PDF Oxu

Sosial

  • 13

“Xocalı faciəsi - 20”

“Xocalı faciəsi - 20”

Dünən Qaradağ rayonunda Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatı və "Səs" qəzetinin birgə təşkilatçılığı ilə Xocalı soyqırımının 20-ci ildönümü ilə əlaqədar tədbir keçirilib.


Tədbir iştirakçıları öncə Heydər Əliyev Mərkəzində təşkil olunmuş Xocalı soyqırımının dəhşətlərini əks etdirən sərgiyə və "Səs" qəzetinin sifarişilə "Səs" TV-nin Xocalı soyqırımı haqqında çəkdiyi filmə baxış keçiriblər.

Sonra işini davam etdirən tədbirdə çıxış edən Qaradağ rayon icra hakimiyyətinin başçısı Süleyman Mikayılov Ermənistan silahlı qüvvələrinin Xocalıda törətdiyi soyqırımının bütün dünya ictimaiyyətinə çatdırılmasının vacibliyini vurğulayıb. S.Mikayılov onu da bildirib ki, Xocalı faciəsi təkcə Azərbaycan xalqına deyil, bütövlükdə, insanlığa qarşı törədilmiş cinayətdir: "Xocalı soyqırımı, Ermənistanın işğal etdiyi torpaqlarımızda törətdiyi vandalizm aktları, ermənilərin Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində 1 milyondan artıq azərbaycanlının öz doğma yurdlarından didərgin düşməsi, Dağlıq Qarabağ həqiqətləri barədə məlumatların daha geniş coğrafiyada yayılması bu gün qarşımızda duran əsas vəzifələrdəndir. Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın xüsusi səyi nəticəsində Azərbaycan həqiqətləri, Xocalı soyqırımı haqqında kitablar, filmlər, stendlər dünyanın hər yerində nümayiş etdirilir. 2008-ci il mayın 8-dən İslam Konfransı Təşkilatı Gənclər Forumunun Mədəniyyətlərarası Dialoq üzrə baş əlaqələndiricisi Leyla xanım Əliyevanın təşəbbüsü ilə təsis edilən, fəaliyyətinə 2009-cu ilin fevralında start verilən və hazırda 30-dan artıq ölkədə yüzlərlə könüllünün iştirakı ilə uğurla davam etdirilən "Xocalıya ədalət" beynəlxalq informasiya və təşviqat kampaniyası bu işə öz töhfəsini verməkdədir.

"Səs" qəzetinin baş redaktoru, SİA-nın baş direktoru Bəhruz Quliyev çıxışında vurğuladı ki, son illərdə dünyada azərbaycançılığın təbliği, ermənilərin zaman-zaman yanlış informasiyaları nəticəsində yaranmış yanlış rəyin dağıdılması istiqamətində dövlət tərəfindən ardıcıl və birbaşa hədəflərə hesablanmış əhəmiyyətli işlər aparılır. Lakin bütün bunlara baxmayaraq, Azərbaycan üçün vacib olan bu işdə, xüsusilə, Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq siyasətinə qarşı dövlətlə yanaşı, vətəndaş cəmiyyətində xüsusi yeri və rolu olan gənclərimiz də daha aktiv fəaliyyət göstərməlidirlər: "Qarabağ problemi, artıq 20 ilə yaxın bir zaman ərzində həll olunmamış vəziyyətdədir. Bunun nəticəsində isə, Azərbaycanın 20 faiz torpağı işğal altındadır, bir milyon insanı isə köçkün vəziyyətində yaşayır. Bu günlərdə Azərbaycan xalqı Xocalı soyqırımının 20 illiyini böyük hüznlə anmaqdadır. Artıq dünyanın bir çox ölkəsində, xüsusilə, qardaş Türkiyədə "Xocalıya ədalət" kampaniyasına start verilib. Kampaniya çərçivəsində beynəlxalq ictimaiyyət Xocalı qətliamının kimlər tərəfindən törədildiyini, soyqırımında məhz Ermənistanın əli olduğunu bir daha anlayacaq. Təbii ki, kampaniya çərçivəsində gənclərimizin apardığı işləri də, xüsusilə, qeyd etmək lazımdır".

