PDF Oxu

Sosial

  • 12

Xocalı XX əsrin ən qanlı faciəsidir

Xocalı XX əsrin ən qanlı faciəsidir

DAŞKƏSƏN

Xocalı faciəsi ilə bağlı ümümrayon anım tədbiri Daşkəsən rayonundakı Şəhidlər Xiyabanından başladı. Rayon ictimaiyyəti Şəhidlər Xiyabanında abidə kompleksinin və torpaqlarımızın azadlığı, toxunulmazlığı uğrunda canından keçmiş şəhid qəbirlərini ziyarət edərək, qəbirlər önünüə tər çiçək dəstələri düzdülər. Sonra rayon icra hakimiyyətinin başçısı Əhəd Abıyev ermənilərin zaman-zaman Azərbaycan xalqının başına açdığı müsibətlərdən, 20 il əvvəl ermənilərin Xocalıda törətdikləri vəhşiliklərdən danışıb. O, 200 il ərzində erməni millətçi şovinistləri tərəfindən davamlı olaraq azərbaycanlıların soyqırımı siyasətinə, etnik təmizləmə prinsiplərinə məruz qaldığını, XX əsrin sonunda baş vermiş Xocalı faciəsinin təkcə Azəribaycan xalqına deyil, insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biri olduğunu bildirib. Ə.Abıyev, həmçinin siyasi-hüquqi qiymət Ümummilli Lider Heydər Əliyev tərəfindən verilmiş bu faciə haqqında əsil həqiqətlərin bütün dünyaya çatdırılması, dünya dövlətləri və beynəlxalq təşkilatlar tərəfindən faciənin soyqırımı kimi tanınması istiqamətində ölkə Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasətdən də bəhs edib. Bu siyasətin uğuru nəticəsində beynəlxalq miqyasda Xocalı soyqırımı haqqında obyektiv fikrin formalaşdığını qeyd edən rayon rəhbəri işğal olunmuş ərazilərimizin düşməndən azad olunacağı günün heç də uzaqda olmadığını bildirib.

Tədbirdə rayon mədəniyyət evinin foyesində məktəblilərinin Xocalı soyqırımına həsr olunmuş rəsm sərgisinə və bu faciə ilə bağlı nəşr olunan kitablara baxış keçirilib.

Anım mərasimində, həmçinin, A.Mürsəlov adına 2 saylı tam orta məktəbin şagirdlərinin hazırladıqları "Xocalı harayı" ədəbi-bədii kompozisiyası nümayiş etdirildi.


TƏRTƏR

YAP Tərtər rayon təşkilatının təşkilatçılığı ilə partiyanın qərargahında Xocalı faciəsinin 20-ci ildönümü ilə bağlı tədbir keçirilib. Tədbir iştirakçıları ilk öncə qərargahın foyesində yerləşən Xocalıya həsr olunmuş abidə komleksini ziyarət edib, qarşısına gül dəstələri düzüblər. YAP Tərtər rayon təşkilatının qərargahının akt zalında keçirilən tədbir iştirakçıları Xocalıda həlak olmuş insanların xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Sonra YAP Tərtər rayon təşkilatının sədri Ramiz Şabanov çıxış edərək, bildirib ki, Xocalı soyqırımı aqressiv, cinayətkar və terrorçuluğu dövlət səviyyəsinə qaldırmış Ermənistanın rəsmi siyasətinin nəticəsidir. R.Şabanovun sözlərinə görə, XX əsrin sonunda baş vermiş bu soyqırımı təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir: "Azərbaycan tarixinin ən dəhşətli və qanlı səhifələrindən olan Xocalı soyqırımı, eyni zamanda, bəşər tarixinin ən genişmiqyaslı və xüsusi amansızlıqla törədilmiş hərbi cinayətlərindəndir. 20 il əvvəl 1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələri Xankəndində yerləşdirilən ruslara məxsus 366-cı alayın köməyi ilə Xocalı şəhərinin dinc mülki əhalisinə divan tutaraq, şəhəri yerlə-yeksan etdilər. 1988-ci ildən 1993-cü ilə qədər Ermənistanın hərbi birləşmələrinin Xankəndində yerləşən Rusiya ordusuna məxsus 366-cı alayın şəxsi heyətinin və texnikasının köməyi ilə onlarla azərbaycanlı kəndində soyqırımı aktları törətdi. 1992-ci il fevralın 17-də Xocavənd rayonunun Qaradağlı, həmin il aprelin 7-də isə Kəlbəcər rayonunun Ağdaban kəndlərində kütləvi qırğınlar törədilib. Hər iki kənddə əhalinin 70 faizi qətlə yetirilib. Ermənilərin yalnız Xocalıda soyqırımı törətməsi faktını dünya ictimaiyyətinə təqdim etməklə nə isə əldə etmək mümkün deyil. Bütün soyqırımı aktlarını dünya ictimaiyyətinin diqqətinə çatdırmaqla, ermənilərin əsil simasını aça bilərik. O zaman ermənilərin məqsədyönlü şəkildə azərbaycanlılara qarşı soyqırımı aktları törətdikləri bəlli olar".

