BBC-nin son zamanlar yenidən "fəallaşaraq" Azərbaycan əleyhinə "qara piar" kampaniyasına start verməsi, əslində, bir müddət bundan öncəki məlum hadisələrdən qaynaqlanır. Yəni burada adıçəkilən media qurumunun bu və ya digər şəkildə ölkəmizdən nə isə umması, tələb etməsi və umacağını, tələb etdiyini əldə etməməsi nəticəsində haray-şivən qaldırması arxasında hansı məqamların dayanması da sirr deyil. Məhz bütün bu hadisələrə görə, bilavasitə, Azərbaycana qarşı "səlib yürüşü" etməyə cəhd göstərən BBC, əslində, öz qərəzini gizlədə bilməməklə, hansı əməllərlə məşğul olduğunu da bəs-bəlli edir.
Qərəzlə "nüfuzu" bir araya sığdırmaq mümkündürmü?
Ona görə də əvvəlcə xatırlatma tipli qısa bir arayışı təqdim edək, sonra da keçək əsas məsələyə. Əgər hörmətli oxucularımızın xatirindədirsə, BBC yay aylarında efirə verdiyi süjetdə 2012-ci ilin Olimpiya Oyunlarında qızıl medala sahib olmaq üçün guya Azərbaycanın AİBA-ya 9 milyon dollar rüşvət verməsi ittihamını irəli sürmüşdü. Beynəlxalq Federasiya bununla bağlı 5 nəfərdən ibarət xüsusi təhqiqat qrupu yaratmışdır. Araşdırmalar nəticəsində məlum oldu ki, səslənən ittihamların heç bir əsası yoxdur və bütün bunlar böhtandır.
Və ümumiyyətlə, son zamanlar "BBC World Service Trust" öz yayımlarında çox ciddi qüsurlara, qərəzlərə, böhtanlara yol verir. Bir çox media ekspertlərin fikrincə, bu, qüsur deyil, reytinqini itirmiş media qurumunun gündəmdə qalmağı üçün yeni metodudur, vasitədir. Hətta bir çox dünya liderləri, nüfuzlu təşkilatlar, ayrı-ayrı siyasi-ictimai dairələr BBC-nin məlumatlarının yalandan başqa bir şey olmadığını və bunun yalnız televiziyanın azalmaqda olan reytinqinin yenidən bərpa olunması məqsədi ilə atılan addım kimi qiymətləndirirlər. Yəni qərəzlə "nüfuz" bir araya sığa bilməz.
BBC-nin "Eurovision" kabusu
BBC-nin Azərbaycanın artan uğurlarına və "Eurovision-2012"-yə qarşı apardığı qara piar kampaniyasının arxasında müəyyən biznes maraqlarının dayanması aşkarlanıb. Məlumata görə, son günlər BBC tərəfindən bu il Azərbaycanda keçiriləcək beynəlxalq mahnı yarışması haqqında dərc edilən qərəz dolu materialların, əslində, qisas məqsədi ilə hazırlandığı üzə çıxıb. Belə ki, əldə edilən araşdırmalardan və məlumatlardan bəlli olur ki, hələ 1 il bundan öncə, BBC-nin rəhbərliyi Bakının mərkəzində nəhəng tikinti layihəsinin həyata keçirilməsi ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edib. Layihəyə əsasən, köhnə dəyirmanın yanında inşa edilmiş "Landmark" tipli binada böyük media mərkəzi, xarici təşkilatların, şirkətlərin ofisləri, BBC-nin bürosu, xarici diplomatik nümayəndəliklər və s. yerləşməsi nəzərdə tutulub.
Lakin BŞİH şəhərin mərkəzində belə böyük yerin olmadığını haqlı şəkildə əsas gətirərək, BBC-nin müraciətinə müsbət cavab verməyib. Məhz bundan sonra BBC-nin Azərbaycana və "Eurovision-2012"-yə qarşı kampaniyaya başlaması arxasında müəyyən məqamların dayandığı aşkara çıxmağa başladı. Yəni anti-Azərbaycan qüvvələrin "Eurovision" kabusunu BBC də "görməyə" başladı. Hətta BBC Azərbaycana qarşı kampaniya ilə bağlı Böyük Britaniyanın digər media orqanlarına da ciddi təzyiq göstərməyə başladı. Məsələn, "The Guardian"nın da möhtəşəm müsabiqəyə xarakterik olmayan don geyindirmək cəhdini buraya aid etmək mümkündür. Yəni son zamanlar BBC-nin anti-Azərbaycan ruhlu məqalələrin İngiltərənin bəzi mətbuat orqanlarında ardıcıl şəkildə dərc olunması da, bilavasitə, bunun nəticəsidir. Bu gün "Eurovision"nu yuxularında kabus kimi görənlərin bu minvalla nə isə əldə etmələri isə, təbii ki, mümkün ola bilməyəcək faktordur. Daha dəqiq desək, BBC burada Azərbaycandan pul qoparmaq, rüşvət alamaq məqsədini güdür. Ala bilmədikcə isə daha da azğınlaşır, özündə heç bir reallığı əks etdirməyən materillar yayımlayır. Ancaq görünür, BBC rəhbərliyi bir neçə müvafiq Azərbaycan atalar sözünü hələ də eşitməyib: "Yalan ayaq tutar, yeriməz", yaxud da "Sən saydığını say, gör fələk sənə nə sayacaq"...
RÖVŞƏN