Artıq dövlət müstəqilliyinin bərpasının şərəfli 20-ci ildönümünü arxada qoyan Azərbaycan Respublikasında sosial-iqtisadi modernləşməyə əsaslanmaqla yüksək əzmkarlıqla və yaradıcılıqla həyata keçirilən inkişaf strategiyası bütün sahələrdə səmərəli və uğurlu nəticələrini göstərir. Azərbaycan Prezidenti İlham Əliyevin yeni və müasir dövrümüzün tələblərinə uyğun, zamanın nəbzini tutmaqla reallaşdıraraq həyata keçirdiyi düşünülmüş, sürətli və davamlı inkişaf strategiyasının nəticəsi olaraq, ölkəmiz artıq iqtisadi sahədə yaşanmış keçid dövrünü geridə qoyub. Bu gün özünün uzunmüddətli inkişaf strategiyasının istiqamətlərini müəyyən edən Azərbaycan dünya miqyasında iqtisadi artım sürətinə görə ön sıralarda gedərək islahatçı ölkə kimi tanınır, qəbul edilir.
Bu reallıq həm də regional siyasətin uğur tendensiyalarından irəli gələn əhəmiyyətli amillərdəndir. Sirr deyil ki, regional inkişaf siyasəti həm də dövlətin sosial-iqtisadi inkişaf siyasətinin mühüm tərkib hissəsidir. Bu baxımdan regionlarda mövcud infrastrukturun inkişafı və yenidən qurulması, məşğulluğun təmin edilməsi, yeni zavod və müəssisələrin fəaliyyətə başlaması, kənd təsərrüfatına göstərilən qayğı, sahibkarlıq fəaliyyətinə və fermerlərə dövlət tərəfindən verilən dəstək, respublikada aparılan siyasi, iqtisadi və hüquqi islahatların bariz nümunəsidir. Və bütün bunlar aktual əhəmiyyət daşıyır, regionların sosial-iqtisadi perspektivləri, kənd təsərrüfatı kimi mühüm sahənin inkişafı və əhalinin işgüzarlıq fəaliyyətinin artırılmasına maliyyə dəstəyinin verilməsi istiqamətində dövlətin rolu elmi araşdırmalar tələb edir. Bundan irəli gələrək bizim təhlil predmetimizin də məqsədi regionlarda əhalinin sosial həyat səviyyəsinin yaxşılaşdırılmasına, aqrar sahədə səmərəliliyin yüksəldilməsi istiqamətlərini və sahibkarlıq subyektlərinin inkişafına dövlət müdaxiləsinin əhəmiyyətini göstərmək təşkil edir.
Ölkəmizdə son illərdə aparılan daha uğurlu və mükəmməl siyasət həm də Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin istiqamətləndirdiyi regional siyasətinin mühüm tərkib hissəsi olaraq çıxış edir. Qəbul edilən dövlət proqramları, imzalanan əhəmiyyətli sərəncamlar həmin əhəmiyyəti bariz şəkildə nümayiş etdirir. Belə ki, 2004-cü il 11 fevral tarixli "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)" nəticəsində regionlarda infrastrukturun bərpası və inkişafı, yeni iş yerlərinin açılması, əhalinin kommunal xidmətlərlə, o cümlədən, elektrik enerjisi, qaz və su ilə təchizatının yaxşılaşdırılması, səhiyyə və təhsil müəssisələrinin tikintisi, əhalinin sosial vəziyyətinin daha da yaxşılaşdırılması istiqamətində mühüm əhəmiyyətli tədbirlər həyata keçirilmiş, bu sahəyə irihəcmli dövlət investisiyaları yönəldilmişdir.
Başlanmış işlərin davamı olaraq Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 14 aprel 2009-cu ildə təsdiq olunmuş "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" regionların mövcud potensialından daha səmərəli istifadə etməklə yerlərdə sənaye sahələrinin və kənd təsərrüfatının inkişafını sürətləndirmək, bu işdə sahibkarlara dəstək olmaq, əhalinin yaşayış səviyyəsini yaxşılaşdırmaqla yoxsulluq probleminin həllinə nail olmaq kimi məsələləri nəzərdə tutur. Təbii ki, həmin proqramlar davamlı olaraq qəbul edilir və burada görülən işlərin icrası daha da təkmilləşdirilir.