YAP rayon təşkilatı gənclər birliyinin sədri Yadigar Səfərov, rayon təşkilatı aparatının rəhbəri Kamil Məmmədov, 1 saylı tam orta məktəbin müəllimi Rəna Məmmədova, uşaq yaradıcılıq məktəbinin metodisti Əfsanə Fərhadova, partiya fəalı Arzu Yaqubova, musiqi məktəbinin direktoru Emil Haqverdiyev və başqaları çıxış edərək, bildiriblər ki, tarix boyu Azərbaycan xalqının başına gətirilən digər faciələr kimi, məhz Xocalı soyqırımına da ilk siyasi qiyməti xalqımızın Ümummilli Lideri Heydər Əliyev verdi: "Nə qədər üzücü olsa da, bizə təsəlli verən odur ki, nə bu faicələri törədənlər, nə də faicə iştirakçıları cəzasız qalmayacaq. Çünki bu gün ölkə Prezidenti İlham Əliyev ölkənin həm iqtisadi, həm də siyasi cəhətdən uğurlar əldə olunmasına çalışır. İnanırıq ki, dövlət başçımızın düzgün siyasəti nəticəsində cinayətkarlar tezliklə cəzalarını alacaqlar".


AĞSTAFA

YAP Ağstafa rayon təşkilatının qərargahında rayon təşkilatının gənclər birliyi və qadınlar şurasının təşkilatçılığı ilə "Xocalı - qan yaddaşımız" adlı tədbirdə rayonun idarə və müəssisələrində çalışan gənclər iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan rayon təşkilatının gənclər birliyinin sədri Anar Məmmədov Xocalı soyqırımının əsrlərdən bəri ermənilərin azərbaycanlılara qarşı yürütdükləri təcavüzkarlıq siyasətinin davamı kimi qiymətləndirib. O, qeyd edib ki, ermənilər 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıya hücum edərək, dünyada misli görünməmiş soyqırımı törətmişlər. Bu vəhşilik zamanı 613 nəfər dinc azərbaycanlı, o cümlədən, 63 uşaq, 106 qadın işgəncə ilə öldürülüb. Səkkiz ailə tamamilə məhv edilib. 1275 nəfər girov götürülüb. Bu reallıqlara əsaslanan A.Məmmədov Azərbaycan tarixinin ən dəhşətli və faciəli səhifələrdən biri olan Xocalı soyqırımının insanlıq tarixinə kütləvi terror aktlarından biri olaraq daxil olduğunu bildirib.

Tədbirdə rayon təşkilatı qadınlar şurasının sədri Şəhanə Osmanova, rayon təhsil şöbəsinin metodisti Əli Cəfəroğlu, TYM-in dərnək rəhbəri Aygün Nağıyeva, Gİİ-nin baş məsləhətçisi Turan Hüseynov və başqaları çıxış edərək, ermənilər tərəfindən həyata keçirilən terror aktına münasibətlərini bildiriblər.

Anım mərasimindən sonra gənclər şəhərin mərkəzində yerləşən Rəsm Qalereyasında məktəb uşaqlarının Xocalı soyqırımına həsr olunmuş rəsm sərgisinə tamaşa ediblər.


GƏDƏBƏY

YAP Gədəbəy rayon təşkilatı RİH ilə birlikdə Xocalı soyqırımı ilə bağlı anım mərasimi keçirib. Tədbir iştirakçıları Şəhidlər Xiyabanına gedərək, ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda şəhid olmuş Azərbaycanın mərd övladlarının əziz xatirəsini yad edərək, onların büstü önünə gül dəstələri qoyublar.

