PDF Oxu

Sosial

  • 10

Kürdəmir uğurlu inkişaf yollarında

Kürdəmir uğurlu inkişaf yollarında

Rayon ictimaiyyətinin iştirakı ilə keçirilən tədbirdə səslənən faktlar bunu bir daha təsdiqlədi

Dünən Kürdəmir rayon Mədəniyyət evində keçirilən tədbirdə 2011-ci ildə sosial-iqtisadi inkişaf istiqamətində görülən işlərə yekun vurulduqdan sonra 2012-ci il üçün qarşıda duran vəzifələr müzakirə olundu. Müşavirə iştirakçıları rayon mədəniyyət evinin foyesində təşkil edilmiş sərgiyə tamaşa ediblər. Bildirilib ki, sərgidə rayonda istehsal olunan 60-dək müxtəlif növ sənaye və kənd təsərrüfatı məhsullarından nümunələr nümayiş etdirilir.


Sonra hesabat yığıncağında məruzə ilə çıxış edən Kürdəmir rayon icra hakimiyyətinin başçısı Fəxrəddin Məlikov ötən il Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında respublikanın sosial-iqtisadi inkişafı sahəsində əldə olunan nailiyyətlər barədə məlumat verdi.

Rayon rəhbəri onu da vurğulayıb ki, hesabat ilində rayonda ümumi məhsul buraxılışı əvvəlki ildəkinə nisbətən 10,9 faiz artaraq 254 milyon 797 min manat təşkil etmişdir: "2011-ci ildə 631 yeni iş yeri açılmışdır ki, bunun 526-sı daimidir. Ötən il orta aylıq əmək haqqı 1,1 faiz artmış, 175,5 manat olmuşdur".

F.Məlikov rayon iqtisadiyyatının əsas sahəsini kənd təsərrüfatı təşkil etdiyini söyləyib: "Ötən il hava şəraitinin taxılçılıq üçün əlverişsiz keçməsinə baxmayaraq, dənlik qarğıdalı da daxil olmaqla 35,08 min hektar sahədən 55.8 min ton məhsul yığılmışdır ki, bu göstərici əvvəlki ildəkindən 4391 ton və ya 8,5 faiz çoxdur. Hesabat ilində 12910 ton, yəni inişilkindən 2900 ton çox kartof, 30 min ton tərəvəz (artım 4 min ton) 47565 ton tərəvəz (artım 4500 ton), 132 ton günəbaxan məhsulları (artım 14 ton) istehsal olunmuşdur. Rayonda heyvandarlığın inkişafı sahəsində də məqsədyönlü tədbirlər görülmüş, uğurlu nəticələr qazanılmışdır. Belə ki, hesabat ilində iribuynuzlu mal-qaranın sayı 62,1 min başı, qoyun-keçilərin sayı isə 131,1 min başı ötmüş, ət, süd, yun və yumurta istehsalının dinamik artımına nail olunmuşdur. Əlbəttə, istehsal edilən bol məhsul bazarlara da öz təsirini göstərir. Ölkə başçısının təşəbbüsü ilə Bakı şəhərində təşkil olunan yarmarkalara təkcə ötən ildə 26 çeşiddə 3 min tondan çox kənd təsərrüfatı məhsulları çıxarılmışdır".

Hesabat məruzəsində və müzakirələrdə kənd təsərrüfatının inkişaf etdirilməsi və yüksək məhsuldarlığa nail olunmasında həm də meliorasiya sistemlərinin mühüm rol oynadığı, ötən il bu sahədə xeyli işlərin görüldüyü diqqətə çatdırılmışdır. Qeyd olunub ki, 6 kəndin 5 min hektaradək ərazisini su ilə təmin edəcək 18 kilometrlik Axtaçı-Ərəbqubalı beton üzlüklü kanalın 14 kilometrlik hissəsi, 5-6 min hektaradək ərazini su ilə təmin edəcək 33 kilometrlik Çərtəyəz-Muradxan beton üzlüklü kanalın 22 kilometrlik torpaq hissəsi işlənmiş, 7 kilometrlik hissəsi tikilmiş, o cümlədən, Çərtəyəz kəndini əhatə edən 2 kilometri istifadəyə verilmişdir. Rayonda mövcud nasos stansiyaları yeniıləşdirilmiş, daha güclüləri ilə əvəz olunmuş, 850 kilometrdən çox kanal və 12 kilometrdən çox kollektor-dren şəbəkəsi lildən təmizlənmiş, 32 ədəd yeni hidrotexniki qurğu istifadəyə verilmişdir. Habelə, Kür çayının rayonun ərazisindən keçən 63 kilometrlik hissəsində bəndlər yenidən qurulmuşdur.

2011-ci il Kürdəmirdə geniş tikinti-quruculuq və abadlaşdırma işlərinin də həyata keçirildiyini deyən rayon rəhbəri bu işlərin bu gün də davam etdirildiyini bildirib: "Belə ki, "Heydər" və "Qələbə" parklarında yenidənqurma işləri aparılmışdır. Sutkalıq istehsal gücü 120 ton olacaq Kürdəmir Süd Emalı zavodunda artıq son tamamlama işləri aparılır. Zavodda 150 nəfərdən çox işçinin çalışacağı gözlənilir. Ötən il Vergilər Nazirliyinin Kürdəmir Kompüter Terminalı, regional enerji nəzarəti idarəsi, FHN-nin Kürdəmir Yanğın Təhlükəsizliyi İdarəsinin yeni depo binası tikilib istifadəyə verilmişdir".

Hesabat yığıncağında, habelə təhsil, səhiyyə, mədəniyyət sahələrində görülmüş işlər ətraflı təhlil olunmuşdur. Qeyd edilmişdir ki, son səkkiz ildə rayonda 24 yeni məktəb binası və ya 7 min şagird yerlik 350 sinif otağı tikilib istifadəyə verilmişdir. Bu da əvvəlki 20-25 ildə tikilən məktəb və sinif otaqlarının sayından 6 dəfə çoxdur. Ötən il Dövlət Proqramına müvafiq olaraq şəhər 3 saylı tam orta məktəb üçün 640 şagird yerlik üçmərtəbəli məktəb binası tikilib istifadəyə verilmişdir. Keçən il, habelə, Bala Kəngərli kənd ümumi orta məktəb üçün 200 şagird yerlik tədris ocağı da tikilmişdir. Hazırda dövlət vəsaiti hesabına 220 şagird yerlik Xırdapay və Sor-Sor, 180 şagird yerlik Qarasaqqal kənd tam əsas məktəblərinin tikintisi aparılır. Yaxın günlərdə Qarabucaq ümumi orta məktəbi üçün binanın inşasına başlanılacaqdır.

Tədbirdə rayonun sosial-iqtisadi, ictimai-mədəni həyatında fərqlənən bir qrup qabaqcıl işçiyə rayon icra hakimiyyətinin Fəxri Fərmanı və qiymətli hədiyyəsi verildi.

Müşavirədə Prezident Administrasiyasının məsul işçisi Niyaz Əliyev çıxış edərək, ölkəmizin sosial-iqtisadi inkişafı ilə əlaqədar qarşıda duran vəzifələrdən, bu sahədə bölgələrdə görüləcək həlli vacib məsələlərdən danışdı.

Yığıncağın sonunda iştirakçılar adından ölkə başçısı cənab İlham Əliyevə müraciət qəbul olundu.


A.Səmədova

Digər xəbərlər