PDF Oxu

Sosial

  • 10

Nikolya Sarkozi niyə ermənilərin “xaç atasına” çevrildi?

Nikolya Sarkozi niyə ermənilərin “xaç atasına” çevrildi?

Mən bir vətəndaş olaraq, bir ziyalı kimi Fransa Senatının bu qondarma qərarı barədə öz mövqeyimi "Səs" qəzetinin vasitəsi ilə cəmiyyətə çatdırmaq niyyətindəyəm. Bu qərar Fransa kimi bir dövlətin Senatının qondarma 1915-ci il hadisələrini inkar edənlərin cəzalandırılması haqqında qərar qəbul etməklə, bir növ ermənilər qarşısında öz "tarixi missiyasını" yerinə yetirmiş oldu. Burası belədir. Amma bir faktı da elə bəribaşdan deyim ki, Fransa N.Sarkozinin hakimiyyətdən getməsindən sonra bu qərarın əvəzini artıqlaması ilə ödəməli olacaq. Bu qərarla Fransa milyonlarla ədalətli insanın gözündə artıq neytral dövlət kimi yerini itirmiş oldu. Bundan sonra Fransanın neytral dövlət kimi mövqe tutması qeyri-mümkündür. Xüsusilə, Dağlıq Qarabağ probleminin diplomatik yollarla həll olunması üçün fəaliyyət göstərən ATƏT-in Minsk Qrupunda Fransanın yer alması, artıq gülünc məsələdir. Çünki daha heç kəs Fransanın bu münaqişədə neytral olduğuna inanmır. Elə fransızların özləri də. Bütün bu baş verənlərdən sonra, Fransada 1992-ci ilin fevralında Xocalıda erməni faşistləri tərəfindən diri-diri şişə çəkilən azərbaycanlı uşaqların azərbaycanlı deyil, erməni olmaları barədə bəyanat səsləndirməsi və Fransa Senatının Xocalı qətliamının azərbaycanlıların deyil, "zavallı ermənilərin qətliamı" olduğu barədə qərar qəbul edilməsini necə gözləməyəsən?

İndi heç bir azərbaycanlı artıq Fransadan obyektiv heç bir şey gözləmir. Heç əvvələr də gözləmirdi. İndi isə Parisin erməni keşişlərinə göz ağartmayacağını bələkdəki uşaq da hiss edə bilir. Burası yüz faiz belədir. Əslində, Fransa prezidenti Nikolya Sarkozinin bu məsələdə açıq bir şəkildə "aparıcı funksiyanı" öz üzərinə götürməsi də şübhəli görünür. Yəni anlamaq çətindir ki, müsyö Sarkozi sadəcə qarşıdakı prezident seçkilərində erməni diasporunun səsini qazanmaq üçün bütün türk dünyasının "bir nömrəli düşməni olmağ"a razı olub. Məncə, qarşıdakı seçkilərdə erməni diasporunun səsləri üçün bu nəhənglikdəki siyasi oyuna getmək, özünü dünyanın digər böyük bir qüvvəsi ilə düşmənə çevirmək, ən əsası isə, tarixi bir nöqsanın "baş qəhrəmanına" çevrilərək, özü bir yana, bütün Fransanı bu oyuna "xərcələmək" N.Sarkozinin sadəcə bir erməni təəssübkeşliyinə görə edə biləcəyi həvəskar iş deyil. Bunun arxasında daha ciddi faktorlar var. Erməni diasporu bu qanun layihəsini Fransa Senatında qəbul etdirməklə, artıq bütün Avropa parlamentlərinə "səlib yürüşü" hazırlamaq üçün əla şans qazanmış oldular. Elə bir şans ki, onlar bunu, hətta Nikita Xuruşşov dövründən bəri Avropada reallaşdırmaq istəyirdilər. Heç şübhəsiz ki, N.Sarkozi bu məsələdən "karlı çıxıb". O, "ucuz qiymətə" bu qədər ciddi məsələnin siyasi məsuliyyətini öz üzərinə götürə bilməz. N.Sarkozi, ən yaxşı halda, yetişməkdə olan bir prosesin koordinatoru funksiyasını icra etməklə, özündən əvvəlki Fransa prezidentlərindən fərqli olaraq, ermənilərin ən böyük saxtakarlıq arzusunu tarixə çevirərək, bütün ermənilərin ən çox sevdiyi Fransa prezidentinə çevrilə bildi. Hətta qarşıdakı seçkilərdə qalib gəlməsə də belə, o, daima erməni diasporunun güclü dəstəyi ilə əhatə olunacaq. Həmçinin, onun övladları, ondan sonra gələn nəsilləri də "ermənilərin qəhrəmanı" kimi, daşnak diasporasından öz paylarını həmişə ala biləcəklər. Fransa Senatı bu qərarı verməklə, əslində, ən azı 50-60 ildir ki, Avropanın siyasi-iqtisadi, media və bank sektoruna hörümçək kimi sarmaşan, hazırda bütün sektorlara de-fakto ağalıq edən 70-80 illik, bəlkə də daha çox illər boyu burada kök salan bir şəbəkənin uzun illər ərzindəki istəyini sadəcə hüquqi müstəviyə çıxarıb. Çünki bu sənədin qəbuluna qədər də təkcə Fransada deyil, demək olar ki, bütün Avropada erməni diasporu öz sözünü yeridərək, bütün Avropa siyasətçilərinə əməli işdə erməni cəfakeşi olmaq missiyasını qəbul etdirə bilmişdi. Bu sənəd isə, o əməli işin sadəcə hüquqi formasıdır, vəssalam.

Yəni daima Avropada antitürk qərarların elan olunduğu mərkəz kimi tanınan Parisdə, bu sənədin qəbulunda qeyri-adi heç nə axtarmağa dəyməz. Niyə? Çünki hələ sovet dövründən bəri erməni diasporu bu ölkənin siyasətçisindən tutmuş Paris küçələrini təmizləyən xadiməsinə qədər hər kəsin beyin şəcərəsini antitürk zəhəri ilə dumanlandırıb və müsyö Jordanın həmvətənləri "türk" sözü gələndə, sir-sifətlərini o saat turşudurlar. Amma sarkozilər nə qədər ermənilərin "xaç atası" olmağa davam etsələr də, yenə də ali həqiqət öz sözünü deyəcək. Belə üzdəniraq qərarlar, tarixdəki əsil həqiqətləri gizlədə bilməz. Qaniçən ermənini "əzabkeş xalq" kimi göstərmək istəyən N.Sarkozinin canfəşanlığı isə, tarix üçün "milçək vızıltısı" kimi bir şeydir...

Digər xəbərlər