Dünən Səbail rayon gənclər və idman idarəsi, "Qərb" Universiteti və "Nurlu sabah" Gənclərə Qayğı İctimai Birliyinin birgə təşkilatçılığı ilə Xocalı faciəsinin 20-ci ildönümünə həsr olunmuş dəyirmi masa keçirib. Tədbir iştirakçıları ilk öncə faciə zamanı həlak olan soydaşlarımızın xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Tədbiri açıq elan edən Səbail rayon icra hakimiyyətinin şöbə müdiri İsrafil Kərimov Azərbaycan xalqının qan yaddaşımız olan Xocalı faciəsi, ermənilərin zaman-zaman xalqımıza qarşı törətdikləri vəhşiliklərdir: "Bu gün hər birimiz Xocalı soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinin nəzərinə çatdırılması istiqamətində vacib olan işlər barədə ətraflı məlumat verməliyik. Belə ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 17 yanvar 2012-ci il tarixli Sərəncam imzalanmış və bu faciənin ildönümünün ölkə miqyasında geniş şəkildə qeyd olunması ilə bağlı müvafiq tapşırıqlar verilmişdir. Bu ərəfədə əhəmiyyətli Sərəncamın icrası ilə bağlı hər yerdə tədbirlər keçirilir, erməni vəhşiliklərinin dünya ictimaiyyətinə çatdırılması ilə bağlı işlər görülür".
Tədbirdə çıxış edən Səbail rayon gənclər və idman idarəsinin rəis müavini Faiq Qurbanov, politoloq Fikrət Sadıxov, BDU-nin dosenti, tarix elmləri doktoru Təranə Zeynalova, "Qərb" Universitetinin tələbəsi Ruhanə Paşazadə və başqaları faciənin tarixi, baş vermiş erməni vəhşilikləri barədə məlumat veriblər.
Tədbirdə, həmçinin, "Nurlu sabah" Gənclərə Qayğı İctimai Birliyinin sədri Nicat Xəlilov bildirib ki, İB tərəfindən Xocalı faciəsinə həsr olunmuş "10 səbəb" layihəsi hazırlanıb və tədbir iştirakçılarına bu layihənin təqdimatı da bu günə təsadüf edib.
AMEA İqtisadiyyat İnstitutunun elmi işçisi, elmlər doktoru Emin Məmmədzadə isə Azərbaycan və Ermənistanın hazırkı vəziyyətini əks etdirən statistik məlumatları toplaşanların nəzərinə çatdırıb. Sonda Xocalı soyqırımına həsr olunmuş sənədli film və "Qərb" Universiteti tələbələrinin ifasında bədii kompozisiya nümayiş etdirilib.
R.Hüseynova