Eyni zamanda, Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 4 may tarixli Sərəncamı ilə "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı" təsdiq edilmişdir. Qəbul edilmiş Proqramın məqsədi paytaxt Bakı şəhərində və onun ətraf qəsəbələrində müasir tipli elektrik stansiyalarının, yolların, kommunikasiya xətlərinin və digər infrastruktur obyektlərinin inşası, yenidən qurulması, qazla təmin edilməyən qəsəbələrinin qaz təchizatının bərpası, mövcud istilik məntəqələrinin bərpası, su və kanalizasiya sistemlərinin bərpası, özəl sektorda ixracın stimullaşdırılması və təşviqi, sahibkarlara kömək göstərilməsi, aqrar sektora xidmət edəcək və bazar prinsipləri əsasında fəaliyyət göstərəcək yeni strukturlara dəstək verilməsi, ekoloji vəziyyətin yaxşılaşdırılması kimi tədbirlərin həyata keçirilməsidir.
Həmçinin, xüsusi ilə xatırlatmaq mümkündür ki, ötən 2001-ci ildə Avropa Yayım İttifaqı tərəfindən təşkil olunan ən yaxşı mahnı üzrə televiziya müsabiqəsi Azərbaycan Respublikası təmsilçilərinin parlaq qələbəsi ilə başa çatmışdır. Məhz bu baxımdan da müsabiqənin qaydalarına əsasən, qalib ölkə növbəti ildə yarışmanı keçirmək hüququnu qazanır. Həmin məqsədə Prezident İlham Əliyev Bakı şəhərində "Eurovision-2012" Mahnı Müsabiqəsinin layiqincə keçirilməsini təmin etmək məqsədi ilə 19 may 2011-ci il tarixində növbəti Sərəncam imzalamışdır. Heç şübhəsiz ki, bu istiqamətdə bütün potensial imkanlardan istifadə olunaraq standartlara cavab verən yeni infrastruktur layihələr uğurla həyata keçirilməkdədir. Və təbii ki, bütün bu əhəmiyyətli önəm daşıyan faktorlar, bir daha onu deməyə əsas verir ki, məhz həmin əldə edilmiş uğurların nəticəsidir ki, bu gün Azərbaycanda gerçəkləşdirilən nəhəng, qlobal xarakter alan infrastruktur layihələri, eləcə də, Azərbaycanın regional inkişafına əhəmiyyətli təkan verir.
İnfrastruktur layihələri ölkəmizi əhatə
etməklə yanaşı,
beynəlxalq regional xarakter almışdır
Dövlət başçısı İlham Əliyevin praqmatik və elmi əsaslarla yürütdüyü sosial-iqtisadi strategiya nəticəsində cəmiyyətin ümumi potensialının milli məqsədlər naminə səfərbər olunması inkişaf prosesində yüksək dinamizmi və məqsədyönlülüyü təmin edir. Sosial infrastrukturun yenidən qurulması, milli iqtisadiyyatın neft amilindən asılılığının qeyri-neft sektorunun tərəqqisi hesabına aradan qaldırılması üçün görülən kompleks tədbirlər bütün çərçivələr əsasında ölkəmizin uğurlarını şərtləndirir. Həyata keçirilərək reallaşdırılan məqsədyönlü iqtisadi siyasət hesabına yoxsulluğun maksimum şəkildə azaldılması, ərzaq təhlükəsizliyinin təmin edilməsi ilə bağlı mühüm uğurlar əldə edilir. Onu da vurğulamaq olar ki, bu gün ölkədə dövlət investisiya siyasətinin əsas istiqamətini investisiya axınının qeyri-neft sektorunun və regionların inkişafına yönəldilməsinin stimullaşdırılması, regionlar arasında investisiyaların bölüşdürülməsinin optimallaşdırılması, ölkədə investisiya fəaliyyətinin sosial istiqamətinin gücləndirilməsi, insan kapitalına, infrastruktura qoyulan investisiyalar prioritetliyi təşkil etmişdir.
Yuxarıda qeyd etdiyimiz kimi, infrastruktur layihələri respublikamızın bütün bölgələrini və regionlarını əhatə etməklə yanaşı, genişmiqyaslı xarakter almışdır. Belə ki, mühüm nəqliyyat və kommunikasiya layihələri Azərbaycanla bərabər, digər qonşu dövlətlərin də ərazisini əhatə edir ki, bu da bölgədə çox nəhəng beynəlxalq infrastruktur şəbəkəsinin yaradılması deməkdir. Qədim İpək Yolunun modernləşdirilməsi, Rusiya və İran istiqamətində tranzit marşrutlarının dünya səviyyəsində yenidən qurulması, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin çəkilişinin sürətləndirilməsi çoxşaxəli regional infrastruktur sisteminin yaradılmasının əyani və bariz təzahürüdür.
