Dünən YAP Binəqədi rayon təşkilatı və Binəqədi rayon icra hakimiyyətinin birgə təşəbbüsü ilə "Xocalı soyqırımı"nın 20-ci ildönümünə həsr olunmuş tədbir keçirildi. Tədbir başlanmazdan öncə soyqırımı qurbanlarının və eyni zamanda, torpaqlarımızın azadlığı uğrunda şəhid olan insanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Sonra Heydər Əliyev Fondu tərəfindən hazırlanmış "Xocalı qətliamı" sənədli filmi təqdim olundu.
Tədbiri giriş sözü ilə açan rayon icra başçısı Alı Qocayev bildirdi ki, 1988-ci ildən başlamış Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi tarixində ən müdhiş hadisələrdən olan Xocalıda baş vermiş soyqırımı ağla sığmayan, analoqu olmayan faciədir. Xocalı faciəsi iki yüz ilə yaxın bir müddətdə erməni şovinist-milətçiləri tərəfindən azərbaycanlılara qarşı müntəzəm olaraq həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin davamı və ən qanlı səhifəsidir. O, qeyd etdi ki, bu faciəni törətməkdə onların əsas məqsədi Dağlıq Qarabağı və digər Azərbaycan torpaqlarını ələ keçirmək, xalqımızın müstəqillik və ərazi bütövlüyü uğrunda mübarizə əzmini qırmaq idi. Bununla belə, mənfur düşmənin öz məqsədlərinə çatmadığını bildirdi.
A.Qocayev xocalıların amansız soyqırımı günündə də özlərini əsil qəhrəman kimi apardığını, erməni-sovet hərbi birləşmələrinə qarşı qeyri-bərabər döyüşdə igidliklə vuruşduğunu, düşmən qarşısında əyilmədiyini, xalqımızın qəhrəmanlıq tarixinə şərəfli səhifələr yazdığını diqqətə çatdırdı. O, qeyd etdi ki, faciəli günlər yaşamış, ən əziz adamlarını gözlərinin qabağında itirmiş insanlar məğrurdurlar, mərddirlər. Hər biri vətən qayğısı, vətən, torpaq eşqi ilə yaşayır. Bu, xalqımızın nə qədər yüksək mənəviyyata malik olduğunu göstərir. Xocalıların bu yüksək keyfiyyətləri bütün Azərbaycan xalqının mənəvi keyfiyyətlərini əks etdirir. Xocalı faciəsinin acı nəticələrini hamı bilməli və daim yadda qalmalıdır.Sonra A.Qocayev ölkə başçısı İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın düşmən tapdağından azad olunacağına əminliyini bildirərək, hamını Prezidentin ətrafında sıx birləşməyə çağırdı.
Tədbirdə çıxış edən Xocalı şəhər icra hakimiyyətinin ictimai-siyasi şöbəsinin müdiri Nadir Rəşidov bildirdi ki, bu qanlı hadisədən soyuqqanlıqla danışmaq qeyri-mümkündür. Cinayətkar erməni hərbi birləşmələrinin vəhşiliyi nəticəsində 613 nəfər şəhid, 487 nəfər şikəst olmuş, 1275 nəfər dinc sakin - qocalar, uşaqlar, qadınlar əsir götürülərək ağlasığmaz erməni zülmünə, təhqirlərə və həqarətlərə məruz qalmışlar. 150 nəfərin taleyi hələ də məlum deyil. Bu cinayətdə 56 nəfər xüsusi qəddarlıqla və amansızlıqla qətlə yetirilmişdir.N.Rəşidov bu dəhşətləri gözü ilə görən insanın faciəni heç vaxt unuda bilməyəcəyini deyərək, doğma yurdumuza qarşı törədilən bu qanlı hadisəni gənc nəsillərə ötürülməsini, hər birimizin qan yaddaşı olmasını vurğuladı.
Tədbirdə daha sonra Xocalı şəhər sakini, yazıçı İmarət Cəmilli və Xocalıdan olan şəhid ailəsi, "Xocalı soyqırımını unutma" İctimai Birliyinin Binəqədi rayon şöbəsinin sədri Ayna Novruzova çıxış etdilər. Bildirildi ki, Xocalı faciəsi təkcə xocalıların yox, bütün Azərbaycan xalqının dərdi, qəmidir. Çünki həlak olmuş hər bir soydaşımız öz ailəsi ilə bərabər Azərbaycanın övladıdır və bu, Azərbaycan xalqının matəmidir.Bu matəm təkcə Azərbaycanda deyil, bütün türk dünyasında, həm diaspor, həm qeyri-hökumət təşkilatları tərəfindən, eyni zamanda, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın "Xocalıya ədalət" kampaniyası çərçivəsində dünya dövlətlərində anılır.
Tədbirin sonunda rayon məktəbləri arasında keçirilmiş "Xocalı fəryadı" mövzusunda inşa müsabiqəsinin qaliblərinə diplomlar təqdim olundu.
ZÜMRÜD