Dünən Gəncədə Yeni Azərbaycan Partiyası Kəlbəcər rayon təşkilatının VII konfransı keçirilib. Tədbir iştirakçıları ilk öncə Gəncə şəhərinin mərkəzində ucaldılmış Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək, abidə önünə gül dəstələri düzüblər.
Konfransda Kəlbəcər rayon icra hakimiyyətinin başçısı Vidadi Məhərrəmov, YAP Siyasi Şurasının üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, "Səs" qəzetinin baş redaktoru, Səs İnformasiya Agentliyinin baş direktoru Bəhruz Quliyev, həmçinin, ətraf rayonların partiya təşkilatlarının rəhbərləri və fəal partiya üzvləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan YAP Kəlbəcər rayon təşkilatının sədri Akif Əsgərov hesabat məruzəsi ilə çıxış edib. A.Əsgərovun hesabat məruzəsində təşkilatın əvvəlki konfransdan keçən dövr ərzindəki fəaliyyəti ətraflı təhlil edilib, təşkilat üzvlərinin rayonun ictimai-siyasi həyatındakı fəal mövqeyindən bəhs olunub, qarşıda duran vəzifələrə toxunulub.
A.Əsgərov onu da vurğulayıb ki, Ulu Öndər Heydər Əliyevin ideyaları, Onun zəngin siyasi irsi, inkişaf konsepsiyası dönməz və əbədi olan müstəqilliyimizin yollarını daim işıqlandırır. Rayon təşkilatının sədri bildirib ki, zəngin həyat yolu keçmiş, regionda ən monolit və ən mütərəqqi partiya olan Yeni Azərbaycan Partiyası özünü ölkənin siyasi taleyində həlledici qüdrətə malik olan siyasi qüvvə kimi təsdiqləyib: "Tariximizin arxada qalan illərinin hər ayında, hər günündə bu partiyanın nəfəsi duyulur, əhəmiyyətli təsiri hiss olunur. Yeni Azərbaycan Partiyası - cəmiyyətimizdə sülh, əmin-amanlıq və demokratiya, Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi, ərazi bütövlüyünün bərpası, hüquqi-demokratik dövlətin yaranması, ictimai həmrəylik, sabit və sosial istiqamətli iqtisadiyyat yaratmaq, geniş demokratik islahatların həyata keçirilməsi uğrunda çıxış etmək kimi qarşısına məqsədlər qoyub. Dövlətçiliyimizin təşəkkülü, milli müstəqilliyimizin möhkəmləndirilməsi, sosial-iqtisadi və demokratik islahatların aparılması yolunda mövcud uğurlar, birmənalı demək olar ki, Yeni Azərbaycan Partiyasının bəhrəsidir."
Rayon təşkilatının sədri YAP Kəlbəcər rayon təşkilatının 14 ərazi ilk partiya təşkilatında 3115 nəfər üzvün birləşdiyini bildirib: "Onların 46 faizini gənclər təşkil edir. Partiya olaraq bizlər daima gənclərin həyat şəraitinin yaxşılaşdırılması, onların işlə təmin olunması istiqamətində aidiyyəti qurumlar qarşısında məsələ qaldırmışıq. Bunun nəticəsidir ki, böyük xalq dəstəyinə malik Yeni Azərbaycan Partiyasına bu gün də gənclərin axını davam edir. Təkcə son bir ildə rayonumuzda 1000 nəfərdən çox şəxs partiyamızın üzvü olub".
Sonra YAP Kəlbəcər rayon təşkilatı nəzarət-təftiş qrupunun hesabatı oldu. Tədbirdə Kəlbəcər rayon icra hakimiyyətinin başçısı Vidadi Məhərrəmov çıxış edərək, partiyanın rayon təşkilatının fəaliyyətini yüksək qiymətləndirib. V.Məhərrəmov Azərbaycanın sürətlə inkişaf etdiyini vurğulayaraq, ölkə Prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində böyük uğurların qazanıldığını bildirib. Eyni zamanda, rayon rəhbəri qaçqın və məcburi köçkünlərə göstərilən dövlət qayğısından danışıb və bu qayğının davamlı olduğunu vurğulayıb.
YAP Siyasi Şurasının üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə çıxış edərək, konfransın işinə uğurlar arzulayıb və bildirib ki, bu gün müstəqil Azərbaycan dövlətinin varlığı, inkişafı və dünyada özünə yer tutan dövlətimizin bütün nailiyyətləri birmənalı şəkildə Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyevin adı ilə müstəqil Azərbaycan dövləti arasındakı vəhdət əbədi və dəyişməzdir: "Bu gün Azərbaycanın hər bir bölgəsində yeni-yeni səhiyyə, təhsil ocaqları inşa olunur, hər bir vətəndaşın sosial rifahının yaxşılaşdırılması üçün dövlət səviyyəsində tədbirlər görülür. Atılan uğurlu addımlar Ulu Öndərimizin zamanında müəyyənləşdirdiyi siyasətin uğurlu nəticələridir. Bu gün həmin siyasət Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir".
"Səs" qəzetinin baş redaktoru, SİA-nın baş direktoru Bəhruz Quliyev isə çıxışı zamanı YAP-ın yaranma tarixindən və ötən dövrdə partiyanın əldə etdiyi böyük nailiyyətlərdən bəhs edib.
O, həmçinin, Ümummilli Liderin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin gördüyü işlərdən, daxili və xarici siyasətdə qazandığı uğurlardan söz açaraq, bildirib ki, bu gün ölkədə aparılan uğurlu siyasətin başlıca məqsədlərindən biri də Azərbaycan xalqının öz Prezidenti ətrafında sıx birləşməsi, Onu dəstəkləməsidir: "Əlbəttə ki, ölkə rəhbərimiz cənab İlham Əliyev daim öz xalqının daha da firavan yaşaması üçün qətiyyətli və yorulmaz fəaliyyətini davam etdirir. Azərbaycan gözəlləşir, regionlarımız, bölgələrimiz davamlı şəkildə inkişaf edir. Bu gün ölkəmizə gələn hər bir xarici qonaq burada olan tərəqqiyə heyran qaldığını etiraf edir. Təbii ki, bütün bu amillər əhəmiyyətli və vacib dəyərləndirmələrdir".
Çıxış edənlər hər iki hesabatı qənaətbəxş hesab etdilər. Sonra təşkilati məsələlərə baxıldı. YAP Kəlbəcər rayon təşkilatının şura tərkibi, idarə heyəti və nəzarət-təftiş qrupu formalaşdırıldı. Akif Əsgərov yenidən təşkilatın sədri seçilib. Sonda konfrans iştirakçıları adından Prezident İlham Əliyevə müraciət qəbul olunub.
R.KAMALQIZI