Fevralın 22-də YAP Şamaxı rayon təşkilatı aparatı gənclər birliyi ilə birgə "Xocalı faciəsi XX əsrin ən dəhşətli faciəsidir" mövzusunda tədbir keçirib. Yığıncaq iştirakçıları Xocalıda qətlə yetirilmiş soydaşlarımızın xatirəsini 1 dəqiqəlik sükutla yad ediblər.
Tədbiri giriş sözü ilə YAP Şamaxı rayon gənclər birliyinin sədri Elnar Kərimov açaraq bildirdi ki, bu gün beynəlxalq təcrübədə bəşəriyyətə qarşı cinayət törətmiş şəxslərin mühakiməyə tələb olunması üçün kifayət qədər hüquqi baza və mexanizmlər mövcuddur: "Təəssüflər olsun ki, indiyədək beynəlxalq ictimaiyyət Xocalı faciəsindən 20 il keçməsinə baxmayaraq, bu soyqırımı hadisəsinə hüquqi qiymət verməmiş, cinayətkarlar lazımi cəzalarını almamışlar."
Sonra Müəllimlər İnstitutunun 4 -cü kurs tələbəsi Taleh Əhmədov, 9 saylı orta məktəbin müəllimi Pərviz Maqsudov, Sənaye İqtisad Kollecinin tələbəsi Xəyalə Bədəlova, 10 saylı orta məktəbin müəllimi Vasif Şıxıyev çıxış edərək, bildirdilər ki, 1992-ci ilin ilk günlərindən etibarən Dağlıq Qarabağın azərbaycanlılar yaşayan məntəqələrinin işğalına başlanıldı.1992-ci il yanvarın 15-də Kərkicahan, fevralın 10-da Malıbəyli, Quşçular kəndləri işğal olundu,dinc və silahsız əhaliyə divan tutuldu. Bu itkilər Xocalı və Şuşanın mühasirə dairəsinin daha da daralmasına şərait yaratdı. Bu vaxt Azərbaycan Silahlı Qüvvələrinin Daşaltıda apardıqları hərbi əməliyyat da uğursuzluqla nəticələndi. Bir müddət sonra Qarabağlı kəndini də ələ keçirən separatçılar 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xankəndidə yerləşən keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının iştirakı ilə Xocalıda azərbaycanlılara qarşı dəhşətli soyqırımı aktı törətdilər. Sonda YAP Şamaxı rayon təşkilatının aparat rəhbəri Altay Məmmədov erməni faşistlərinin Xocalıda törətmiş amansız qətllərini pisləmiş və gənclərə sosial şəbəkələr vasitəsi ilə Xocalı faciəsi haqqında materialları internet səhifələrində yerləşdirməyi tövsiyə etmişdir.
Tədbirdə Humanitar Kollecin tələbəsi Nəzakət Babaşova özünün yazdığı "Xocalı harayı" şeirini ifa etmişdir.
RƏFİQƏ