Azərbaycanda Avropanın bir nömrəli şousuna - "Eurovision - 2012" Mahnı Müsabiqəsinə hazırlıq uğurla gedir. Dünyanın bütün nəzərləri Azərbaycana yönəlib. "Eurovision" səhnəsində Azərbaycan mədəniyyətini, Avropaya inteqrasiyasını yüksək səviyyədə əks etdirəcək bir şounu göstərəcəyi, məhz görülən işlərdən bəlli olur. Beynəlxalq aləmi əhətə edən mahnı müsabiqəsinin Azərbaycanda keçirilməsi və ölkəmizdə aparılan hazırlıq işləri ilə bağlı bu gün ən nüfuzlu telekanallar, mətbuat ardıcıl olaraq geniş şəkildə materialları dünya ictimaiyyətinin diqqətinə çatdırırlar. Hər bir görüntü və məqalə Odlar Yurdu ətrafında yüksək fikrin formalaşmasına əsas verir.
"Eurovision" layihəsinin rəhbəri Yan Ola Sand Azərbaycanda müsabiqəyə hazırlıq işlərindən çox məmnundur: "Biz çox gözəl bir hadisənin ərəfəsindəyik. Bir neçə dəfə Azərbaycanda olduğum üçün Azərbaycanın bu yarışmaya çox ciddi, sevinc, maraq və məsuliyyətlə hazırlaşdığının şahidiyəm. Bu tədbirin Azərbaycanın hüdudlarından kənarda yayımlanması ən müasir texnoloji vasitələrlə həyata keçiriləcək. Müsabiqənin əsas yayımçı şirkəti İctimai Teleradio buna ciddi hazırlaşır."
Yan Ola Sand ötən illərdə müsabiqəyə qatılmayan ölkələrində Bakıda keçiriləcək musiqi yarışmasına qatılmağa qərar vermələrini də yüksək qiymətləndirib. Onun sözlərinə görə, bu, Azərbaycanda keçiriləcək yarışmaya marağın yüksək olduğuna işarədir: "Hazırlıqlar da yüksək səviyyədə aparılır. Müsabiqə ilə bağlı gözəl ideyalar irəli sürülüb. Mən inanıram ki, müsabiqə çox möhtəşəm keçəcək".
Avropa Yayımları Birliyi (EBU) və Məşvərət qrupu da Avropanın bir nömrəli şousunun təşkilati məsələlərinin plan üzrə aparıldığından razılıq edib. Azərbaycanda möhtəşəm "Eurovision" şousunun keçiriləcəyinə əminliklərini bildiriblər. Məsvərət qrupunun rəhbəri Frank-Dieter Freiling Azərbaycanda ilk dəfə 5 il əvvəl olduğunu xatırladıb və ötən dövrdə ölkədə müsbətə doğru bir çox addımlar atıldığını, paytaxt Bakının çox dəyişdiyini diqqətə çatdırıb: "Bu, onu göstərir ki, müsabiqəyədək hər şey çox gözəl olacaq. Bu müsabiqə ölkənin tanıdılması baxımından böyük imkandır".
"Eurovision" TV-nin direktoru Yorqan Frank EBU ilə İctimai Televiziya arasında ikitərəfli əməkdaşlıqdan məmnun olduqlarını və bu əməkdaşlığın "Eurovision" Mahnı Müsabiqəsi ilə bitməyəcəyini deyiblər. "Eurovision" Mahnı Müsabiqəsi 56 ildir ki, yaşayır və uzunömürlü bir televiziya layihəsi olaraq hər zaman diqqətdədir. Müsabiqədə ev sahibi hər il bir yenilik edir. Bu mahnı müsabiqəsi hər dəfə yenidən başlayır və ev sahibliyi edən hər bir yayımçı layihəyə bir yenilik gətirir. Bakıda keçirilən müsabiqə hər kəsi təəccübləndirəcək. Çünki "Eurovision - 2012" Mahnı Müsabiqəsinə hazırlıq prosesi yüksək şəkildə aparılır. "Eurovision"nun tədbirlər və kommunikasiya rəhbəri Sietse Bekkerin də diqqətindən yayınmayıb: "Bunun üçün təşkilatçıların üzərinə daha çox məsuliyyət düşür. Lakin Bakı müsabiqəyə uğurla hazırlaşır. Təşkilati işlər də öz qaydasındadır."
