Bəli, Azərbaycan mədəni müxtəlifliyin zəruriliyi haqqında müzakirələrin getdiyi indiki dövrdə dünyaya özünün milli və dini tolerantlıq təcrübəsini təklif edir. Azərbaycan qədim dini və milli tolerantlıq ənənələrinə malikdir. Müxtəlif millətlərin və dinlərin nümayəndələri həmişə burada bir ailə kimi yaşayıb və dövlətin bərabər müdafiəsindən istifadə ediblər. Azərbaycanın bu sahədə təcrübəsi öyrənilməlidir, çünki bu, nadir təcrübədir.
Artıq bütün zamanlarda sübut olunub ki, Azərbaycanda dini və milli mənsubiyyətindən asılı olmayaraq, bütün insanlar normal cəmiyyət qura bilərlər. Azərbaycan müxtəlif mədəniyyətlərin və dinlərin nümayəndələrinin mədəni şəkildə bir yerdə yaşamasının təmin olunması istiqamətində nadir təcrübəyə malikdir.
Bir məsələni də qeyd etmək yerinə düşər ki, Azərbaycan əhalisinin tərkibinin həm etnik, həm dini, həm də məzhəb baxımından zəngindir. Çoxsaylı etnosların Azərbaycanda yaşamasına və etnik tərkibin müxtəlif olmasına baxmayaraq, minilliklər boyu heç bir milli azlıq buradan başqa bir əraziyə köçürülməyib, hər bir etnos milli və dini kimliyini qoruyub saxlayıb. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ölkəmizdəki dini dözümlülük, ümumiyyətlə, tolerantlıq mühiti daha da möhkəmlənib, Ümummilli Lider Heydər Əliyevin dövlət-din siyasətinə uyğun olaraq tolerantlıq bu sahədə dövlət həyatının prioritet istiqamətinə çevrilib.
Azərbaycanda islam dini ilə bağlı tarixi abidələr, məscid və ziyarətgahlarla bərabər, xristian və iudaizm məbədlərinin tikintisi və bərpası bütün dünyaya nümunə göstəriləcək həqiqətdir. Bu sahədə YUNESKO və İSESKO-nun sülhməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun ardıcıl və təqdirəlayiq fəaliyyətinin xüsusi rolu var. Milli-mənəvi dəyərlərimizin qorunmasına, tarixi-mədəni abidələrimizin bərpasına böyük önəm verən fondun bir sıra məscid və ziyarətgahları bərpa və təmir etməklə yanaşı, xristian və yəhudi abidələrinin bərpasına xüsusi diqqət yetirməsi təqdirəlayiq haldır.
Azərbaycan çox mürəkkəb bir coğrafi məkanda yerləşir. Regionda siyasi, eyni zamanda, dini və milli mənsubluq baxımından kifayət qədər həssaslıq var. Lakin bütün bu məsələlərə rəğmən Azərbaycan dini və milli tolerantlıq baxımından bölgə dövlətləri arasında liderlik edir. Əlbəttə, bu münasibət, inzibati metodlar hesabına formalaşdırılmayıb və formalaşdırılması da mümkün deyil. Çünki tolerantlıq hər kəsin fərqli ifadə tərzinə hörmətlə, ziddiyyət təşkil etsə belə, onun fikirlərinə dözümlü yanaşmaqdır. Bu isə Azərbaycanın milli-mədəni, mənəvi dəyərləri, tarixi ənənələri və bütövlükdə, türk millətinin xarakteri ilə bağlı olan məsələdir. Uzağa getməyək, bədnam qonşumuz olan Ermənistanda dini münasibətlər heç bir normalara, çərçivələrə sığmır. Bu ölkədə yalnız kilsələr fəaliyyət göstərir, qalan dinlərə məxsus ibadət yerləri isə yalnız formal olaraq mövcuddur. Ötən əsrin 90-cı illərinə qədər minarəsindən azan səsi eşidilən Şah Abbas məscidindən indi əsər-əlamət yoxdur. 1606-cı ildə inşa edilən məscidə xalq Şah Abbas məscidi adını verib. Göy Məscid, Zal xan məscidi, Abbas Mirzə məscidi, Qala məscidi, Şəhər məscidi, Novruz Əli məscidi, Günlüklü məscid, Gümbəzli məscid, Hüseynəli məscidi, Hacı bəy məscidi və Qanlı təpə, Üç təpə, Qızıl təpə məscidlərinin yalnız adlarının qalması Ermənistan adlanan ölkənin dinə münasibətindən xəbər verir.
