PDF Oxu

Sosial

  • 13

“YAP gəncləri Valeriya Boyerə hər gün Xocalı soyqırımı ilə bağlı məktub ünvanlayır”

“YAP gəncləri Valeriya Boyerə hər gün Xocalı soyqırımı ilə bağlı məktub ünvanlayır”

Qarabağ münaqişəsinin başlamasından 24 il ötür. Ümumiyyətlə, münaqişənin və Xocalı soyqırımının dünyaya çatdırılması istiqamətində Yeni Azərbaycan Partiyasının gördüyü önəmli tədbirlər hamımıza məlumdur. Partiyanın Gənclər Birliyinin sədr müavini Aytac Əliyeva, birliyin təşkilati məsələlər üzrə koordinatoru Vüsalə Niftəliyeva və YAP Xətayi rayon təşkilatının Gənclər Birliyinin sədri Sərxan Əliyev Səstv-yə müsahibələrində bu haqda danışıblar.

- Bildiyiniz kimi, bu gün Qarabağ münaqişəsinin başlamasından 24 il ötür. Bir neçə gün sonra Xocalı faciəsinin ildönümü olacaq. Partiya tərəfindən faciənin ildönümü ilə bağlı bir sıra tədbirlərin həyata keçirildiyini bilirik. Tədbirlər hansı istiqamətdə davam etdirilir?


Aytac Əliyeva:


- Həm ölkə, həm də beynəlxalq çərçivədə faciənin tanıdılması istiqamətində bir sıra önəmli tədbirlərin görüldüyü hamımıza məlumdur. YAP isə öz növbəsində dövlət siyasətinin tərkib hissəsi olaraq bu işlərdə yaxından iştirak edir. Gənclər Birliyi olaraq biz əsasən şəbəkə aksiyaları keçirərək öz siyasətimizi yeridirik. "Xocalını tanı", "Xocalını unutma", "Xocalını dünyaya hayqır" başlığı altında dünyanın müxtəlif ölkələrinə, əsasən də Fransa Senatına bir sıra məlumatlar göndərmişik. Məlumatlarda faciənin baş vermə səbəbləri, həmvətənlərimizin uğradıqları vəhşiliklər və bir sıra statistik göstəricilər qeyd edilib. Xocalı faciəsinin tanıdılması və dünya ölkələri tərəfindən qəbul edilməsi üçün əlimizdən müxtəlif tədbirlərin həyata keçirilməsi istiqamətində işlərimizi davam etdiririk.


Vüsalə Niftəliyeva:


- YAP GB-nin mərkəzi ofisi yeni yaranmasına baxmayaraq bu istiqamətdə bir sıra işlər görüb. Ölkədə gedən ictimai-siyasi proseslərdə yaxından iştirak etməyi də, təqvim üzrə baş verən hadisələri dünyaya bəyan etməyi də biz özümüzə borc bilirik. Fevral ayının əvvəllərindən Fransa səfirliyinə gənclər birliyinin rəsmi etiraz məktubu təqdim olundu. Fransa Senatına və digər rəsmi qurumlarda çalışan 1000 nəfərə yaxın rəsmiyə faciənin tarixi ilə bağlı məktublar ünvanlamışıq. Xocalıda baş verən ədalətsizlikləri özündə əks etdirən foto görüntülərdən və statistik göstəricilərdən ibarət broşurlar kimi təqdim etdiyimiz məlumatlar gördüyümüz işlərin əsas nümunələrindən biri sayıla bilər. Qondarma erməni soyqırımının qəbul edilməsi təklifini irəli sürən Valeriya Boyerə hər gün Xocalı ilə bağlı məlumatlardan ibarət məktub göndəririk. Aradan qısa vaxt keçməsinə baxmayaraq, nailiyyətlərimiz kifayət qədərdir. Çünki artıq bir neçə senat üzvündən bizə təşəkkür məktubları gəlir.

- Sosial şəbəkələrdə soyqırımının tanıdılması istiqamətində əsas hansı işlər görülür?

Sərxan Əliyev:


- Bununla əlaqədər istər xarici ölkələrin, istərsə də Azərbaycanda dövlət strukturlarında və gənclər arasında geniştərkibli təbliğat işləri aparılır. Bu təbliğatların aparılmasında əsas məqsəd Xocalı həqiqətlərini dünyaya tanıtmaqdır. Gənclər arasında bu məsələyə xüsusi önəm verilir və ona görə də bunun uğurlu nəticələrini görürük.

- Sizcə Azərbaycan gəncliyi Xocalı soyqırımından kifayət qədər nəticə çıxara bilibmi?


Aytac Əliyeva:


- Mən düşünürəm ki, artıq Azərbaycan gəncliyi bu faciəni kifayət qədər dərk edir. Dünyaya çatdırılması istiqamətində də bu qədər işlər görür. Facebook və digər sosial şəbəkələrdə hər gün bir qayda olaraq Xocalı soyqırımı ilə bağlı müxtəlif statusların yerləşdirilməsi, gənclərlə müxtəlif söhbətlərin aparılması məhz bu işlərin nümunəsidir. Bütün gənclərimiz bunu özünə borc bilməli və bu istiqamətdə hər addımı atmalıdırlar. Çünki bu bizim ən yaralı yerimizdir və dünya bunu belə bilməli, qəbul etməlidir.


Günay Məmmədova

Digər xəbərlər