Hazırlıqlar barədə xarici ölkələrdə də məlumatlar yayımlanır. EBU-nun kommunikasiya koordinatoru Jarmo Siim fanat ordusunu ətraflı məlumatla təmin etmək üçün çalışdıqlarını qeyd edib: "Eurovision" Mahnı Müsabiqəsi bizim gündəlik işimizdir. Biz, əsasən, müsabiqəyə hazırlıqlarla bağlı internetdə məlumatlar yerləşdiririk. Bunu daha çox sosial şəbəkələr vasitəsilə həyata keçiririk".
Builki "Eurovision" yarışması indiyədək keçirilən müsabiqələrin ən möhtəşəmi olacağını bildirən "Brainpool" TV-nin rəhbəri Jörg Grabosch Azərbaycanın bütün sahələrində planlı şəkildə görülən işlərin "Eurovision-2012"ni möhtəşəm olacağını təsdiqlədiyini söyləyib. O bildirib ki, müsabiqənin Bakıda keçirilməsi Azərbaycan üçün böyük fürsətdir ki, öz mədəniyyətini, ölkəsini Avropaya, bütün dünyaya tanıtsın: "Çoxları Azərbaycanın Avropaya yaxınlığından, onun gözəl mədəniyyətinin olmasından xəbərsizdir. Deyərdim ki, builki "Eurovision" yarışması indiyədək keçirilən müsabiqələrin ən möhtəşəmi olacaq".
Moldova "Moldova-1" televiziyasında Azərbaycanın "Eurovision" hazırlıqları yayımlayıb. Reportajda Bakının bu möhtəşəm müsabiqəyə hazırlıqlarına heyran olduqları vurğulanıb, "Eurovision" 2012-nin uğurlu keçiriləcəyi qeyd olunub. Reportajda Azərbaycan muğamından da söz açılıb.
"Belarus-1" televiziyasının Bakının "Eurovision" Mahnı Müsabiqəsi 2012-yə hazırlıqlarla bağlı reportajında "Bakı, həqiqətən də, bizi təəccübləndirməyə hazırlaşır!"- deyilib. Daha sonra "Təşkilatçılar "Light your fire" şüarını doğruldaraq, bu mərasimi çox möhtəşəm bir şouya çevirəcəklər. Bakı, həqiqətən də, bu il bizi təəccübləndirməyə hazırlaşır"-deyə Azərbaycanla bağlı yüksək fikirləri diqqətə çatdırıblar.
Hətta müsabiqədə iştirak edəcək təmsilçilər belə öz təəccüb və məhəbbətlərini gizli saxlaya bilmirlər. Euravision.az saytına müsahibəsində Maltanın "Eurovision-2012" təmsilçisi Kurt Calleja Azərbaycanda çıxışını özü üçün bir təcrübə sanıb: "Mən hər zaman "Eurovision" Mahnı Müsabiqəsində Yunanıstan, İngiltərə, İtaliya və Azərbaycanı daima diqqət mərkəzində saxlayıram. Onların müsabiqədə iştirakını izləyirəm. Ümumiyyətlə, Azərbaycanın "Eurovision" mahnıları Maltada çox populyardır. Son iki ildə Azərbaycanın "Eurovision"a təqdim etdiyi mahnılar bizim ölkəmizdə hitə çevrilib. Hər yerdə, telefonlarda, radio dalğalarında onlar daima eşidilir." Builki Azərbaycan təmsilçisi də onu riqqətə gətirib.
Bütün bu və ya digər məlumatlar, Azərbaycanla bağlı təəssüratlar və ən əsası isə görülən işlər "Eurovision-2012"nin bu günə qədər keçirilən mahnı müsabiqəsinin ən möhtəşəmi olacağını göstərir.
NƏZAKƏT ƏLƏDDİNQIZI