PDF Oxu

Sosial

  • 8

Heydər Əliyev Fondunun dəstəyi ilə Xocalı soyqırımının 20-ci ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirilib

Heydər Əliyev Fondunun dəstəyi ilə Xocalı soyqırımının 20-ci ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirilib

Heydər Əliyev Fondunun dəstəyi ilə Xocalı faciəsinin 20-ci ildönümü bu il dünyanın 100-dən artıq nöqtəsində qeyd olub. Soyqırımına həsr olunmuş silsilə tədbirlər fondun təmin etdiyi təbliğat materialları əsasında səfirlik, konsulluq, diplomatik nümayəndəliklər və diaspor təşkilatlarının xətti ilə reallaşıb.

Qeyd edək ki, mərasimlərdə fondun hazırladığı "Xocalı soyqırımı" filmi, ermənilərin törətdikləri vəhşilikləri əks etdirən fotoşəkillər və müxtəlif illərdə xarici ölkələrin nüfuzlu nəşrlərində faciə haqqında dərc olunmuş materiallar təqdim edilib. Tədbirlər çərçivəsində, həmçinin, Heydər Əliyev Fondu tərəfindən ümumtəhsil məktəbləri və uşaq evlərində keçirilmiş "Xocalı uşaqların gözü ilə" mövzusunda rəsm müsabiqəsinin seçmələrindən ibarət ekspozisiyalar da nümayiş etdirilib. Dünya ictimaiyyətinə Xocalı faciəsi barədə obyektiv və düzgün informasiya çatdırmağa, ictimai rəyi formalaşdırmağa yönələn belə tədbirlərə müxtəlif qurumların, diplomatik korpusların nümayəndələri, şəhər sakinləri, eləcə də, xarici KİV təmsilçiləri də dəvət olunublar.


SARAYEVO


Bosniya və Herseqovinanın paytaxtı Sarayevo şəhərində yenidən qurulan "Dostluq parkı"nın və Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidənin açılışı Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələrdən önəmlisidir. Açılış mərasimində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak edib.

Açılış mərasimində Bosniya və Herseqovinanın rəsmi şəxsləri, ictimai-siyasi xadimləri, mədəniyyət işçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Heydər Əliyev Fondunun vitse-prezidenti, "Xocalıya ədalət" kampaniyasının təşəbbüskarı Leyla Əliyeva Bosniya və Herseqovinada 1992-1995-ci illər müharibəsinin və 1992-ci ilin fevralında Azərbaycanın Xocalı şəhərində törədilmiş soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidə kompleksinin açılışında iştirak edib. Heykəltəraş Natiq Əliyevin müəllifi olduğu abidə iki dərdli ananın - yaşlı və cavan qadının obrazını əks etdirir. "Xocalıya ədalət" kampaniyası çərçivəsində Heydər Əliyev Fondunun təşəbbüsü, Azərbaycanın maliyyə dəstəyi, Sarayevonun Novi Qrad bələdiyyəsi və Azərbaycanın Bosniya və Herseqovinadakı diplomatik nümayəndəliyinin dəstəyi ilə reallaşan bu layihə Xocalı soyqırımının 20-ci ildönümü ərəfəsində faciənin əsil mahiyyəti ilə bağlı həqiqətlərin təbliğinə xidmət edən mühüm hadisədir.

Mərasimdə çıxış edən Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü B.İzetbeqoviç xalqlarımızın tarixi münasibətlərindən danışıb. Hər iki ölkədə paytaxt şəhərlərinin adlarına küçələrin olduğunu diqqətə çatdıran B.İzetbeqoviç bildirib ki, Leyla Əliyevanın bu təşəbbüsü dostluq əlaqələrini daha da gücləndirəcək: "Bu abidə Azərbaycan ilə Bosniya və Herseqovinanın ağır günlərinin rəmzidir", - deyən B.İzetbeqoviç Heydər Əliyev Fondunun Bosniya və Herseqovinada gördüyü işləri yüksək qiymətləndirib və öz xalqı adından Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkürünü bildirib.