Əhəmiyyətli dövlət proqramları
Artıq qlobal xarakter almış nəhəng infrastruktur layihələri həm də iqtisadiyyatın diversifikasiyasına, tarazlı regional və davamlı sosial-iqtisadi inkişafa, əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılmasına xidmət edən amil kimi dəyərləndirilir. Onu da qeyd edək ki, özündə bu məqsədi ehtiva edən dövlət proqramlarının qəbul olunması və onların uğurlu icrası xüsusi önəm kəsb edir. Dövlət Proqramı çərçivəsində regonal səviyyədə yeni infrastruktur obyektlərinin tikintisi və bərpası, əhalinin kommunal xidmətlərlə, o cümlədən, elektrik enerjisi, qaz və su ilə təchizatının yaxşılaşdırılması, səhiyyə və təhsil müəssisələrinin tikintisi, əhalinin sosial vəziyyətinin daha da yaxşılaşdırılması istiqamətində mühüm tədbirlər həyata keçirilmişdir.
Məhz ölkə başçısı cənab İlham Əliyevin dediyi kimi, bu dövlət proqramının nəticəsi Azərbaycanda bütün infrastrukturun regional və dünya səviyyəsinə çatmasına, Avropa Birliyinin meyarlarına bərabər olmasına şərait yaradacaqdır. Bu nöqteyi-nəzərdən Dövlət Proqramında ölkə iqtisadiyyatının bütün sahələri və regionlar üzrə bu vaxta qədər həll olunmamış bütün məsələlərin, o cümlədən, bütün bölgələrdə hər bir kəndin konkret problemlərinin, əhalini narahat edən məsələlərin əks olunması prioritet və vacib əhəmiyyət daşıyan vəzifə kimi qarşıya qoyulmuşdur.
Ali təcəssümün bariz nümunəsi
Yeni sosial-iqtisadi inkişaf mərhələsində olan ölkəmizdə iqtisadiyyatın dinamik inkişafı ilə əhalinin həyat səviyyəsinin daha da yüksəldilməsi sahəsində dövlətin məqsədyönlü siyasətinə uyğun olaraq dövlət proqramlarında bütün regionlarla yanaşı, həmçinin ölkə paytaxtında da mövcud potensialdan daha səmərəli istifadə kommunal xidmət və digər infrastruktur obyektlərinin, yeni istehsal və emal müəssisələrinin yaradılması, mövcud müəssisələrdə istehsal fəaliyyətinin genişləndirilməsi, rabitə və informasiya texnologiyalarının tətbiqinin sürətləndirilməsi, sosial infrastrukturun yaxşılaşdırılması, o cümlədən, müasir standartlara uyğun təhsil, elm, səhiyyə, mədəniyyət və idman obyektlərinin inşası, yenidən qurulması, əlillər və şəhid ailələri üçün yaşayış binalarının tikintisi üzrə kompleks tədbirlər nəzərdə tutulmuşdur.
Sonda nəticə olaraq, bir məqamı da vurğulamaq mümkündür ki, bu gün Prezident İlham Əliyev tərəfindən aparılan uğurlu və məqsədyönlü siyasət bütövlükdə olaraq Azərbaycan xalqının daha da yaxşı yaşamasına istiqamətləndirilmiş əhəmiyyətli addım kimi dəyərləndirilməkdədir. Azərbaycan xalqının daha da yaxşı yaşamasına, ölkədə rifah halının daha mükəmməl konsepsiyalara söykənməsinə istiqamətləndirilmiş uğurlu siyasət tendensiyası, təbii ki, Azərbaycanın regional qüdrətinə stimul verən faktorlardandır. Bu yöndə planlaşdırılaraq həyata keçirilən nəhəng regional layihələrin davamlı xarakter alması nəinki regional inkişafa, eləcə də, ölkəmizin bütövlükdə beynəlxalq aləmdə lider olmasına şərait yaradan ali təcəssümdür.
FƏTULLA HƏSƏNOV
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün verilir