PDF Oxu

Sosial

  • 12

Azərbaycan Daxili İşlər Nazirliyi Türkiyənin hüquq-mühafizə orqanları ilə əlaqələrin genişləndirilməsinə böyük önəm verir

Azərbaycan Daxili İşlər Nazirliyi Türkiyənin hüquq-mühafizə orqanları ilə əlaqələrin genişləndirilməsinə böyük önəm verir

Azərbaycana səfərdə olan Türkiyə Respublikasının daxili işlər naziri İdris Naim Şahin və onun başçılıq etdiyi nümayəndə heyəti Fəxri xiyabana gedərək xalqımızın ümummilli lideri Heydər Əliyevin məzarı önünə əklil qoyub, böyük öndərin əziz xatirəsini ehtiramla yad ediblər. SİA-nın məlumatına görə, daha sonra qardaş ölkənin rəsmilər görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsini yad edib, məzarı üstünə tər çiçəklər düzüblər. Nümayəndə heyəti Şəhidlər xiyabanında müstəqilliyimiz və ərazi bütövlüyümüz uğrunda həyatlarını qurban vermiş mərd mübarizlərin, həmçinin Türk əsgərlərinin məzarlarını da ziyarət ediblər.

Həmin gün respublikanın daxili işlər naziri Ramil Usubov Türkiyə Respublikasının daxili işlər naziri İdris Naim Şahinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Qonaqları səmimiyyətlə salamlayan Nazir Türkiyə Respublikasının Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlət olduğunu xatırladaraq ölkələrimiz arasında əlaqələrin inkişafının ümummilli liderimiz Heydər Əliyevin adı ilə sıx bağlı olduğunu, bu strateji əməkdaşlıq və qardaşlıq münasibətlərinin getdikcə daha da dərinləşdiyini bildirib. Qeyd olunub ki, Azərbaycanın Daxili İşlər Nazirliyi qardaş Türkiyənin hüquq-mühafizə orqanları ilə münasibətlərin istər ikitərəfli, istərsə də çoxtərəfli formatda inkişaf etdirilməsinə böyük önəm verir. Bu əlaqələrin normativ-hüquqi bazası ilk növbədə qarşılıqlı hüquqi yardım göstərilməsi, təcrübə mübadiləsi, dostluq və strateji əməkdaşlığın hərtərəfli inkişaf etdirilməsi barədə dövlətlərarası müqavilələrə əsaslanır.

Ramil Usubov bu səfərin əməkdaşlığın daha da genişlənməsinə təkan verəcəyinə əminliyini ifadə edib. Türkiyə Respublikasının daxili işlər naziri İdris Naim Şahin rəsmi dəvətə və göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirib. O, Türkiyə ilə Azərbaycan arasında əməkdaşlığın hər hansı iki dövlət arasındakı əlaqələrə bənzəmədiyini və onların əkiz qardaşlar olduğunu vurğulayaraq, dost və qardaş ölkələrimizin dünyada və bölgədə daimi sülhün bərqərar edilməsi, əmin-amanlığa və sabitliyin yaradılmasına ciddi əngəl olan qlobal problemlərə, o cümlədən mütəşəkkil cinayətkarlığın bütün təzahürlərinə qarşı hər zaman vahid mövqedən və birgə səylərlə çıxış etmələrindən, Azərbaycanın sürətli inkişafından, ölkəmizdə yaradılmış sabitlikdən məmnunluğunu ifadə edib. Qonaq iki ölkənin Daxili İşlər nazirlikləri arasında qarşılıqlı faydalı və səmərəli əməkdaşlığın gələcəkdə daha da inkişaf etdirilməsinin vacibliyini də qeyd edibdir. Dostluq və mehribanlıq şəraitində keçən görüşdə bir sıra digər məsələlər də müzakirə edilib.


MAMED BAĞIROV

Digər xəbərlər