Dini və etnik münasibət: dünya ölkələrində
Dünyanın müxtəlif bölgələrindən dini və milli zəmində baş verən hadisələr barədə, demək olar ki, hər gün yeni və dəhşətli xəbərlər alınır. Hətta inkişaf etmiş Avropa ölkələrində dini və etnik zəmində qarşıdurmaların baş verdiyi barədə informasiyalar alınmaqdadır. Fransada miqrantlarla, hətta dini mənsubiyyəti olmayan qaraçılarla yerlilər arasında münasibətlər gərginləşib, İspaniyada fərqli təriqətlərə mənsub basklarla ispanlar, Böyük Britaniyada katoliklərlə protestantlar, Almaniyada türklərlə və digər xalqların nümayəndələri ilə yerlilərin ölüm-dirim mübarizəsi bu ölkələrin hələ də tolerantlıq məsələlərində problemlərin yaşandığını demək olar. Avropada yaşayan mühacirlərə heç də xoş münasibət bəslənilmir, onlar ya ən ağır işlərə cəlb olunur, ya da deportasiya edilirlər. Azərbaycanda isə əcnəbilərə münasibət tamamilə fərqlidir.
Bakıda və ölkəmizin regionlarında dünyanın müxtəlif guşələrindən Azərbaycana pənah gətirmiş digər millətlərin nümayəndələri çox rahat şəkildə ticarətlə məşğul olur. Təbii ki, onlar Azərbaycan dövlətinin qanun-qaydalarına tabe olmalıdır. Ancaq onlara istər vətəndaşlar, istərsə də rəsmi strukturlar tərəfindən dini və milli bağlılıqlarına görə hər hansı bir mənfi münasibət göstərilmir. Əksinə, onlara və onların problemlərinə həssaslıqla yanaşılır.
Amma Azərbaycanın qonşularında bu münasibət heç də ürəkaçan deyil. Rusiyada bu gün skinxedlərin başqa millət və dinlərdən olan insanlara qarşı necə rəftar etdiklərinin həm qulaq, həm də göz şahidiyik. Şimal qonşumuzun şəhərlərində, hətta hüquq-mühafizə orqanları əməkdaşlarının gözü önündə qafqazlılara, digər millət və dindən olan insanlara sırf milli və dini zəmində basqınlar olur, onlar döyülür, təhqir edilir və hətta öldürülür. Rusiyanın rəsmi qurumları isə sanki bu hadisə olmamış kimi davranırlar. Cənub qonşumuz İranda da dini və milli azadlıqlar baxımından vəziyyət ürəkaçan deyil.
Ermənistanda isə tolerantlıqdan danışmağa dəyməz. Bu millətin qanında şovonistlik, dini və etnik dözümsüzlük tarixən mövcud olub. Azərbaycan torpaqlarını xarici havadarlarının bilavasitə iştirakı ilə işğal edərək, bunu dünyaya sübut ediblər. Bu gün Ermənistan adlandırılan tarixi Azərbaycan torpaqlarında bir nəfər də azərbaycanlı qalmayıb. Ermənistan tarixdə misli görünməmiş müharibə qanunlarını tətbiq etməklə özünün faşist rejimindən üstün olduğunu sübuta yetirib. İbtidai icma dövründən qalma vəhşi qanunları özünün az qala konstitusiyasına salan erməni dövləti işğal etdiyi ərazilərdə uşaq, qoca, qadın və hətta 80-100 yaşında hərəkəti məhdud olan insanlara qarşı barbar münasibət göstərməklə, Dağlıq Qarabağda insanlığa sığışmayan cinayətlərə yol verməklə bu qondarma ölkədə tolerantlığın üstündən birdəfəlik xətt çəkib. Gürcüstanda son illərdə bu sahədə vəziyyət bir qədər yaxşılaşsa da, orada Azərbaycanda olduğu qədər tolerantlıq yoxdur. Region ölkələri ilə müqayisə etdikdə, Azərbaycanın tolerantlıq baxımından, doğrudan da, bir model dövlət olduğuna şübhə qalmır.
Avropa və Amerikada islam dini və Məhəmməd Peyğəmbər (ə.s.) təhqir olunarkən, əksər müsəlman dövlətlərində məsələyə münasibət kəskinliyi ilə yadda qaldı, arzuolunmaz hadisələr baş verdi, adekvat addımlar atıldı. Lakin Azərbaycan cəmiyyəti, eyni zamanda, dini qurumlar nümunə olacaq bir tolerantlıq nümayiş etdirdilər. Bu cür arzuolunmaz hallara radikal şəkildə deyil, elmi, savadlı cavablar verildi. Dini dözümsüzlük nümayiş etdirən avropalılardan fərqli olaraq vətəndaşlarımız əllərində gül kilsə və sinaqoqların qarşısına getdilər, fərqli dinlərin təmsilçiləri ilə söhbət etdilər. Bu fərqli dinə dözümsüz münasibət göstərən avropalılara bir örnək idi...
