PDF Oxu

Sosial

  • 5

Xocalı soyqırımını törədənlər məsuliyyətdən yaxa qurtara bilməyəcəklər

Xocalı soyqırımını törədənlər məsuliyyətdən yaxa qurtara bilməyəcəklər

Dünən YAP Suraxanı rayon təşkilatı və 290 saylı tam orta məktəb ərazi ilk partiya təşkilatının birgə təşkilatçılığı ilə Xocalı soyqırımının 20-ci ildönümünə həsr edilmiş tədbir keçirildi. Qeyd edim ki, tədbirdə Suraxanı rayon icra hakimiyyətinin başçısı İlqar Abbasov, millət vəkili, YAP Nizami rayon təşkilatının sədri Sədaqət Vəliyeva, rayon ictimaiyyətinin nümayəndələri, Xocalı soyqırımının şahidləri iştirak edirdi.

Tədbir başlamazdan öncə iştirakçılar Xocalı soyqırımına məruz qalmış soydaşlarımızın və torpaqlarımızın azadlığı uğrunda şəhid olanların xatirəsini bir dəqəiqəlik sükutla yad etdilər. Tədbiri giriş sözü ilə açan YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov bildirdi ki, 20 il öncə, 26 fevral 1992-ci ildə Xocalı şəhərində dünyada misli görünməyən dəhşətli bir vəhşiliyin şahidi oldu. Təşkilat sədri XX əsrin ən böyük faciələrindən olan Xocalı soyqırımının təcavüzkar Ermənistanın ölkəmizə qarşı apardığı çirkin siyasətin davamı, əsil genosid aktı olduğunu diqqətə çatdırdı: "Erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı törətdikləri bu soyqırımı aktı nəticəsində bəzi ailələr, bütünlüklə məhv edildi, mülki əhalinin görünməmiş vəhşiliklə qətlə yetirildi. Əsir və girov götürülənlər amansız işgəncələrə məruz qaldı. Südəmər körpələrə, əlsiz-ayaqsız qocalara, qadınlara, uşaqlara belə aman verilmədi. Bütövlükdə, Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində tayı-bərabəri olmayan bir vəhşilik aktıdır. Bu soyqırımı, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir".

V.Seyidov onu da bildirdi ki, bu gün dövlətimizin rəhbərliyi, respublikanın hüquq-mühafizə orqanları günahkarların aşkar edilməsi istiqamətində ardıcıl iş aparır, yaxın zamanda haqq-ədalətin öz yerini tapacaq, Xocalı soyqırımını törədənlər məsuliyyətdən yaxa qurtara bilməyəcəklər: "Dünyada hər şeyin, dərdin də, əzabları da bir sonu var. O cümlədən, məcburən qatıldığımız müharibənin də. Xalqımız əmindir ki, dövlət başçısı, YAP-ın Sədri cənab İlham Əliyevin rəhbərliyi ilə müqəddəs vətənimizin real müstəqilliyi və torpaqlarımızın düşmən tapdağından tam azad olacağı gün uzaqda deyildir. Hamımızın sıx birliyimizlə biz bu ağır tale sınağından qələbəylə çıxacağıq və hər kəs öz doğma od-ocağına qayıdacaq".

Sonra Heydər Əliyev Fondu tərəfindən Xocalı soyqırımı ilə bağlı çəkilmiş sənədli film təqdim olundu. Tədbirin sonunda isə 290 saylı tam orta məktəbin şagirdlərinin ifasında Xocalı faciəsinə həsr olunmuş ədəbi-bədii kompozisiya nümayiş olundu.


ZÜMRÜD

Digər xəbərlər