Dünən Yeni Azərbaycan Partiyası Siyəzən rayon təşkilatının şura iclası keçirilmişdir. Şura iclasında təsdiq edilmiş gündəlik əsasında rayon təşkilatının idarə heyətinin tərkibi, sədr müavinlərinin, gənclər birliyinin sədrinin və tərkibinin seçilməsi, qadınlar şurasının sədrinin və tərkibinin seçilməsi məsələsi müzakirə çıxarılıb.
İclası giriş sözü ilə açan YAP Siyəzən rayon təşkilatının sədri Etibar Heydərov bildirdi ki, Yeni Azərbaycan Partiyası görkəmli dövlət xadimi, dünya səviyyəli siyasətçi, Ulu Öndər Heydər Əliyevin əbədiyaşar əsəridir. Bu gün tam əminliklə demək olar ki, Ümummilli Liderimizin dövlətçilik kursu Onun siyasi davamçısı, partiyanın Sədri Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir.
Daha sonra E.Heydərov qeyd etdi ki, Yeni Azərbaycan Partiyası Nizamnaməsinin IV bölməsinin 11-ci maddəsinin 2-ci abzasına əsasən, rayon partiya təşkilatı şurasının cari rəhbərliyinin həyata keçirilməsi üçün rayon təşkilatının idarə heyətini, sədr müavinlərini seçir. Belə hesab olundu ki, idarə heyətinin tərkibi 11 nəfərdən ibarət olsun.
Çıxış edən şura üzvləri yekdilliklə namizədlikləri irəli sürülmüş heyət üzvlərinin seçilməsini məqsədəmüvafiq hesab etdilər.
Daha sonra gündəlikdə duran digər məsələlər haqqında, sədr müavinlərinin, gənclər birliyinin və qadınlar şurasının tərkibinin seçilməsi məsələsi müzakirəyə çıxarıldı. Say tərkibi 2 nəfər olmaqla sədr müavinləri, 11 nəfərdən ibarət gənclər birliyi və 11 nəfər qadınlar şurasının üzvləri təsdiq olundu. Rəşad Rəhmanov gənclər birliyinin sədri seçildi.
Sonda Siyəzən rayonu icra hakimiyyətinin başçısı, Arif Qasımov çıxış edərək, partiyanın qüdrətli siyasi qüvvəyə çevrilməsinin, sıralarının gündən-günə artmasının səbəbi ondadır ki, onun yaradıcısı, ilk rəhbəri dahi şəxsiyyət, Azərbaycan xalqının xilaskarı, fəxri və iftixarı, Ümummilli Liderimiz Heydər Əliyev olub. Bu gün partiyanın nüfuzunun daha da yüksəlməsinin bir səbəbi də ondadır ki, bu siyasi birliyə Heydər Əliyev ideyalarının layiqli davamçısı Prezident İlham Əliyev rəhbərlik edir.
RƏFİQƏ KAMALQIZI