Bu gün "böyük Ermənistan" xülyası ilə yaşayan təcavüzkar Ermənistan dövləti və onun rəhbərləri hər vəchlə qondarma "erməni soyqırımı"nın dünya dövlətləri arasında tanıdılmasına cəhd göstərdiyini deyən Bəhruz Quliyev daha bir məqama da toxunaraq, bildirdi ki, Fransa Senatında qərəzli qanunun qəbul edilməsi bütün Türk dünyasına qarşı yönəlmiş addımdır: "Ermənilər qondarma "soyqırımı" məsələsini beynəlxalq ictimaiyyətə tanıtmağa cəhd göstərərkən, unutmamalıdırlar ki, elə də uzaq olmayan tarixdə - 1992-ci ilin 26 fevralında Xocalıda bənzəri görünməmiş dəhşətli soyqırımı aktını törədiblər. Bizlər hər zaman çalışmalıyıq ki, ermənilərin əsil üzlərini ifşa edək və dünyada kimin soyqırımı törətdiyini sübuta yetirək".

Bəhruz Quliyev BMT-nin qəbul etdiyi dörd qətnamədən və Türkiyə-Azərbaycan qardaşlığına kölgə salmaq istəyən bəzi qüvvələrin bəd əməllərindən də danışaraq, qeyd etdi ki, bu gün bu qardaşlığa heç kim kölgə salmaq gücündə deyil: "Artıq bu günlərdə Türkiyə parlamentində Xocalı soyqırımının tanınması məsələsi müzakirə olunur, eləcə də, Azərbaycanın əzəli torpaqlarının erməni işğalından azad edilməsi istiqamətində BMT-nin qəbul etdiyi dörd qətnamə barəsində də haqlı tələblər irəli sürülməkdədir. Aparılan bütün bu işlər isə Azərbaycanın haqq səsinin dünyada eşidilməsinə münbit şərait yaradır".

YAP Siyasi Şurasının üzvü, partiyanın Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov isə bildirdi ki, beynəlxalq hüquqa görə, soyqırımı sülh və bəşəriyyət əleyhinə yönələn əməldir və ən ağır beynəlxalq cinayət sayılır: "BMT Baş Məclisinin 1948-ci il 9 dekabr tarixli 260 saylı qətnaməsi ilə qəbul edilib və 1961-ci ildə qüvvəyə minən Soyqırımı cinayətinin qarşısının alınması və təqsirkarların cəzalandırılması haqqında Konvensiyada soyqırımı cinayətinin hüquqi əsası təsbit olunub. Buradan çıxış edərək, Xocalı sakinlərinə qarşı törədilmiş soyqırımı aktını Dağlıq Qarabağ bölgəsinin işğalı zamanı Ermənistan Respublikasının həyata keçirdiyi etnik təmizləmə siyasətinin yeni bir mərhələsi kimi qiymətləndirmək olar".

A.Hüseynov, həmçinin, vurğulayıb ki, Ümummilli Lider Heydər Əliyev 1994-cü il martın 1-də Xocalı soyqırımı ilə əlaqədar xüsusi Fərman imzalayıb. Azərbaycan Respublikasının Milli Məclisinin Qərarı ilə 26 fevral "Xocalı soyqırımı və milli matəm günü" elan olunub, bu barədə bütün beynəlxalq təşkilatlara məlumat verilib. A.Hüseynov vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə son illər bu soyqırımı hadisəsinin bütün dünyada tanınması istiqamətində geniş ideoloji-intellektual işlər görülür.

Tədbirdə çıxış edən Xocalı faciəsinin gənc şahidləri erməni vandallarının törətdikləri vəhşiliklərdən danışıblar.


RƏFİQƏ

Digər xəbərlər