PDF Oxu

Sosial

  • 12

Amerika Tədqiqat İnstitutu Ermənistandakı sosial durumla bağlı şok açıqlama yaydı

Amerika Tədqiqat İnstitutu Ermənistandakı sosial durumla bağlı şok açıqlama yaydı

İqtisadi böhran içində boğulan Ermənistan artıq hər gün yeni-yeni problemlərlə üzləşməkdədir. Bu faktı təsdiqləyən Amerikanın "Gallup" Tədqiqat İnstitutu Ermənistandakı sosial problemlərlə bağlı sosioloji sorğu keçirib. Sorğunun nəticələri göstərib ki, işğalçı ölkədə yüz minlərlə vətəndaş ölkədən qaçmağa hazırlaşır. Yaranmış bu durum Ermənistanda doğumun sayına daha çox təsir edib. Belə ki, əgər 20 il əvvəl ölkədə 80 min uşaq doğulurdusa, indi bu rəqəm 40 minə enib. Tədqiqatlar göstərib ki, əvvəllər Rusiya, Birləşmiş Ştatlar və digər ölkələrə köçənlər qohumlarına pul göndərirdilərsə, indi bu yardım xeyli azalıb. 2011-ci il ermənilərin 20 illik müstəqillik tarixində ən ağır il oldu.


12 uşaqdan 6-sı yoxsulluq həddindən də aşağı səviyyədə yaşayır


Amerikanın "Gallup" Tədqiqat İnstitutunun 2011-ci ilin yekunlarına dair hesabatına görə isə, bu ölkənin üç əsas problemindən heç biri öz həllini tapmayıb. Belə ki, hakimiyyəti zəbt edənlər bu gün quldurluq yolu ilə o qədər varlanıblar ki, dövlət onlardan qorxur. Həmçinin, xarici siyasətdə də heç bir irəliləyiş olmayıb. Azərbaycan BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçildiyi halda, Ermənistan bu təşkilatda müzakirəyə heç bir məsələ çıxara bilmir.

Ermənistanın iqtisadiyyatı isə olduqca ağır vəziyyətdədir. Əhalinin 42 faizi yoxsulluq həddindən də aşağı səviyyədə yaşayır. Bu isə 1 milyon 300 min nəfər deməkdir. Nəzərə alsaq ki, məhz bu qədər də adam ölkəni tərk edib, onda ölkə əhalisinin hamısının yoxsulluq həddindən aşağı səviyyədə yaşadığı aydın olur. Ermənistanın verdiyi statistikaya görə, uşaqların 40 faizi (hər 10 uşaqdan 4-ü) yoxsulluq içində yaşayır. Hakimiyyət nümayəndələri öz bizneslərini inkişaf etdirməyi üstün tutaraq, ölkədə yaranmış vəziyyətlə bağlı düşünmək belə istəmirlər.


Əhalinin ümumi yoxsulluq göstəricisi 42 faiz təşkil edir


Ermənistandakı uşaqların 3,7 faizi yoxsulluq həddindən aşağı səviyyədə yaşayır, ümumilikdə isə, əhalinin ümumi yoxsulluq göstəricisi elə 42 faiz təşkil edir. Panorama.am saytının verdiyi məlumata görə, bu barədə Ermənistanın Əmək və Sosial Məsələlər Naziriliyinin Sosial dəstək idarəsinin sədri Astqik Minasyan uşaq hüquqlarının müdafiəsinə həsr edilmiş parlament müzakirələrində bildirib.

"Səs" qəzetinə açıqlama verən Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu məsələ ilə bağlı fikirlərini açıqlayaraq, Ermənistanın artıq bir ölkə kimi məhvə doğru getdiyini söylədi: "Ermənistan bahaçılıq və səfillik dövrünü yaşayır. Bu faktdır. Yoxsulluğa yönələn bu siyasi taktika, artıq Ermənistanı uçuruma aparır. Quldur dövlət kimi fəaliyyət göstərən rəsmi Yerevan siyasi baxımdan heç nəyə qadir deyil. Təkcə Rusiyada 900 min Ermənistan vətəndaşı ailəsini dolandırmaq, acından ölməmək üçün çalışır. Bir neçə yüz min erməni isə Gürcüstan və Türkiyədə işləməklə ailəsini yaşatmağa çalışır. Ermənistanda insanların çörək almağa pulu yoxdur. Göründüyü kimi, yoxsulluq artıq milli təhlükəsizlik məsələsinə çevrilib. Həyatlarına könüllü son qoyanların tam əksəriyyəti isə 30-65 yaşlı işsizlərdir. Beləliklə, aşkar görünür ki, yoxsulluq Ermənistanda artıq milli təhlükəsizliyi hədələyən məsələyə çevrilib".

M.Əhmədoğlu ölkənin ağır durumu ilə bağlı yayılan məlumatları təkzib etməyə çalışan Serj Sarkisyan hakimiyyətinin iqtisadi hesablamalar qarşısında özünü itirdiyini də bildirdi: "Hökumət korrupsiyanın iqtisadiyyata vurduğu zərbələrin acı nəticələrini anlamağa başlayıb. Bu günlərdə işğalçı ölkənin Mərkəzi Bankının keçmiş sədri Baqrat Asatryanın mətbuata verdiyi açıqlamasına görə, istehlaka daxil olan məhsullarının qiymətinin 8,1 faiz artması öz-özlüyündə normal hal deyil. Xüsusilə də, ölkədə yerli mallar daha çox bahalaşıb. Cari ilin sonuna qədər bu proses təcavüzkar Ermənistan üçün uğurlu olmayacaq və iqtisadi tənəzzül ölkədə iqtidarda olan hakimiyyət klanı daxilində baş verən parçalanmaya, çoxsaylı istefalara və əvəzetmələrə, ümumilikdə, dərin sosial-siyasi xaos əlamətlərinin meydana çıxmasına gətirib çıxaracaq".


Aytən Səmədova

Digər xəbərlər