Dünən Nərimanov rayon icra hakimiyyəti və Yeni Azərbaycan Partiyası (YAP) Nərimanov rayon təşkilatının birgə təşəbbüsü ilə Xocalı soyqırımının 20-ci ildönümünə həsr olunmuş tədbir keçirilib. Əvvəlcə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra soyqırıma həsr olunmuş ədəbi-bədii kompozisiya təqdim olunub. Kompozisiyada çıxışçıların ifasında faciənin bədii obrazı canlandırılıb.
Tədbirdə çıxış edən Nərimanov rayon icra hakmimiyyətinin başçısı, YAP Siyasi Şurasının üzvü Abdin Fərzəliyev Xocalı soyqırımının XX əsrin ən böyük faciəsi olduğunu bildirib. Ermənilər tərəfindən törədilmiş bu qətliamın insanlığa qarşı cinayət olduğunu deyən A.Fərzəliyev qeyd edib ki, dövlətimiz bu hərbi cinayəti törədənlərin layiqli cəzalarını alması üçün lazımi hüquqi addımlar atmaqdadır. İcra başçısı xalqımız tərəfindən soyqırımı qurbanlarının xatirəsinin daim əziz tutulduğunu vurğulayıb: "Xocalı faciəsi XX əsrin ən dəhşətli kütləvi insan qırğınlarından biri olmaqla, Azərbaycan xalqına qarşı ermənilər və onların havadarları olan qüvvələrin birgə həyata keçirdikləri soyqırımı hadisəsidir. Bu faciə bir anın, bir günün içərisində baş vermiş hadisə deyil. Bildiyimiz kimi, hələ məlum Dağlıq Qarabağ hadisələrinə qədər müxtəlif dövrlərdə ermənilər öz xarici havadarlarının köməyi ilə Azərbaycan xalqına qarşı çoxsaylı kütləvi qırğınlar törədib, etnik təmizləmə siyasəti aparıb, nəticədə, yüz minlərlə soydaşımız öz dədə-baba torpaqları olan daimi yaşayış yerlərindən min bir işgəncələrə məruz qalaraq didərgin salınıb".
A.Fərzəliyev onu da qeyd etdi ki, yalnız Ulu Öndərimiz Heydər Əliyevin 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından Xocalı faciəsinə siyasi-hüquqi qiymət verildi. O bildirdi ki, bu gün Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində məqsədyönlü işlər görülür. İcra başçısı bu prosesdə Heydər Əliyev Fondunun rolunu xüsusi vurğulayıb.
R.HÜSEYNOVA