Mərasimdə çıxış edən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Bosniya və Herseqovinanın rəhbərliyinə, o cümlədən, Azərbaycan xalqının kədərini bölüşən bu ölkənin xalqına minnətdarlığını bildirib. Leyla Əliyeva 20 il əvvəl ermənilərin Xocalıda törətdikləri soyqırımı nəticəsində 613 dinc sakinin qətlə yetirildiyini diqqətə çatdırıb.

"Heydər Əliyev Fondu və "Xocalıya ədalət" kampaniyası Xocalı həqiqətlərini dünya ictimaiyyətinə çatdırmağı qarşısına məqsəd qoyub, - deyən Leyla xanım Əliyeva bildirib ki, hazırda bu kampaniya 50 ölkədə keçirilir və onun nəticəsi olaraq İslam Əməkdaşlıq Təşkilatının Parlament İttifaqı Xocalıda törədilmiş vəhşilikləri soyqırımı kimi tanıyıb. Bundan əlavə, Xocalı dəhşətləri Meksika və Pakistan parlamentləri tərəfindən də soyqırımı kimi qəbul olunub.

Gələcək əməkdaşlığın müzakirə olunduğu görüşdə Heydər Əliyev Fondunun Bosniya və Herseqovinada həyata keçirdiyi humanitar layihələrin əhəmiyyəti xüsusi qeyd edilib.

Leyla Əliyeva kampaniya çərçivəsində Xocalı soyqırımına dair kitab, buklet, disklərin hazırlandığını, dünyanın hər yerində müxtəlif tədbirlərin həyata keçirildiyini bildirib: "Bu gün etdiklərimizin heç biri Xocalı soyqırımının yaralarını sağalda bilməz. Bizim edə biləcəyimiz yalnız həmin dəhşətli tarixi yad etmək və qətliam zamanı öldürülən və ya ömürlük əlil olan uşaq, qadın və kişiləri unutmamaqdır".

Qeyd edək ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə "Xocalıya ədalət" adlı mühüm bir kampaniyanın başlanması olduqca əhəmiyyətlidir. Sevindirici haldır ki, dünyanın hər yerində gənclər fəal surətdə bu kampaniyaya qoşulurlar. Meksika və Pakistan parlamentləri bu yaxınlarda Xocalı faciəsini soyqırımı aktı kimi tanımışlar. Rusiya Dövlət Dumasında ermənilərin qondarma soyqırımı məsələsinə dair iki dəfə qərar qəbul edilmişdir.


UKRAYNA


Xocalı soyqırımının 20-ci ildönümü ilə bağlı "Xocalıya ədalət!" beynəlxalq kampaniyası çərçivəsində Ukraynanın müxtəlif vilayət və şəhərlərində silsilə tədbirlər keçirilib. Ukrayna Azərbaycanlı Gənclər Birliyinin təşəbbüsü ilə BMT-nin və ATƏT-in Kiyevdəki nümayəndəliklərinin qarşısında etiraz aksiyası təşkil olunub. Tədbirin iştirakçıları erməni qəsbkarlarının tarix boyu Azərbaycan xalqına qarşı törətdikləri işğalçılıq və soyqırımı siyasətinə görə cavab verməli olduqları, XX əsrin ən qanlı cinayətlərindən olan Xocalı soyqırımının dünya birliyi tərəfindən tanınması ilə bağlı şüarlar səsləndiriblər.

Kiyevin mərkəzindən BMT-nin və ATƏT-in Ukraynadakı nümayəndəliklərinin yerləşdiyi əraziyədək yürüş edən bu ölkədə yaşayan azərbaycanlı gənclər və Ukrayna Azərbaycanlıları Konqresinin fəalları soyqırımından 20 il ötməsinə baxmayaraq, ermənilərin Xocalıda törətdikləri bəşəri cinayətə hüquqi-siyasi qiymət verməyən beynəlxalq təşkilatları ikili standartlardan əl çəkməyə çağırıblar. Həmvətənlərimiz BMT-dən və ATƏT-dən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli və Xocalı soyqırımı ilə bağlı ədalətli qərarın qəbul olunmasını tələb ediblər.


