Bu gün beynəlxalq aləm bu azərbaycanlı qızı Fransa prezidenti Nikolya Sarkoziyə və Ermənistan prezidenti Serj Sarkisyana məktub göndərən və haqlarını tələb edən qız kimi tanıyır. Bu 20 yaşlı azərbaycanlı qızın məktubda işlətdiyi ifadələri Azərbaycan həqiqətlərini bütün dünyaya edilən çağırışı kimi dəyərləndirmək olar. Zərifə Quliyeva adlı bu qız göndərdiyi məktubunda 20 il öncə Xocalıda törədilən qanlı faciədən, cinayətdən danışır. Z.Quliyeva həmin soyqırımı anasının bətnində olarkən yaşayıb. Onu da qeyd edək ki, Zərifə atası və 2 yaşlı qardaşı olmaqla 22 qohumunu itirib. Xocalı soyqırımının 20-ci ildönümündə 20 yaşlı qızın Fransa və Ermənistan prezidentlərinə ünvanladığı məktubuna belə ilk reaksiya da Yerevandan gəlib. Belə ki, erməni tərəfi həmin məktubun mövcudluğunu etiraf etsə də, Zərifə Quliyeva adlı adamın olmadığını hər vəchlə iddia edir. Lakin Türkiyənin "Hürriyyət" qəzeti bu qızı tapmağa nail olub və ondan müsahibə alıb. Zərifə Quliyeva, həmçinin, anası Rəhilə Quliyeva ilə birlikdə mətbuat konfransı keçirərək, Xocalı həqiqətləri barədə Türkiyə və dünya ictimaiyyətini məlumatlandırıblar.
Qeyd edək ki, Zərifə Quliyeva Bakıda ali məktəbin ikinci kursunda təhsil alır. Zərifə Quliyeva rəsmi Yerevanın yalanlarını da ifşa edib: "Ermənistan yalan danışır. Mən burdayam. Məktubda yazılanlar mənim fikirlərimdir, özüm qələmə almışam. Anlatmalı idim. Bundan sonra susa bilməzdim". Zərifə Quliyeva jurnalistin "Nə istəyirsən" sualına belə cavab verib: "Kədərimə hörmət göstərilməsini, acımın qəbul edilməsini istəyirəm. Bir də torpaqlarımın geri qaytarılmasını..."
Z.Quliyevanın anası Rəhilə Quliyeva da Xocalı soyqırımından danışıb: "Qızım hələ dünyaya gəlməmişdi. İki yaşlı oğlum və həyat yoldaşım yanımda idi. Evdə oturmuşduq" Z.Quliyevanın sözlərinə görə, 21.30-da hücum başlayıb. "Mən dörd güllə yarası ilə qurtuldum. Oğlum və ərim öldü. Altı aydan sonra Zərifə doğuldu. Nə qardaşının, nə də atasının üzünü görüb".
Bütün bu deyilənlər həqiqətdir və Ermənistan prezidenti törətdiyi cinayətləri boynuna almaq istəmir. Lakin həqiqətdən qaçmaq olmaz.
ÜLVİ