Xocalı soyqırımının 20-ci ildönümünə həsr olunmuş silsilə tədbirlər dünyanın onlarla ölkəsində keçirilir. Soyqırımı qurbanlarının anım mərasimləri, sərgi və konfranslar, kütləvi aksiyalar təşkil olunur. Diasporla İş üzrə Dövlət Komitəsindən aldığımız məlumata görə, artıq Londonda, Birləşmiş Ərəb Əmirliklərində, İsveçrə kimi dövlətlərdə tədbirlər keçirilib. Həmin tədbirlərdə Xocalıda dinc əhalinin qətlə yetirilməsini əks etdirən fotosərgilər və sənədli filmlər nümayiş olunub.
BERLİN
Berlində Xocalı faciəsinin 20-ci ildönümünə həsr olunmuş "Almaniyada Xocalı Günləri" başlanmışdır. Dörd gün davam edəcək tədbir Azərbaycanın Almaniyadakı səfirliyi tərəfindən "Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması" İctimai Birliyi ilə birlikdə, "Avroqafqaz" cəmiyyəti, Avropa Məsələləri İnstitutu, Almaniya-Azərbaycan Forumu, Almaniya azərbaycanlılarının Əlaqələndirmə Mərkəzi, "Bakı-Berlin" qalereyasının dəstəyi ilə təşkil etmişdir. Layihə "Xocalıya ədalət" beynəlxalq kampaniyası çərçivəsində keçirilir.
Tədbir iştirakçıları Berlindəki Qotfrid Benn adına kitabxananın bağçasında Xocalı qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət etmiş, önünə əklillər qoymuş, şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.
Sonra Berlinin mərkəzindəki qədim "Palais am Festugsgraben" binasında "Almaniyada Xocalı Günləri"nin açılışı olmuşdur. Azərbaycanın AFR-dəki səfiri Pərviz Şahbazov erməni hərbçilərinin 20 il əvvəl mühasirəyə alınmış Azərbaycan şəhəri Xocalıda ətraf mühitdən təcrid olunmuş köməksiz dinc əhaliyə qarşı törətdiyi vəhşiliklərdən danışmış, Azərbaycan dövlətinin bu dəhşətli akta verdiyi siyasi qiymət barədə məlumat vermişdir.
Qonaqlar "Xocalı" sənədli filminə baxmışlar. AFR-in keçmiş dövlət katibi, Almaniya-Azərbaycan Forumunun sədri Otto Hauzer, "Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması" İctimai Birliyinin üzvü, Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli, Avropa Məsələləri İnstitutunun nümayəndəsi, Şverin şəhərinin keçmiş meri Yohannes Kvaşik çıxış etmişlər.
Həmyerlimiz, pianoçu Elnarə İsmayılova Listin və Qara Qarayevin əsərlərini ifa etmişdir.
DUBAY
Birləşmiş Ərəb Əmirliklərində fəaliyyət göstərən "Azərbaycan" Cəmiyyətinin təşkilatçılığı və BƏƏ-də yaşayan azərbaycanlıların, yerli ictimaiyyət nümayəndələrinin, eləcə də, türk, İraq türkmənləri və digər milli icmaların, həmçinin, KİV təmsilçilərinin iştirakı ilə Dubayda Xocalı soyqırımının 20-ci ildönümü münasibətilə konfrans keçirilmişdir. Konfransa giriş sözü ilə "Azərbaycan" Cəmiyyətinin sədri Samir İmanov açaraq, tədbir iştirakçılarına Xocalı soyqırımı haqqında ətraflı məlumat vermişdir. Samir İmanov Xocalıda baş verən qətliam qurbanlarının azərbaycanlı olduqlarına görə ermənilər tərəfindən planlı şəkildə öldürüldüyünü vurğulayaraq, buna görə də həmin faciənin soyqırımı aktı olduğunu qeyd etmişdir. "Azərbaycan" Cəmiyyətinin sədri erməni vandallarının 20 il əvvəl Xocalıda törətdikləri vəhşiliyi sübuta yetirən çoxlu sayda fakt və dəlillərin olduğunu qeyd edərək, dünya birliyinin buna siyasi-hüquqi qiymət verməli olduğunu və bu qətliamı insanlıq və bəşəriyyət əleyhinə cinayət kimi tanımasının zəruriliyini vurğulamışdır. Daha sonra konfrans iştirakçıları üçün "Xocalı soyqırımı" filmi nümayiş etdirilmişdir.
Tədbir iştirakçıları, həmçinin, konfrans zalının foyesində təşkil olunmuş foto şəkillərdən, Diasporla İş üzrə Dövlət Komitəsinin təqdim etdiyi kitab, broşur və jurnallardan ibarət sərgi ilə tanış olmuşlar. Kitabların böyük əksəriyyəti tədbir iştirakçılarına verilmişdir. Tədbirdə iştirak edən Dubay hökuməti Aparatının İctimai və Mədəni məsələlər üzrə müşaviri Səid Əl-Nəccara çoxlu sayda kitabla yanaşı, Erik Fayqlın ingilis dilində yazdığı "İpək Yolu Odlar Yurdundan keçərək - Azərbaycan tarixi" kitabı hədiyyə edilmişdir.
