PDF Oxu

Sosial

  • 8

Azərbaycan Ordusu növbəti genişmiqyaslı hərbi təlimlər keçirib

Azərbaycan Ordusu növbəti genişmiqyaslı hərbi təlimlər keçirib

Ölkə başçısının bu il yanvarın 21-də Goranboy rayonuna səfəri çərçivəsində təmas xəttindəki "N" hərbi hissəsinə baş çəkməsi, əsgər və zabitlərlə birgə çay süfrəsi arxasında görüşərək ordumuzun bugünkü vəziyyəti haqqında yüksək fikirdə olduğunu bildirməsi Silahlı Qüvvələrimizin şəxsi heyətini bu gün də yeni döyüş uğurlarına ruhlandırır. Təsadüfi deyil ki, hərbi qulluqçuların sosial müdafiəsinin, xidmət və yaşayış səviyyəsinin daha da yaxşılaşdırılmasını, ordunun maddi-texniki bazasının gücləndirilməsini prioritet məsələ kimi dəyərləndirən Silahlı Qüvvələrin Ali Baş Komandanı xidmətdə fərqlənən bir qrup hərbçini medal və qiymətli hədiyyələrlə təltif edərkən demişdir: " Siz bu təltiflərə layiqsiniz. Xidmətdə biliklərinizi, peşəkarlığınızı, Vətənə sədaqətinizi göstərmisiniz və bu ağır, çətin şəraitdə düşmənlə üzbəüz, ön cəbhədə, təmas xəttində xidmət göstərirsiniz".

Görüş zamanı müdafiə naziri, general-polkovnik Səfər Əbiyev dövlətimizin başçısına cəbhənin təmas xəttindəki mövcud durumla bağlı ətraflı məlumat verərək bildirmişdir ki, cəbhə xəttində vəziyyət tam nəzarət altındadır. İndi təmas xəttində yerləşən hərbi birləşmələrin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində mühüm addımlar atılır. Yeni silah və sursatlarla təchizat nəticəsində Azərbaycan Ordusu düşmənlə mübarizədə daha ciddi nəticələrə nail olur. Silahlı Qüvvələrin döyüş qabiliyyətini, texniki təchizatını, zabit kadrlarının hazırlıq səviyyəsini, əsgərlərin mənəvi-psixoloji durumunu bu nəticənin əldə olunmasında mühüm rol oynayan amil kimi dəyərləndirən müdafiə naziri hərbi hissələrin komplektləşdirilmə tərzinin və keyfiyyətinin də yüksək səviyyədə olduğunu xüsusi qeyd etmişdir:"Əsas komanda-qərargah vəzifələrinin peşəkar, ali hərbi təhsilli, mənəvi, fiziki və psixoloji cəhətdən hazırlıqlı, döyüş təcrübəsi toplamış zabitlərlə komplektləşdirilməsi ardıcıl şəkildə həyata keçirilir. Silahlı Qüvvələrin Ali Baş Komandanının təmas xəttində yerləşən bölgələrimizə mütəmadi səfərləri və əsgərlərimizlə keçirdiyi görüşlər isə onları Vətəni qorumağa, işğal altındakı torpaqlarımızı azad etmək üçün hər zaman savaşa qalxmağa ruhlandırır".

Bu mənada, son hərbi təlimlər ordumuzun hazırkı durumu ilə yaxından tanış olmaq baxımından xüsusi əhəmiyyət daşıyır. Ümumiyyətlə, Silahlı Qüvvələrin döyüş hazırlığının artırılması istiqamətində ən mühüm yeri, heç şübhəsiz, komanda-qərargah təlimləri tutur. Ordunun döyüş qabiliyyətinin daim möhkəmləndirilməsi ilə bağlı, demək olar ki, hər tədris ilində birlik və birləşmələrdə keçirilən 70-dək müxtəlif xarakterli hərbi təlimləri cari tədris ili ərzində qazanılmış nailiyyətləri saf-çürük etmək, döyüş hazırlığının artırılması istiqamətində həyata keçirilən tədbirlərə yekun qiymət vermək baxımından son dərəcə önəmlidir.

Müxtəlif qoşun birləşmələrinin cəlb edildiyi bu təlimlərdə ən müasir tələblərə cavab verən simulyator və kompyuter şəbəkələrindən, hərbi arsenalımızı zənginləşdirən müasir texnika və silahlardan intensiv şəkildə istifadə olunması, o cümlədən, qeydə alınan ümumi nəticələr bir daha onu sübut edir ki, bu gün ordumuzun döyüş hazırlığının artırılması ilə bağlı ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin verdiyi bütün əmr və tapşırıqlar Müdafiə Nazirliyi rəhbərliyi tərəfindən daim diqqət mərkəzində saxlanılır və yüksək səviyyədə icra olunur.

Xəbər verildiyi kimi, müdafiə nazirinin təsdiq etdiyi döyüş hazırlığı planına əsasən bu günlərdə Azərbaycan Ordusunun bölmələri tərəfindən cəbhə bölgəsində növbəti genişmiqyaslı hərbi təlimlər keçirilmişdir. Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Səfər Əbiyevin komandanlığı altında reallaşdırılan hərbi təlimlərə quru qoşunları və Hərbi-Hava Qüvvələri ilə yanaşı, ordumuzun müxtəlif qoşun növlərinin şəxsi heyəti də cəlb olunmuşdur. Təlim zamanı əsas məqsəd son illər Azərbaycan ordusunun əldə etdiyi ən müasir texnika və silahlardan istifadə olunmaqla şəxsi heyətin döyüş hazırlığını və mənəvi-psixoloji səviyyəsini yoxlamaq, qoşunların birgə fəaliyyətinin planlaşdırılması və praktiki olaraq, həyata keçirilməsini reallaşdırmaq olmuşdur.

Təlimin bütün mərhələlərində hərbçilərimiz bu dəfə də qarşıya qoyulmuş döyüş tapşırıqlarını yüksək səviyyədə yerinə yetirmiş, öz üzərlərinə düşən vəzifələrin icrasında peşəkarlıq sərgiləmişlər. Ordumuzun taktiki döyüş tətbiqini əhatə edən bu genişmiqyaslı təlimdə yüksək standartlara cavab verən və kifayət qədər böyük döyüş qabiliyyətinə malik hərbi texnikaların, modern radiolakasiya stansiyalarının, avtomatlaşdırılmış komanda məntəqəsinə malik zenit-raket bölmələrinin, kompyuter və multimedia avadanlığı ilə təmin olunmuş mobil komanda-qərargah və rabitə kunqlarının cəlb olunması, xüsusilə, şəxsi heyətin yüksək mənəvi-psixoloji durumu ordumuzun döyüş hazırlığında yeni keyfiyyət göstəricilərini üzə çıxarmaqla yanaşı, peşəkar hərbi kadrların hazırlığı işində də ciddi irəliləyişlərin əldə olunduğunu nümayiş etdirmişdir.

İbrahim RÜSTƏMOV,

mayor,

əməkdar jurnalist

Digər xəbərlər