Azərbaycan Prezidenti İlham Əliyev vətəndaşların müraciətlərinə baxılmasına daim xüsusi önəm verir, onların qaldırdıqları məsələlərin obyektiv həllini vəzifəli şəxslərdən qətiyyətlə tələb edir. Dövlətimizin başçısı hər bir vətəndaşın Prezidenti olduğunu dəfələrlə qeyd edərək, insanlara qarşı diqqətli olmağı, xalqa xidmət göstərməyi və bununla da, Azərbaycan dövlətini daha da gücləndirməyi bütün dövlət qulluqçularının qarşısında bir vəzifə kimi qoymuşdur.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsi respublikanın mərkəzi və yerli icra hakimiyyəti orqanlarının aparatlarında, habelə, idarə, müəssisə və təşkilatlarda vətəndaşların müraciətlərinə baxılmasının, onların qəbulunun və sənədlərlə işin təşkilində müvafiq normativ hüquqi aktların tələblərinin dəqiq və tam icrasını təmin etmək, bu işin səviyyəsini yüksəltmək və səmərəsini artırmaq istiqamətində müntəzəm iş aparır.
"Həm yazılı, həm də şifahi müraciətlərə, o cümlədən, internet vasitəsilə göndərilən bütün müraciətlərə Prezident Administrasiyasında böyük qayğı və həssaslıqla yanaşılır"
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılov bu barədə mətbuata verdiyi açıqlamasında xüsusilə qeyd etmişdir ki, vətəndaşların həm yazılı, həm də şifahi müraciətlərinə, o cümlədən, internet vasitəsilə göndərdikləri bütün müraciətlərə Prezident Administrasiyasında böyük qayğı və həssaslıqla yanaşılır, qaldırılan məsələlərin obyektiv baxılaraq, həll edilməsinə xüsusi əhəmiyyət verilir. Bu məqsədlə Prezident Administrasiyasının sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsində geniş təhlillər aparılır və bütün dövlət orqanlarında vətəndaşların müraciətlərinə baxılması işini daha da yaxşılaşdırmaq üçün lazımi tədbirlər görülür. Bu baxımdan, Azərbaycan Respublikası Prezidentinin ünvanına daxil olmuş müraciətlərin xeyli hissəsini minnətdarlıq məktubları təşkil edir: "Ölkə vətəndaşlarının ən müxtəlif kateqoriyaları onlara göstərilən diqqət və qayğıya görə razılıq edirlər. Vətəndaşlar korrupsiyaya qarşı mübarizənin daha da gücləndirilməsi, bütün sahələrdə şəffaflığın artırılması, onları narahat edən halların aradan qaldırılması istiqamətində həyata keçirilən tədbirləri təqdir edirlər".
"Müraciətlərin yaranma səbəbləri təhlil edilir, problemlərin həlli üçün müvafiq tədbirlər görülür"
S.İsmayılov Prezident Administrasiyasına daxil olmuş kollektiv və təkrar müraciətlərin ətraflı təhlil edildiyini, hər bir vətəndaşın müraciətinə daha böyük qayğı və diqqətlə yanaşıldığını vurğulayıb: "Prezident Adminstrasiyasına daxil olan müraciətlər hərtərəfli araşdırılır, onların yaranma səbəbləri təhlil edilir, problemlərin həlli üçün müvafiq tədbirlər görülür. Müraciətlər vətəndaş fəallığının artdığını, əhalinin müxtəlif təbəqələrini təmsil edən şəxslərin ümumi məsələlərin həlli ilə bağlı təklif və təşəbbüslərlə çıxış etdiklərini göstərir".
S.İsmayılov onu da xatırladıb ki, ötən 2011-ci ildə də Prezident Adminstrasiyasına daxil olmuş şikayətlərin sayında azalma müşahidə edilmişdir. Lakin daha bir məqama da toxunaraq, qeyd olunmuşdur ki, bu istiqamətdə icra hakimiyyəti orqanları da şikayətlərin yaranma səbəblərini araşdırmalıdır: "İcra hakimiyyəti orqanları şikayətlərin yaranma səbəblərini araşdırmalı, onları aradan qaldırmaq üçün lazımi tədbirlər görməli, hər bir vəzifəli şəxs öz vəzifə borcuna daha məsuliyyətli yanaşmalıdır".
RÖVŞƏN