Dünən Xocavənd rayonunun Qaradağlı kəndində ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmiş qətliamın 20-ci ildönümünə həsr olunmuş sənədli filmin təqdimatı və anma mərasimi keçirilibdir. Mərasimdə Milli Məclisin deputatları, diplomatik korpusların nümayəndələri, ziyalılar və KİV təmsilçiləri iştirak ediblər.
Tədbirdə çıxış edən Xocavənd rayon icra hakimiyyətinin başçısı Eyvaz Hüseynov bildirib ki, 1992-ci il fevralın 17-də Qaradağlı kəndinin işğalı zamanı ermənilər tərəfindən 118 nəfər girov götürülmüş, 33 nəfər yerindəcə güllələnib. Ermənilər öldürülən və yaralanan azərbaycanlıları quyulara tökərək basdırıblar. Bundan başqa, girov götürülən azərbaycanlılardan 68 nəfər öldürülüb, 50 nəfər isə böyük çətinliklərlə sonradan əsirlikdən azad ediliblər. Girovluqdan azad edilən soydaşlarımızdan 18 nəfəri ermənilərin verdikləri işgəncələr və törədilən fəsadlar nəticəsində vəfat etmişdir. Kənddə 2 ailənin hər birindən 4 nəfəri öldürülmüş, 42 ailədə ailə başçısı qətlə yetirilmiş, 140-a yaxın uşaq yetim qalmışdır.
Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımına, o cümlədən də, Qaradağlı faciəsinə hüquqi qiymətin verilməsinin vacibliyini vurğulayıb. Baş nazirin müavini Qaradağlı qətliamına həsr olunmuş filmin digər dillərə tərcümə olunaraq xaricdə yayımlanması üçün göstəriş verildiyini deyib. Ə.Həsənov onu da bildirib ki, hər bir erməni bunu başa düşməli və anlamalıdır ki, Azərbaycanın səbri tükənməz deyildir. Çünki bunu nə qədər tez başa düşsələr, o qədər xeyirlərinə olacaqdır. Baş nazirin müavini ermənilərə dəstək verən və dayaq olan dövlətlərə də müraciət edibdir. Ə.Həsənov bu gün ermənilərə dəstək verən ölkələrin sabah özlərinin bununla qarşılaşacaqlarını vurğulayıb: "Bu gün ermənilər Rusiyanın cənubuna, Gürcüstanın bölgəsinə, Türkiyənin şərqinə iddia edirlər. Sabah deyəcəklər ki, Fransa ata-baba torpağımızdır. Amerikanın da bir-iki ştatını özlərininki elan edəcəklər. O zaman bizim nə çəkdiyimiz anlaşılacaqdır".
Tədbirdə çıxış edən Azərbaycan Respublikasının hərbi prokuroru Xanlar Vəliyev Xocalıya qədər neçə-neçə soyqırımların və faciələrin baş verdiyini deyib. Hərbi prokuror təkcə Qaradağlı, Xocalı deyil, ermənilərin bu vaxta qədər törətdikləri bütün soyqırımı və faciələrin hüquqi qiymətinin verilməsinin vacibliyini qeyd edib.
X.Vəliyev 2005-ci ildən başlayaraq Qaradağlı, Meşəli və Xocalı faciələrini törədənlərin aşkarlanaraq, məsuliyyətə cəlb olunması istiqamətində işlər aparıldığını bildirib və vurğulayıb ki, amma bu cinayəti törədənlərin Ermənistan tərəfindən himayə olunmaları onların istintaqa cəlb edilməsini çətinləşdirmişdir. Buna baxmayaraq, faktlar toplanır və sənədləşdirilir, müvafiq tədbirlərin görülməsi istiqamətində işlər aparılır.
Tədbirdə soyqırımı acısını yaşamış Qaradağlı sakinləri də çıxış etmiş, üzləşdikləri faciələri anlatmışlar.
Aytən