Ötən gün Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) "Neftqazelmitədqiqatlayihə" İnstitutunda Xocalı faciəsinin 20-ci ildönümü qeyd olundu. Əvvəlcə soyqırımı zamanı qətlə yetirilmiş insanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Sonra çıxış edən institutun direktoru Fəxrəddin İsmayılov tarixən Azərbaycan xalqının başına gətirilən müsibətlərdən söz açdı və bu sırada Xocalı qətliamının XX əsrin ən dəhşətli faciəsi olduğunu vurğuladı. "Bildiyimiz kimi, Xocalı hələ 1915-ci ildə ermənilər tərəfindən dağıdılmışdı. 1918-ci ilin mayında isə Azərbaycanın bir parçası olan İrəvan Ermənistanın tərkibinə verildi. Artıq bu dövrlərdən başlayaraq Ermənistanın Azərbaycana qarşı torpaq iddiları daha geniş vüsət almağa başladı. Rəsmi mənbələrdə qeyd olunurdu ki, ötən əsrin əvvəllərində Ermənistanda 10 faiz erməni yaşayırdı. 1988-ci ildə yenidən ermənilərin torpaq iddiaları baş qaldırdı. Ermənilər öz işlərini görürdülər. Ancaq biz bütün bunlara laqeyd yanaşırdıq. Onlar addımbaaddım öz niyyətlərinə nail olmağa çalışırdılar. Bu dövrdə baş verən hadisələr nəticəsində Azərbaycanın 20 faiz torpağı işğal olundu, bir milyon soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşdü. 1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə isə Xocalı faciəsi baş verdi. 1994-cü il fevral ayının 24-də ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Milli Məclisdə Xocalı soyqırımı ilə bağlı məsələ qaldırıldı. Artıq Azərbaycan xalqı hər il fevral ayının 26-nı Xocalı faciəsi günü kimi qeyd edir, soyqırımı zamanı şəhid olanların əziz xatirəsini yad edir." Qeyd olundu ki, Xocalı faciəsi Dağlıq Qarabağ münaqişəsi zamanı baş vermiş ən dəhşətli hadisələrdən biridir. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri SSRİ dövründən Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayın zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə Xocalı şəhərini işğal etdi. Hücumdan əvvəl, fevralın 25-i axşam şəhər toplardan və ağır artileriyadan şiddətli atəşə tutuldu. Nəticədə, fevralın 26-ı səhər saat 5 radələrində Xocalı tam alova büründü. Mühasirəyə alınan şəhərdə qalmış təqribən 2500 nəfər xocalılı Agdam rayonunun mərkəzinə çatmaq ümidi ilə şəhəri tərk etdi. Amma bir günün içində yer üzündən silinən şəhəri tərk edən 2500 Xocalı sakinindən 613-ü düşmən gülləsinə tuş gəlib qətliamın qurbanı oldu. Bu soyqırım nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla - 613 nəfər Xocalı sakini qətlə yetirildi, 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirdi. Düşmən gülləsinə tuş gəlib yaralanan 487 nəfərdən 76-sı uşaq idi. 1275 xocalı sakini əsir, 150-si isə itkin düşdü. YAP Siyasi Şurasının üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə isə qeyd etdi ki, Xocalı faciəsi nəinki azərbaycanlılara, bütün dünyada sülhü sevən insanlara qarşı törədilmiş soyqırımıdır. "Təbii ki, bu gün Azərbaycan həqiqətlərinin təbliği, Xocalı faciəsinin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində mühüm addımlar atılır. Bunun nəticəsidir ki, artıq Pakistan və Meksikada Xocalı faciəsi rəsmi olaraq soyqırımı kimi tanınır. Bu gün nəinki Azərbaycanda, dünyanın bir çox ölkələrində Xocalı faciəsinin 20-ci ildönümü qeyd edilir, faciə qurbanlarının xatirəsi anılır."
V.Rəhimzadə bildirdi ki, hər bir Azərbaycan vətəndaşı Xocalı soyqırımının dünyaya tanıdılması sahəsində öz üzərinə düşən vəzifəni layiqincə yerinə yetirməlidir. "Biz çalışmalıyıq ki, bu faciənin bütün ölkələr soyqırımı olduğunu təsdiq etsinlər. Bu istiqamətdə xüsusilə qeyri-hökumət təşkilatları, KİV nümayəndələri, ümumiliklə hər bir azərbaycanlı fəal olmalıdır. Hesab edirəm ki, bu bizim ümumxalq işimizdir." Anım mərasimində çıxış edən institutun əməkdaşı Bəhruz Məmmədov isə Xocalı soyqırımı ilə əlaqədar erməni mənbələrindən götürülmüş maraqlı faktlar səsləndirdi. Tədbirdə həmçinin faciə ilə bağlı sənədli film də nümayiş etdirildi.