Dünən YAP Neftçala rayon təşkilatının VII konfransı keçirilib. Konfrans iştirakçıları ilk öncə Ümummilli Lider Heydər Əliyevin rayonun mərkəzində ucaldılmış abidəsi önünə gül dəstələri düzüb, Onun əziz xatirəsinə dərin ehtiramlarını bildiriblər.
Sonra konfransı giriş sözü ilə açan YAP Neftçala rayon təşkilatının sədri Anar Cəfərov geniş hesabat məruzəsi ilə çıxış edib. Bildirib ki, geniş nüfuz dairəsinə malik olan hakim Yeni Azərbaycan Partiyası öz ətrafında yarım milyondan çox üzvü birləşdirərək, ümumxalq partiyasına çevrilmişdir.
Rayon təşkilatının sədri partiyanın yaranma tarixinə nəzər salaraq, bildirib ki, YAP çox ağır və çətin bir zamanda yaranıb. Ulu Öndər Heydər Əliyev hakimiyyətə qayıdışından sonra qısa bir zaman çərçivəsində ölkənin ictimai həyatında dönüş yarandı. Bu irəliləyişlər ölkə həyatının bütün sferalarında özünü doğrultdu. YAP Azərbaycanın simasını dəyişərək, onu inkişaf etmiş ölkələrin sırasına çıxardı.
A.Cəfərov onu da bildirib ki, YAP Neftçala rayon təşkilatı hesabat dövründə üzvlük haqlarının yığılması, partiyaya qəbul, təsdiq olunmuş iş planına uyğun tədbirlərin keçirilməsi, nizam-intizamının gücləndirilməsi və rayonun ictimai-siyasi həyatında mövqeyini daha da gücləndirmək istiqamətdə bir çox iş görüb: "Hesabat dövründə partiya üzvlərinin sayı 3901 nəfərə çatdırılıbdır ki, onların da 1748 nəfərini, yəni 44,8 faizini qadınlar, gənclərin sayı isə 1524 nəfər olmaqla 39 faiz təşkil edir. Hesabat dövründə 898 nəfər partiya sıralarına qəbul edilmişdir ki, onun 33,4 faizini gənclər, 39,8 faizini qadınlar təşkil edir. Bu sahədə Xolqaraqaşlı kənd, Xolqarabucaq kənd elektrik şəbəkəsi, Sarıqamış kənd, Neftçala şəhər-1 ərazi ilk partiya təşkilatları səmərəli fəaliyyət göstərmişlər". Tədbirdə təşkilatın nəzarət-təftiş qrupunun hesabat məruzəsi dinlənildi.
Konfransın işində YAP Neftçala rayon təşkilatı gənclər birliyinin üzvü Cavad Mirzəyev, rayon təhsil şöbəsi ərazi ilk partiya təşkilatının fəalı Səfadir Məmmədov çıxış edərək, partiyanın Neftçala rayon təşkilatının fəaliyyətini qənaətbəxş qiymətləndirdilər.
Konfransda Milli Məclisin deputatı Arif Rəhimzadə partiyanın yaranma tarixindən danışdı. "O vaxt ölkənin müstəqilliyi təhlükə altında idi. Azərbaycan beynəlxalq aləmdə tanınmırdı. Ulu Öndər Heydər Əliyev ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra bütün bu məsələlər öz həllini tapdı. Azərbaycan dünyaya inteqrasiya etməyə başladı. Ümummilli Liderin təşəbbüsü ilə "Əsrin müqaviləsi" imzalandı. BTC və BTƏ kimi böyük layihələr həyata keçirildi. Azərbaycan sürətli iqtisadi inkişaf yoluna qədəm qoydu. Bu gün ölkəmizdə böyük sosial-iqtisadi layihələr hazırlanır və icra olunur. Bir müddət əvvəl, dünya dövlətləri qlobal iqtisadi böhrandan əziyyət çəkdikləri halda, Azərbaycanda iqtisadi artım müşahidə olunurdu. Bütün bunlar düzgün seçilmiş siyasi kurs nəticəsində mümkün olub".
Daha sonra təşkilati məsələlərə baxılıb. YAP rayon təşkilatının qətnaməsi təsdiq olunub, rayon şurasının və nəzarət-təftiş qrupunun üzvləri müəyyənləşib. Anar Cəfərov yenidən YAP Neftçala rayon təşkilatının sədri seçilib. Sonda konfrans iştirakçıları adından Yeni Azərbaycan Partiyasının Sədri, ölkə Prezidenti İlham Əliyev cənablarına müraciət qəbul olunub.
R.KAMALQIZI