PDF Oxu

Sosial

  • 13

YAP İmişli rayon təşkilatının VIII konfransı keçirilib

YAP İmişli rayon təşkilatının VIII konfransı keçirilib

Fevralın 18-də Yeni Azərbaycan Partiyasının İmişli rayon təşkilatının VIII konfransı keçirilib. Konfransda millət vəkilləri, partiya fəalları və rayon ictimaiyyəti nümayəndələri iştirak edib.

Konfrans nümayəndələri ilk öncə Ümummilli Liderimiz Heydər Əliyevin rayonun mərkəzində ucaldılmış abidəsi önünə gül-çiçək düzmüş, xatirəsini ehtiramla yad etmişlər. Konfransı giriş sözü ilə açan YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev tədbir iştirakçılarını salamlayaraq, konfransın işinə uğurlar arzulayıb. Hesabat məruzəsi ilə çıxış edən S.Ağayev YAP-ın iyirminci ilini yaşadığını söyləyib. Rayon təşkilatının sədri onu da bildirib ki, yaradıcısı Ümummilli Lider Heydər Əliyev olan Yeni Azərbaycan Partiyası zamanın çətin sınaqlarından şərəflə çıxaraq böyük siyasi qüvvəyə çevrilib. Qüdrətli siyasi qüvvəyə çevrilən YAP-ın sıralarının gündən-günə artdığını deyən natiq, onu da vurğulayıb ki, bu gün partiyanın nüfuzunun daha da yüksəlməsinin səbəbi yaradıcısı və ilk rəhbəri dahi şəxsiyyət, Azərbaycan xalqının xilaskarı, fəxri və iftixarı, Ümummilli Liderimiz Heydər Əliyev olub. İkinci səbəb isə, bu siyasi təşkilata Ulu Öndər Heydər Əliyev ideyalarının layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərlik etməsidir. O, Yeni Azərbaycan Partiyasının zəngin həyat yolu keçdiyini, özünü ölkənin siyasi taleyində həlledici qüdrətə malik olan siyasi qüvvə kimi təsdiqlədiyini söyləyib. Bildirib ki, rayon təşkilatının fəalları prezident, bələdiyyə və parlament seçkilərində sistemli və aktiv fəaliyyət göstərməklə keçirilmiş seçkilərdə YAP-ın ümumi qələbəsinin əldə olunmasına öz töhfələrini veriblər: "Yeni Azərbaycan Partiyası Ümummilli Liderimiz Heydər Əliyevin qoyduğu yolla irəliləyir, inkişaf edir, böyüyür, böyüdükcə ölkəmiz də güclənir. Yeni Azərbaycan Partiyasının Sədri, ölkə Prezidenti İlham Əliyev bu gün sadəcə YAP-çıların deyil, hər bir azərbaycanlının rəhbəri olaraq, üzərinə düşən vəzifələri layiqincə yerinə yetirir, ölkəsini və millətini yüksək səviyyədə təmsil edir. Ancaq biz təşkilat olaraq, bugünkü uğurlarımızla kifayətlənmək fikrində deyilik. Daha da yüksəlmək, qazandığımız uğuru itirməmək üçün bundan sonra da siyasi meydanda bacarığımızı ortaya qoyacağıq".

S.Ağayev hesabat dövründə partiya üzvlərinin sayının artdığını vurğulayıb. Diqqətə çatdırılmışdır ki, hazırda 7002 nəfər üzvü olan YAP İmişli rayon təşkilatı 96 ərazi ilk partiya təşkilatını özündə birləşdirir: "Qeyd edim ki, təşkilatın qeydiyyatında dayanan partiya üzvlərindən 3361 nəfəri və ya 48 faizi ali təhsilli, 1963 nəfəri və ya 28 faizi orta ixtisas təhsilli, 1560 nəfəri və ya 22 faizi isə orta təhsillidir. Partiya üzvlərindən 2325 nəfərini və ya 33,2 faizini gənclər, 2416 nəfərini və ya 34,5 faizini qadınlar təşkil edir. Ötən konfransdan keçən müddət ərzində 26 yeni ərazi ilk partiya təşkilatı yaradılmış, Yeni Azərbaycan Partiyası sıralarına 4000 nəfərə yaxın üzv qəbul edilmişdir. Yeni ərazi təşkilatlarının yaradılması, partiya sıralarının genişləndirilməsi siyasi fəaliyyətdə böyük əhəmiyyət kəsb etdiyinə görə, rayon təşkilatının gələcəkdə də diqqət mərkəzində saxlayacağı məsələlərdən biri olacaqdır. Hesabat dövründə partiya üzvlərinin sayı 5387 nəfərdən 7140 nəfərə çatmış 9 yeni məhəlli və ərazi ilk partiya təşkilatları yaradılmışdır. Bunlardan 3729 nəfərini qadınlar, 2011 nəfərini gənclər təşkil edir".

Tədbirdə rayon təşkilatının nəzarət-təftiş qrupunun sədri İlham Əsgərov hesabat məruzəsi ilə çıxış edib. Həmçinin, konfransda YAP İmişli rayon təşkilatının qadınlar şurasının sədri Balaca Quliyeva, rayon təşkilatının gənclər birliyini sədri Rüstəm Vəliyev və başqaları çıxış edərək, hesabatı qənaətbəxş qiymətləndiriblər.

Tədbirdə YAP İdarə Heyətinin üzvü, "Azərsutikinti" ASC-nin sədri Yusif Hümbətov, Milli Məclisin üzvü Əsabil Qasımov çıxış edərək, Azərbaycan dövlətçiliyinin formalaşmasında, ictimai-siyasi sabitliyin bərqərar olmasında, ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artmasında Yeni Azərbaycan Partiyasının mühüm rolu və xidmətləri olduğunu bildiriblər. Çıxış edənlər YAP İmişli rayon təşkilatının fəaliyyətini qənaətbəxş hesab edərək, təşkilata uğurlar arzulayıblar.

YAP İmişli rayon təşkilatı idarə heyətinin üzvü, İmişli rayon icra hakimiyyətinin başçısı Əbülfəz Ağayev isə çıxışında rayon ərazisində görülən işlərdən bəhs etdi: "Bu gün bizim əsas məqsədimiz Prezident İlham Əliyevin yürütdüyü siyasətin arxasınca gedərək, gördüyümüz işlərlə Ulu Öndərimizin ruhunu şad etmək, eyni zamanda, dövlət başçısının tapşırıqlarına uyğun addımlar atmaqdır. Hazırda ölkədə Prezident İlham Əliyevin göstərişi ilə böyük tikinti-quruculuq işləri görülür. Bizim hər birimiz cənab Prezidentin əsgərləriyik və bu işlərin görülməsində bilavasitə iştirak edirik".

Konfransda təşkilati məsələyə baxılıbdır. Səfa Ağayev yenidən YAP İmişli rayon təşkilatının sədri seçilib. Konfransın işində YAP Mərkəzi Aparatının məsul işçisi Ramin Mirzəyev iştirak edib.

Sonda Yeni Azərbaycan Partiyasının Sədri, ölkə Prezidenti cənab İlham Əliyevə konfrans iştirakçıları adından müraciət qəbul olunub.


RƏFİQƏ

Digər xəbərlər