Konfransda iştirak edən Dubay əmirliyinin rəsmi ərəbdilli nəşri "Al-Bayan" qəzetinin əməkdaşı Xocalı soyqırımına həsr olunmuş tədbirdən material hazırlamışdır. "BƏƏ-in Azərbaycan diasporu Xocalı soyqırımının ildönümünü yad edir" başlıqlı məqalədə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Xocalı şəhərində törədilmiş soyqırımı nəticəsində baş verən hadisələr diqqətə çəkilmişdir. Beynəlxalq İnsan Haqları üzrə Komitə bu soyqırımı dünyada baş vermiş milli münaqişələr tarixinin ən böyük qırğını kimi təsdiq etmişdir. Daha sonra müəllif Xocalı soyqırımı həqiqətlərinin araşdırılaraq, dünyaya tanıdılmasında Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin misilsiz xidmətləri olduğunu qeyd edib.
Konfrans zamanı o, son 20 ildə Xocalı soyqırımına dünya ictimaiyyətinin siyasi-hüquqi qiymət verməsi istiqamətində çox işlərin görüldüyü barədə fikirlərinə toxunan müəllif ermənilərin Xocalının dinc sakinlərinə qarşı törətdiyi cinayət barədə bir çox beynəlxalq təşkilatlara müasir standartlara uyğun şəkildə sənəd və materialların hazırlanaraq təqdim edildiyini, ermənilərin Xocalının dinc sakinlərinə qarşı törətdiyi cinayət barədə məlumatları özündə əks etdirən müxtəlif dillərdə kitab, broşür və bülletenlərin yayıldığını qeyd etmişdir.
LONDON
Londonda Avropa-Azərbaycan Cəmiyyətinin təşkilatçılığı ilə Xocalı soyqırımının 20-ci ildönümünə həsr olunmuş tədbir keçirilmişdir. Birləşmiş Krallıqdan və digər ölkələrdən 300-ə yaxın nümayəndənin qatıldığı tədbirdə iştirakçılara 20 il bundan əvvəl ermənilər tərəfindən törədilmiş Xocalı soyqırımı haqqında ətraflı məlumat verilmişdir. Mərasimdə iştirak edən Avropa Mədəniyyət Parlamentinin üzvü Səbinə Rakçeyeva bildirmişdir ki, Londonun mərkəzində təşkil olunmuş bu tədbirə müasir Azərbaycan tarixinin ən dəhşətli faciələrindən biri olan Xocalı qətliamının qurbanlarını anmaq üçün toplaşmışlar.
Tədbirlə bağlı fikirlərini bölüşən ingiltərəli deputat Kris Xiton Xarris vurğulamışdır ki, iyirmi ildən çoxdur davam edən Dağlıq Qarabağ münaqişəsinin həlli üçün öz həmkarları ilə birlikdə əlindən gələni etməyə hazırdır.
AAC-nin təsisçisi və sədri Tale Heydərov təəssüratlarını bu sözlərlə bölüşmüşdür: "Xocalı faciəsi dəhşətli bir cinayətdir. Bu cinayətin səbəbkarları hələ də məsuliyyətə cəlb olunmamışlar. İşğal olunmuş Dağlıq Qarabağ ərazisi Azərbaycanın mədəniyyət mərkəzlərindən biri idi. İndi bu ərazidə yaşamış insanlar məcburi köçkünə çevrilmişlər və böyük bir mədəniyyət məhv olmaq üzrədir. Ümid edirəm ki, bu mərasim dünya ictimaiyyətinin diqqətini Xocalı faciəsinə yönəltmək istiqamətində önəmli bir addım olacaqdır". Daha sonra AAC tərəfindən hazırlanmış Xocalı hadisələrini əks etdirən film nümayiş olunmuşdur.
Tədbirin sonunda Londonun Orion simfonik orkestrinin ifasında Qərb və Azərbaycan klassik musiqiləri səslənmişdir.
İSVEÇRƏ
Xocalı soyqırımının 20-ci ildönümü münasibətilə İsveçrə Konfederasiyasında fəaliyyət göstərən İsveçrə-Azərbaycan Türk Cəmiyyətinin mətbu orqanı olan "Dost" qəzetinin növbəti sayı bütünlüklə Xocalı soyqırımına həsr olunmuşdur. İngilis və fransız dillərində 20 minlik tirajla çap olunan qəzetdə Xocalı soyqırımı barədə ətraflı məlumat verilir, bu qətliamın müxtəlif beynəlxalq təşkilatlar tərəfindən pisləndiyi qeyd olunur. Qəzetdə dərc olunmuş məqalə və müsahibələrdə Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Xocalı şəhərindəki dinc sakinlərə qarşı törətdiyi qətliam Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ən ağır qırğınlarından biri kimi dəyərləndirilir və onun insanlıq və bəşəriyyətə qarşı cinayət olduğu vurğulanır. "Dost" qəzeti Xocalı qurbanlarının etnik mənsubiyyətinə görə, yəni azərbaycanlı olduqlarına görə qətlə yetirildiklərinə diqqəti çəkərək, gələcəkdə bu kimi hadisələrin baş verməməsi üçün dünya ictimaiyyətinin Xocalıda baş verən bu dəhşəti soyqırımı kimi tanımasının zəruriliyini qeyd edir.
Xatırladaq ki, İsveçrə Konfederasiyasında təqribən 3800 azərbaycanlı və 120 minə yaxın türk yaşayır.
ZÜMRÜD