə haqqında qanun
qəbul etməsi demokratiyaya uyğun deyil"
Fransa Senatı tərəfindən qondarma "erməni soyqırımı"nı inkar edənlərin cinayət məsuliyyətinə cəlb olunmasını nəzərdə tutan qanun layihəsinin qəbul edilməsinə ictimaiyyətin etirazı davam etməkdədir. Məsələ ilə bağlı qəzetimizə açıqlama verən Yeni Azərbaycan Partiyasının beynəlxalq əlaqələr şöbəsinin müdiri, millət vəkili Asəf Hacıyev bildirib ki, Fransa Senatında "Qanunla tanınmış soyqırımların mövcudluğunun təkzib edilməsinə görə cəza nəzərdə tutan" qanun layihəsinin qəbulu Fransa və beynəlxalq qanunlara ziddir: "Çünki BMT-nin qəbul etdiyi konvensiyaya uyğun olaraq, bu tipli məsələlər yalnız xüsusi status daşıyan məhkəmələrdə müzakirə edilə və qərar qəbul oluna bilər".
A.Hacıyev onu da vurğulayıb ki, Fransa parlamentinin tarixdə baş verməsi bəlli olmayan hadisə haqqında qanun qəbul etməsi demokratiyaya uyğun deyil: "Bu sənədi Fransa kimi ölkənin Senatının qəbul etməsi nəinki demokratik prinsiplərə ziddir, eyni zamanda, çox xoşagəlməz misaldır. Bu, seçkiqabağı siyasi alver olmaqla yanaşı, antidemokratik qərardır, Fransa Konstitusiyasına ziddir. Fikrimcə, Fransa Konstitusiya Məhkəməsi qanunun təsdiqinə imkan verməyəcək. Eyni zamanda, Türkiyə və Azərbaycan bu istiqamətdə işlərini davam etdirməlidir".
O, həmçinin, bildirib ki, BMT-nin hansısa qurumu səviyyəsində tarixdə baş verməsi təsdiqlənməmiş hadisə haqqında qanunların qəbul edilməsi heç də Fransaya uğur gətirməyəcək: "Türkiyə yaxın illərdə dünyanın iqtisadi baxımdan ən böyük 10 dövləti sırasında olacaq. Bu qanunun qəbul olunması isə yalnız Fransaya başağrısı verəcək. Fransa Senatının qəbul etdiyi qanun Avropa dəyərlərinə ziddir. Belə çıxır ki, fransızlar bu dəyərlərə qarşı çıxır. Avropanı birləşdirən məhz dəyərlərdir. Bu dəyərlərə qarşı çıxmaq Avropa Birliyi üçün böyük problemlər yaradacaq. Onsuz da Avropa Birliyi ciddi iqtisadi böhran yaşayır. Bunun ardınca isə mənəvi böhran gəlir. Hesab edirəm ki, bu məsələlər Avropaya daha ciddi zərbə vuracaq. Çünki bütün bunlar Avropanın gələcəyi üçün xoşagələn hadisələr deyil".
İsa Həbibbəyli: "Fransa demokratik imicinə ciddi zərbə vurdu"
Millət vəkili İsa Həbibbəyli məsələyə münasibət bildirərək, vurğuladı ki, yanvarın 23-də Fransa Senatı səkkiz saatlıq müzakirələrdən sonra qondarma "erməni soyqırımı"nın inkarına görə cinayət məsuliyyətinin tətbiqi barədə qanun layihəsini qəbul etməklə, öz demokratik imicinə ciddi zərbə vurmuş oldu: "Qanun layihəsi qondarma "erməni soyqırımı"nı inkar edənlərə qarşı bir ilədək azadlıqdan məhrumetmə cəzası və ya 45 min avro həcmində cəriməni nəzərdə tutur. Bu qanunun qəbulundan sonra Fransanın özünü ədalətli ölkə adlandırmağa heç bir haqqı yoxdur. Bir də, dünyanın heç bir ədalətli ölkəsində başqa bir dövlətin sübut olunmayan tarixini inkara görə vətəndaşları həbs etmirlər. Bu addım birbaşa insan hüquqlarına ziddir. Əgər bu, belə deyilsə və Fransa özünü ədalətli ölkə adlandırırsa, onda gərək 1918-ci il martın 31-də Azərbaycanın müxtəlif bölgələrində və 1992-ci il fevralın 26-da Xocalıda törədilən soyqırımları da tanısın və bu faktları da inkar edənləri həbs etsin və ya cərimələsin". İ.Həbibbəyli onu da bildirib ki, Fransa Senatının "erməni soyqırımı"nın inkarına görə cinayət məsuliyyətinin tətbiqi barədə qanun layihəsini qəbul etməsi onun fəaliyyəti dövründə buraxdığı ən böyük tarixi səhv olaraq yaddaşlarda qalacaq: "Sarkozi bu hərəkəti ilə Fransada keçiriləcək prezident seçkilərində qalib gəlmək üçün burada yaşayan ermənilərin dəstəyini qazanmaq kimi də qiymətləndirmək olar. Amma Azərbaycan, həmişə olduğu kimi, bu məsələdə də Türkiyənin yanındadır və onunla birlikdə bu ədalətsiz qərara öz etirazını bildirir". Fransanın yüz illik tarixi olan hadisələrin kriminallaşdırılması haqqında qanunu qəbul etməsi söz azadlığına və demokratiyanın prinsiplərinə zərbədir".
Aydın Mirzəzadə: "Bu sənəd tək Fransa və Türkiyə arasında deyil, bütün dünyada gərginliyin artmasında çox pis bir rol oynaya bilər"
Milli Məclisin Təhlükəsizlik və Müdafiə Komitəsinin sədr müavini, YAP Siyasi Şurasının üzvü Aydın Mirzəzadə isə bildirib ki, bu sənəd tək Fransa və Türkiyə arasında deyil, bütün dünyada gərginliyin artmasında çox pis bir rol oynaya bilər: "Fransa siyasətçiləri tarixi saxtalaşdıranların, dünyada gərginliyi artırmağın müxtəlif yollarını fikirləşən erməni millətçilərinin güdazına getdilər, təəssüf ki, bu, çox şeyi dəyişəcək".
Millət vəkili deyib ki, hər zaman olduğu kimi, bu gün də Azərbaycan Türkiyənin yanındadır və onunla birlikdə bu ədalətsiz qərara öz etirazını bildirir: "Həmçinin, şübhəsiz ki, bu, Fransa ilə münasibətdə bundan sonra bir sıra qərarların qəbul edilməsi ilə nəticələnə bilər. Hesab edir ki, Fransa Senatının qəbul etdiyi qondarma "erməni soyqırımı"nın inkarına görə cinayət məsuliyyətini nəzərdə tutan qanun bu ölkədə vətəndaş qarşıdurmasına gətirib çıxaracaq".
R.KAMALQIZI