Azərbaycanda din dövlətdən rəsmən ayrıdır. Lakin Azərbaycan Respublikası Konstitusiyasının 48-ci maddəsinə əsasən, hər kəsin vicdan azadlığı vardır. Hər kəsin dinə münasibətini müstəqil müəyyənləşdirmək, hər hansı dinə təkbaşına və ya başqaları ilə birlikdə etiqad etmək, yaxud heç bir dinə etiqad etməmək, dinə münasibəti ilə bağlı əqidəsini ifadə etmək və yaymaq hüququ vardır. Heç kəs öz dini etiqadını və əqidəsini ifadə etməyə (nümayiş etdirməyə), dini mərasimləri yerinə yetirməyə və ya dini mərasimlərdə iştirak etməyə məcbur edilə bilməz.
Bu tarixi ənənənin qorunub saxlanılmasında dövlətin də rolu çox böyükdür. Əlbəttə ki, dini və milli tolerantlıq həm də insan hüquq və azadlıqlarının, demokratiyanın təməl prinsiplərindəndir. Bu baxımdan, dövlət tolerantlığın daha da inkişaf etməsində maraqlı olmaya bilməz. Eyni zamanda, Azərbaycanda tolerantlığın formalaşmasında dini icmaların fəaliyyəti də danılmazdır.
Azərbaycan təkcə neft yox, tolerantlıq ənənələri ixrac edir
Azərbaycanda tarixən tolerantlıq ənənələrinin olması və bu gün də davam etdirilməsi istər beynəlxalq təşkilatlar səviyyəsində, istərsə də dünyanın nüfuzlu din xadimləri, din mərkəzləri səviyyəsində təsdiqini tapmış faktdır. Bu, hər kəs tərəfindən etiraf edilmiş bir həqiqətdir. Azərbaycan 1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra dünyanın nüfuzlu din xadimləri dəfələrlə ölkəmizə səfər ediblər. Roma Papasından tutmuş Rus Pravoslav Kilsəsinin rəhbərinə, Konstantinopol patriarxına qədər hər bir nüfuzlu din xadimi Bakını, burada insanlara münasibəti gördükdən sonra bir həqiqəti söyləyiblər. Deyiblər ki, Azərbaycan təkcə neft ixrac etmir, o, elə Qərbin özünə tolerantlıq ənənələri ixrac edəcək bir ölkə ola bilər. Bu, bizim özümüzün dediyimiz bir söz deyil, bunu Azərbaycanla tanış olan hər bir şəxs deyir. Hətta BMT, ATƏT rəsmiləri və Azərbaycan üzrə məruzəçilər dəfələrlə etiraf ediblər ki, Azərbaycanda tolerantlığın böyük bir tarixi ənənələri var.
Bəzən biz hansısa beynəlxalq təşkilatların hesabatlarında Azərbaycanla bağlı tənqidlər eşidirik. Çox sevindiricidir ki, bütün hesabatlarda Azərbaycanda tolerantlıq olduğu xüsusi vurğulanır və bundan məmnunluq duyulduğu qeyd edilir.
Milli Məclisin yəhudi əsilli deputatı Yevda Abramov: "Doğrudan da, tolerantlığın bir Azərbaycan modeli var. Bu, tamamilə doğru deyilən bir fikirdir. Mən yəhudi etnosundanam. Yəhudilərə münasibətdən, onların yaşamından deyə bilərəm ki, Azərbaycan dövləti qədər nə MDB məkanında, nə də bütövlükdə, dünya miqyasında tolerantlıq nümunəsi ola biləcək dövlət yoxdur. Fransa kimi dünyanın beşiyi sayılan bir ölkədə isə yəhudi qəbiristanlığı, sinaqoqları dəfələrlə təhqir olunub. Azərbaycanda belə hadisələrə heç zaman rast gəlinməyib. Gözümü açıb Qubada, Bakıda kilsə görmüşəm. Dünyada yəhudilərin kompakt yaşadığı iki yer var, biri Yerusəlim, biri də Quba. Qubada avropalılara, hətta Avropa Şurasının prezidentinə 150 metr məsafədə məscid, kilsə və sinaqoqun yanaşı yerləşdiyini göstərəndə, heyrətləniblər. Hansı ölkədə belə tolerantlıq var?
Bir sözlə, Azərbaycandakı tolerantlığın digər dövlətlər, hətta Avropa ölkələri üçün örnək olduğu artıq tarixi faktlarla sübuta yetirilib. Azərbaycanda tarixən formalaşmış və bu ərazidə yaşayan insanların xarakterik xüsusiyyətinə çevrilmiş tolerantlıq ənənələri bu gün də inkişaf etdirilir.
Vəli VƏLİYEV,
SİA-nın icraçı direktoru
Qeyd: Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün hazırlanıb