Mərasimdə çıxış edən Gədəbəy RİH-in başçısı Kamran Rzazadə 1992-ci il fevralın ikinci yarısından başlayaraq, Xocalı erməni silahlı dəstələrinin mühasirəsinə alınaraq, hər gün toplardan, ağır texnikadan atəşlərə, erməni dəstələrinin həmlələrinə məruz qaldığını söylədi: "1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri SSRİ dövründəki Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayın zirehli texnikası və hərbi heyətinin köməyi ilə Xocalı şəhərini işğal etdi. Hücumdan əvvəl fevralın 25-i axşam şəhər toplardan və artilleriyadan şiddətli atəşə tutuldu. Nəticədə, fevralın 26-sı səhər saat beş radələrində Xocalı tam alova büründü".

Rayon rəhbəri onu da bildirib ki, beynəlxalq hüquqa görə, soyqırımı sülh və bəşəriyyət əleyhinə yönələn əməldir və ən ağır beynəlxalq cinayət sayılır: "Bu işğalçı ölkənin terrorçuluq siyasəti uzun illərdir ki, dünya ictimaiyyətinin gözü qarşısında baş verir. Halbuki beynəlxalq hüquq normalarına, BMT və ATƏT-in prinsiplərinə görə, dövlətin sərhədlərinin toxunulmazlığına hörmət edilməlidir. Ərazi bütövlüyünün və suverenliyin pozulması yolverilməzdir. BMT Təhlükəsizlik Şurası Azərbaycanın işğal olunan torpaqlarının qeyd-şərtsiz azad olunması haqqında qəbul etdiyi 1993-cü il 822, 853, 874 və 884 nömrəli qərarları ilə Ernənistanı təcavüzkarlığa məhkum edib, Azərbaycan torpaqlarından dərhal çıxmasını tələb etsə də, bu qərarların həyata keçməsi üçün ciddi tədbir görülməmişdir." Sonda mərasim iştirakçıları rayon mədəniyyət evində rayon uşaq yaradıcılıq mərkəzinin kollektivi tərəfindən Xocalı soyqırımı qurbanlarının əziz xatirəsinə həsr etdiyi ədəbi-bədii kompozisiya təqdim edilib.

BALAKƏN

YAP Balakən rayon təşkilatında Xocalı soyqırımının 20-ci il dönümünə həsr olunmuş tədbir keçirilib. Tədbir iştirakçıları öncə Heydər Əliyev Muzeyində təşkil olunmuş məktəblilərin Xocalı soyqırımına həsr edilmiş rəsm sərgisinə baxdılar. Sonra mərasim iştirakçıları Xocalı faciəsi zamanı, eləcə də, Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və milli dövlətçiliyi uğrunda şəhid olmuş bütün soydaşlarımızın ruhu bir dəqiqəlik sükutla yad ediblər.

Mərasimdə Balakən rayon icra hakimiyyəti başçısının humanitar məsələlər üzrə müavini Nəzakət Rüstəmova, YAP Balakən rayon təşkilatı qadınlar şurasının sədri Ruqiyyət Seyidova, partiya fəalı Gülüzar Qarayeva, Nizami adına rayon 1 saylı orta məktəbinin direktoru Şəfiqə Tütünçiyeva, Tülü kənd orta məktəbinin direktoru, rayon ağsaqqallar şurasının sədri Rəşid Musayev, 1 saylı texniki-peşə məktəbinin direktoru Rəhim Tağıyev və başqaları çıxış edərək, xalqımızın başına gətirilən müsibətlər sırasında Xocalı soyqırımının xüsusi amansızlığı və qəddarlığı ilə seçildiyini bildiriblər. Çıxış edənlər onu da vurğulayıblar ki, Xocalı faciəsi XX əsrdə ermənilər tərəfindən xalqımıza qarşı törədilmiş növbəti kütləvi qırğın olmaqla yanaşı, həm də, Azərbaycanın ərazi bütövlüyünə, dövlət müstəqilliyinə qarşı yönəlmiş ənənəvi terror siyasətinin əyani təzahürüdür: "Xocalı soyqırımı bəşəriyyətə və insanlığa qarşı yönəlmiş ən qəddar cinayətlərdən biridir və bu faciə beynəlxalq hüququn norma və prinsiplərinə məhəl qoyulmadan həyata keçirilmiş bir vəhşilik aktıdır".

Tədbirdə rayon məktəblilərinin Xocalı soyqırımına həsr etdikləri bədii kompozisiya nümayiş olunub.


R.KAMALQIZI

Digər xəbərlər