Ölkəmizdə nüfuzlu "Eurovision" yarışmasına möhtəşəm hazırlıqların aparıldığı bir zamanda içi özümüzdən, çölü özgəsindən olan xəyanətkar qüvvələr əllərində olan bütün rəzil vasitələrdən istifadə edərək, bu önəmli hadisəyə kölgə salmağa cəhdlər göstərirlər. Qərbin bəzi ermənipərəst siyasi dairələrinin və düşmən Ermənistanın mənafelərinə cavab verən addımların atılması arxasında bu gün kimlərin adları hallanmır ki? "Hüquq müdafiəçisi" Leyla Yunusun, radikal müxalifətdə təmsil olunan partiya sədrlərinin, eləcə də, AXCP (i) sədri Əli Kərimlinin, Müsavat başqanı İsa Qəmbərin, onlara məxsus olan "Azadlıq" və "Yeni Müsavat" qəzetlərinin bu çərçivədə adları daha çox nəzərə çarpmaqda davam edir.
Lakin burada blogger donu altında fəaliyyət göstərən daha bir nəfərin də adı mövcuddur ki, onun bu istiqamətdə aldığı sifarişlərdən bilavasitə Ermənistan mətbuatında istifadə edilir. Yəni bu gün Ermənistan mətbuatı "Azadlıq" və "Yeni Müsavat" qəzetləri ilə yanaşı, ucuz pulla əldə etdikləri bloggerlərin də "əməyindən" maksimum istifadə edirlər.
Əlbəttə ki, faktlar bununla da sona çatmır. Əldə etdiyimiz başqa məlumatlara görə hazırda İran mətbuatına da "Eurovision"la bağlı qərəzli fikirlər, şantaj və böhtanlar səsləndirilməkdədir. Demək olar ki, hər gün bu kimi informasiyalar əldə edən İran mətbuatı və xəbər saytları Azərbaycan həqiqətlərini öz təbirlərincə qaralamağa cəhd göstərir və həmin cəhdlərlə radikal müxalifət informasiyaları arasında heç bir fərq hiss olunmur. Əldə edilən informasiya isə ondan ibarətdir ki, E.Milli antimilli mövqe sərgiləyərək, yalan və böhtan xarakterli xəbərləri İran mətbuatına ötürür. İran mətbuatı isə, öz növbəsində, E.Milli tərəfindən ötürülən xəbərlərə "xüsusi rəng" qataraq, anti-Azərbaycan fəaliyyətini daha da genişləndirmiş olur.
Başqa tərəfdən, sirr deyil ki, bu gün İranla Ermənistan arasından, təəssüflər olsun ki, su keçmir. Və burada informasiya mübadilələrinin də rolu az deyil. Yəni E.Milli tərəfindən İrana ötürülən hər bir böhtan dolu dezinformasiyalar, sonradan Ermənistana da göndərilir. Və burada baş verən mühüm hadisələr cəfəngiyyatlarla əvəz olunur.
Təbii ki, artıq dəfələrlə sübuta yetirilmişdir ki, Ermənistan mətbuatı Azərbaycanın radikal müxalifət mətbuatına istinadlar edir və bunu gizlətmir. Məhz həmin səbəblərdən də öz antimilli fəaliyyətini ört-basdır etmək istəyən E.Milli bu dəfə başqa variantdan - İran amilindən istifadə edib. Daha dəqiq desək, qərəzli informasiyaları İrana ötürməklə, onların həmin ölkə ərazisindən Ermənistana da göndəriləcəyini zənn edib və zənnində yanılmayıb. Ancaq E.Milli bir zənnində yanılıb: bu da, onun "azərbaycanlı" olmasıdır ki, həmin zənn onu aldadıb. Çünki onun göstərdiyi proerməni, yaxud da proiran blogger fəaliyyəti heç də erməni, yaxud da fars bloggerlərindən fərqlənmir. Yəni E.Milli ya erməni, ya da ki, farsdır. Hər halda, bu barədə də düşünməyin zamanıdır.
R.RƏSULOV