STRASBURQ


Heydər Əliyev Fondunun dəstəyi ilə Strasburqda, Xocalı soyqırımının 20-ci ildönümünə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Azərbaycan və türk diaspor təşkilatlarının, Türkiyənin və GUAM ölkələrinin AŞ yanında daimi nümayəndələrinin, Türkiyənin bu şəhərdəki baş konsulunun, Strasburq Universitetinin ziyalılarının, yerli və xarici qonaqların, eləcə də, Strasburqda yaşayan soydaşlarımız iştirak ediblər. Mərasimdə daimi nümayəndəliyin rəhbəri, səfir Arif Məmmədov ermənilərin xalqımıza qarşı törətdikləri soyqırımı, insanlıq tarixinin ən dəhşətli cinayətlərindən biri olan Xocalı faciəsinin əsil mahiyyəti barədə danışıb, Heydər Əliyev Fondunun Azərbaycan həqiqətləri, o cümlədən, Xocalı faciəsi barədə dünya və Avropa ictimaiyyətinə ətraflı və düzgün məlumat vermək sahəsində apardığı işləri diqqətə çatdırıb. A.Məmmədov qeyd edib ki, fevralın 24-də Elzas regionunun əsas mətbu orqanı olan "Dernisres Nouvelles d’Alsace" ("Elzasın son xəbərləri") qəzetində Azərbaycanla bağlı, o cümlədən, Xocalı soyqırımından bəhs edən məqalələrin işıq üzü görməsi təcavüzkar ermənilərin əsil simaları barədə beynəlxalq ictimaiyyətin, o cümlədən, fransız xalqının məlumatlandırılması baxımından mühüm əhəmiyyət daşıyır. O, faciənin dünya ölkələri tərəfindən soyqırımı kimi tanınması istiqamətində səyləri artırmağın vacibliyini diqqətə çatdırmışdır.

Prezident Administrasiyasının sektor müdiri Qafar Əliyev Azərbaycan hökumətinin bu məsələni daima gündəmdə saxladığını, beynəlxalq ictimaiyyət tərəfindən bu hadisələrə düzgün və obyektiv qiymət verilməsi istiqamətində ciddi iş apardığını bildirib. O, Azərbaycan və türk diaspor təşkilatlarının bu sahədə birgə fəaliyyətinin vacibliyini qeyd etmiş və bu gün Azərbaycanın əsas məsələsinin torpaqlarımızın işğaldan azad edilməsi və ərazi bütövlüyümüzün bərpası olduğunu söyləyib.

Azərbaycanlılar və digər Türkdilli Xalqların Əməkdaşlığı Mərkəzinin sədri İlham İsmayılov, Milli QHT Forumunun sədri Rauf Zeyni və başqaları çıxışlarında Xocalı soyqırımında əli olanların indiyədək cəzasız qalmalarına toxunmuş və faciəni törədənlərin məsuliyyətə cəlb edilməsi istiqamətində konkret addımların atılması vaxtının çatdığını bildiriblər. Onlar Azərbaycan həqiqətlərinin təbliğində xaricdə təhsil alan azərbaycanlı tələbələrin önəmli rol oynaya biləcəklərini diqqətə çatdırıblar.


TÜRKİYƏ


Heydər Əliyev Fondunun Türkiyə təmsilçiliyi Bursa şəhərində Xocalı soyqırımının 20-ci ildönümü ilə bağlı izdihamlı yürüş keçirib. Fevralın 25-də Bursanın mərkəzi meydanında keçirilən yürüşdə Bursa sakinləri, azərbaycanlı tələbələr və şəhərin qonaqları iştirak ediblər. Yürüş iştirakçıları əllərində Azərbaycan və Türkiyənin dövlət bayraqları tutub, "Hamımız xocalılıyıq" şüarları səsləndiriblər. Şəhərin qeyri-hökumət təşkilatları mərkəzi prospektlərdən birinə "Xocalı" adı verilməsi haqqında bələdiyyəyə müraciəti də dilə gətiriblər. Bursa yürüşü Heydər Əliyev Fondunun Türkiyə təmsilçiliyinin Atatürkün abidəsi önündə oxunan mətbuat açıqlaması ilə başa çatıbdır. Bursa sakinləri meydanda qurulmuş və Xocalı soyqırımı dəhşətlərini əks etdirən stendlərlə də tanış olublar. Tədbirdə "Xocalıya ədalət!" kampaniyası çərçivəsində imzalar da toplanılıb.


ZÜMRÜD

Digər xəbərlər